Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Bəyənmədiyimiz Kaşuk və digərləri

Bəyənmədiyimiz Kaşuk və digərləri

Təkcə mən deyiləm hər halda Aleksey Kaşukun “Qarabağ”dakı performansından narazı olan. Ukraynalıya yönələn haqlı tənqidlər çoxdur. Onun xarakteri ilə bağlı da ortalama azarkeşdən artığını bildiyim üçün xüsusilə “əsəbi” idim ona. Amma “Tvente”yə məğlub olmağımızdakı kritik məqamlardan birində, Bakıda hesab hələ 1:0 olarkən say üstünlüyü ilə çıxdığımız əks-hücumu heyf edəndən sonra ümumiyyətlə, “silmişəm” onu.

Lakin…

Sən demə, Ukrayna yığmasının rəhbərliyi bizim görmədiyimiz nəyisə görür və onu noyabrdakı oyunların heyətinə salıblar. Bu, Azərbaycan çempionatı və “Qarabağ” üçün möhtəşəm bir nəticədir. FİFA reytiniqinin 33-cüsü olan yığmaya çempionatımızdan oyunçu getməsi.

Amma…

Bu, rekord deyil. Təxminən bir ay öncəki Millətlər Liqası oyunları üçün Polşa yığmasına dəvət alan Timoteuş Puxaç rekordun sahibidir: 31-ci yer. Bu, daha da möhtəşəmdir. Və üstəlik, “Sabah”ın müdafiəçisi oyunlardan birini 90 dəqiqə meydanda keçirdi və yaxşı reytinq aldı. Artıq Polşada Puxaçın qayıdışı haqqında danışırlar.

Bosniya və Herseqovina yığmasının heyətində 4 oyunun 3-ünü meydanda keçirən və ikisini “quru” tamamlayan Martin Zlomisliç, Monteneqro yığmasının onurğası sayılan Marko Yankoviç və başqaları…

Bunlar artıq FİFA reytinqində bizimlə qonşu olan və adını çətinliklə tələffüz etdiyimiz Afrika və ya Orta Amerika yığmaları deyil. Bunlar hörmətli və AÇ-yə, DÇ-yə düşməyə iddiası olan və ya elə son turnirə yollanan yığmalardır. Birmənalı şəkildə deyə bilərəm ki, belə kütləvilik indiyə qədər olmayıb. “Qarabağ” özü haqqında danışmağa vadar etdiyi ilk illərdə belə.

Bu nə deməkdir? Bu o deməkdir ki, artıq Azərbaycan çempionatına hörmət edirlər? İstəyən bunu belə də düşünə bilər. Amma məncə, özünü aldatmaq yerinə, bu gerçəyi görmək daha faydalı və doğrudur: Bu, “Qarabağ” və “Sabah”ın özünü Avropada sübut etməsinin nəticəsidir.

Adətən insanlar öz məhəlləsindəki hansısa Arifin (ad şərtidir) fintləri və zərbələrindən təsirlənir və peşəkar futbolçuların oyunda buraxdıqları səhvləri də görərək elə bilirlər ki, imkan versələr, Arif gedib yığmada yaxşı oynaya bilərdi. Amma bu belə deyil. Azərbaycanın 2-ci Liqasında tozu dumana qatıb qolları sıralayan oyunçu belə, 1-ci Liqa oyununda yoxa çıxa bilər. Hər səviyyənin öz testi var və futbolçular sadəcə, uyğun səviyyənin testini keçəndə beynəlxalq mühitdə nəzərləri cəlb edə bilirlər.

Bu gün “Neftçi” Azərbaycan çempionatında “Sabah” və “Qarabağ” ilə başabaş görünür. Amma gerçəkliyi gələn mövsüm Avropada çıxış edərkən anlayacağıq.

Bu nə deməkdir? Bu o deməkdir ki, futbolda ancaq peşəkar idarəetmə və davamlı inkişafla irəliləmək olar və hətta lazımdır. Pillə-pillə yüksəlmək və bütün testləri bir-bir keçib elit səviyəyə qalxmaq lazımdır.

“Neftçi”si, “Turan Tovuz”u, “Zirə”si və digərləri futbola “Sabah” və “Qarabağ”ın göstərdiyi peşəkar yanaşmanı sərgiləsə, o zaman qazanan ümumi futbolumuz və azarkeşlər olar.

Bu arada, Puxaçın rekordunu “Sabah”da “hoqqa verən” komanda yoldaşı, onunla əks cinahda qərarlaşan Akim Zedadka qıra bilər. Rəsmi olmayan xəbərlərə görə, onu da Əlcəzair yığmasının noyabrdakı Afrika Millətlər Liqası oyunları üçün çağırıblar və şimali afrikalılar hazırda reytinqdə 28-ci pillədə qərarlaşıblar.

“Широко шагает Азербайджан!”

Fikirlərini bizimlə bölüş!