Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Balığın başdan iylənməsi

Getdim çıxdım düz Gürcüstan elinə,
Elləri var, bizim elə bənzəməz!

Məktəbli olanda bu misraları bir hekayədən oxumuşdum. Həmin hekayədə nəql olunurdu ki, repressiya illərində bu şeiri yazanı da, onu əzbərləyəni də Sibirə sürgün edirmişlər. Deyirmişlər ki, necə yəni, Gürcüstan da xoşbəxt sovet respublikasıdı, Azərbaycan da, onların elləri bir-birindən fərqli ola bilməz. 50 il keçib, ya 100 il. Dəyişən təkcə zamandı.

İndi də Gürcüstanla bir-birinə zidd olan tərəflərimiz yetərincə çoxdu. Adam hərdən onlara həsəd aparır. "Qırmızı körpü"dən o taya səyahət edən dostlarımız Tiflisdə, Batumidə olan səliqə-səhmandan, ucuzluqdan, polisin rüşvət almamasından ağızdolu danışır. Heç futbolumuz da gürcülərinkinə bənzəmir. Bir neçə gündü mətbuatda oxuyuruq. Tezliklə Gürcüstan pasportunun sahibləri Avropanın "Şengen zonası"na daxil olan ölkələrə vizasız gedib-gələcəklər. Bir Qafqaz ölkəsi üçün böyük uğurdu. Biz isə Fransaya, yaxud Almaniyaya səfər etmək üçün az qala evimizi girov qoyur, rəhmətə getmiş bütün yaxınlarımızın tərcümeyi-halını səfirliklərə təqdim edib, onların rəhminə ümid bəsləyirik. Çox ciddi fərqdi. Avropalılar belə bizim ellərin gürcü ellərinə bənzəmədiyinin fərqindədi.

Əmin ola bilərsiz ki, Gürcüstanda Elxan Məmmədov tipli adamı, futboldan xəbərsiz, top oyununa şəxsi biznesi kimi baxan birini futbol qurumuna baş katib – bir nömrəli icraçı və nəzarətçi qoymazlar. Tez-tez eşidirik ki, futbolumuza cavabdeh AFFA-nın prezidenti Rövnəq Abdullayevdi, baş katib yox. Amma faktlar və gerçəkliklər başqadı, dostlar. Cənab Abdullayevin mikrofonlar önündəki çıxışını hamımız gördük. Ölkənin neft siyasətinin əhəmiyyətli fiqurlarından olan, strateji bir sahənin cavabdehi Azərbaycan futbolunun dərinliklərindən xəbərsizdi. Təsadüfi deyil ki, həmişə olduğu kimi, bu dəfə də AFFA prezidenti faktları təhrif etdi, reqlamentdən xəbərsiz olduğunu göstərdi. Hətta cümlələrindən birinin sonunda üzünü baş katibə çevirdi, ondan təsdiq gözləyirmiş kimi "Elxan müəllim də deyər" sözlərini işlətdi. Çox incə və vacib məqamlardı. Bəlkə də elə bu laqeydliyin, qeyri-adi idarəçilik formasının fəsadlarıdı ki, son illər büdcəsi 20-30 milyon aralığında dövr edən AFFA ölkə futbolunu nəinki inkişaf etdirə bilməyib, əksinə, bu qurum ona sağalmaz yaralar vurub, futbolumuz halsız və infeksion xəstəliyə tutulmuş qocalar kimi gözümüzün önündə can verir.

Elləri bizim elə bənzəməyən Gürcüstanın millisi İspaniyanı məğlub etdi. Biz isə "cırtdan" Andorranın qapısına yol tapa bilmədik, Makedoniyanın 3 silləsinə dözməli olduq. Bahalı Avstriya toplanışından tək təsəllimiz Vaqif Sadıqovun gələcəyə ümidlə baxmaq üçün ciddi əsaslar tapması oldu. Gürcüstanda heç Vaqif Sadıqov kimi karyerasında öyünüləsi heç bir nailiyyəti olmayan, fəal məşqçilik həyatı ancaq uğursuzluqlarla yadda qalan birini saya al-mazlar, onun fikirlərinə əhəmiyyət verməzlər. Biz isə Sadıqov üçün ayrıca qurum yaratmışıq, ona gülməli və çürük açıqlamalara müəlliflik etmək üçün aylıq maaş da verirlər.

Gürcülərin Berti Foqtsu olmayıb. Onlar bizim kimi qoca almana milyonlar xərcləməyib. Onların heç Prosineçkisi də yoxdu. Gürcülər Prosineçkiyə yeyib-içib çəkisini artırmaq üçün ayda bir ətək pul ödəyəcək qədər səxavətli deyillər. Əvəzində onların İspaniyanı, Şotlandiyanı məğlub edəcək milliləri var. Gürcülərin dünyanın dörd bir yanına səpələnmiş mütəxəssisləri, legioner futbolçuları var.

Gözümüzün önündə inkişaf edən qonşularımızın çempionatında 16 komanda çıxış edir. Araşdırma aparsaq, heç birinin büdcəsi nəinki "Qarabağ"ın, heç tarixinin ən uğursuz mövsümünü keçirən "Neftçi"nin büdcəsinə belə çatmaz. Onlar necə lisenziya alır, necə futbolçularına maaş verir, ildə 15 dəfə səfər oyunlarına hansı pulla yollanır, təbii ot örtüklü stadionları necə sulayır, otbiçən traktorun yanacağını hardan tapırlar? Sizi əmin edirəm, bu sualların heç birinə AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov cavab verə bilməz. Nəinki o, heç baş katib Elxan Məmmədovun belə gürcülərin təcrübəsini öyrənməyə, onu Azərbaycana tətbiq etməyə həvəsi yoxdu.

Ürəyi Azərbaycan futbolu ilə döyünən azarkeşlərin yuxusu ərşə çəkilib. Amma onların heç vecinə də deyil. 90 min kvadrat kilometrə yaxın ərazisi, 9 milyondan çox əhalisi olan ölkənin futbol çempionatında çıxış etməyə hazır cəmi 8 komanda var. Onların da üçü bilavasitə AFFA-nın nəzarətindədi. Ölkə futboluna rəhbərlik edənlər uzaqgörən olmalı, zamanında bütün bunları proqnozlaşdırmalıydılar.

AFFA-nın məsuliyyəti təkcə yığmalara əcnəbi məşqçilər gətirmək, "milliləşdirməyə" futbolçu axtarmaq, bahalı təlim-məşq toplanışları təşkil etmək, təsadüfi qələbələri şişirdib fantastik mükafatlar paylamaqla bitməməliydi. Neft pullarının şirinliyi hamını bihuş etmişdi. Sərxoşluqdan qəfil ayılıblar və İcraiyyə Komitəsinin iclasını bir həftədə iki dəfə keçirirlər. Baxın, görün həmin komitədə futbolun dərdindən anlayan, konkret çıxış yolu göstərəcək, düzgün inkişaf konsepsiyası olan neçə nəfər var? Gözləməyin, düzəlməyəcək.

Fikirlərini bizimlə bölüş!