Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Balalarımızın canı cəhənnəmə…

Balalarımızın canı cəhənnəmə…

Bu dəfə bizim üçün Xorvatiyada çalınan həyəcan siqnalının səsi Norveçə qədər gedib.

Amma biz ayılmaq istəmirik.

"Qarabağ"ın, "Sabah"ın ÇL-də olmasına "urraa" deyib sevinmək yox, papağı qarşımıza qoyub ciddi-ciddi düşünməyimiz lazımdır.

Bu gün “Sabah”ın U-19 komandası “Vikinq”ə 0:5, “Qarabağ”ın U-19-u isə Zaqreb “Dinamo”suna 0:7 hesabı ilə uduzub.

Rəqəmlər onsuz da hər şeyi deyir.

Daha acınacaqlısı odur ki, “Sabah” 40-cı dəqiqədə 0:4, “Qarabağ” isə ilk hissədə 0:5 hesabı ilə geriyə düşüb.

Deməli, rəqiblər istəsəydilər hesabı daha da böyüdə bilərdilər.

Yaxşı ki, həm "Vikinq", həm də "Dinamo" ikinci hissəni yola verib.

"Sabah"ın gəncləri arxada qalan 4 görüşdə qapısında 15 qol görərək məğlub olub. Xal qazanmaq bir yana, hələ bir dəfə imkan tapıb qola sevinə bilməmişik.

Ötən mövsüm "Qarabağ"ın eyni yaş qrupu ÇL-dəki 6 görüşün hamısında məğlub olmuşdu. 1 qola sevinən gənclərimiz qapısında nə az, nə çox 30 qol görmüşdü.

Dünənimiz, bu günümüz hamıya məlumdur, deyəsən, sabahımız bu günümüzdən də qara gəlir…

Əsas odur axşam Pokatilov topu oyuna başlasın, Solvet davam etdirsin, Lepiniça hücuma daşısın, Puxaç əla ötürmə versin, Mikels də fərqlənsin.

Biz də ayaq üstə alqışlayaq.

Əsas budur.

Normal qidalanması, meydançası, topu, şəraiti olmayan, təbii otu 19 yaşında görən balalarımızın canı cəhənnəmə…

Fikirlərini bizimlə bölüş!