Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Baş katibdən daha bir badalaq

Robert Prosineçkinin necə adam olduğunu bilmirəm. Dostluq etməmişik, çörək kəsməmişik, heç birlikdə balıq tutmağa da getməmişik. Amma insani keyfiyyətlər baxımından Berti Foqtsu üstələdiyinə əminəm. Kişi necə lazımdısa, çempionat oyunlarını izləyir, özünü yuxarıdan aparmır və mümkün qədər səmimi olmağa çalışır. Berti müəllimin quru və qıcıqlandırıcı davranışından, gülünc və əsassız açıqlamalarından təngə gələnlər Prosineçkinin sələfindən nə ilə fərqləndiyini özü üçün çoxdan müəyyənləşdirib. Bu başqa məsələ ki, yığmaya humanist və səmimi yox, bacarıqlı çalışdırıcı lazımdı. Xorvatın bu mənada nəyə yaradığını görmək imkanımız isə hələ çox olacaq.

Çempionatın autsayderlərinin son turdakı görüşünə də canlı baxmağı özünə borc bilən mütəxəssisin potensial yığma üzvlərinin çıxışını izləmək həvəsi böyük söz-söhbətə səbəb oldu. Daha doğrusu, millinin çalışdırıcısının oyuna baxacağını eşidən “yuxarılar”ın “Sumqayıt”a verdiyi tapşırıq aranı qatdı.

Hamı bilir ki, “gənclik şəhəri” təmsilçisi AFFA-nın “övladı”dı və bu klubun siyasəti assosiasiyadakı məmurların istəyinə uyğun formalaşdırılıb. Xərclənən milyonlar fonunda yerində sayan, hətta son vaxtlar daha bərbad vəziyyətə düşən yığmanın mənafeyi naminə yerlilərə üstünlük verən klubun hədəfləri haqda danışmaq başqa söhbətin mövzusudu. Prosineçkiyə görə start heyətini dəyişdirmək isə sadəcə, qeyri-peşəkarlıq nümunəsidi. Yayılan xəbərin gerçək olduğuna şübhə etməyə dəyməz.

Həmin matçda ehtiyatda qalan yarımmüdafiəçi Təvəkkül Məmmədov həqiqətin üzə çıxmasına verdiyi açıqlamayla yardımçı olub. Əlavə şərhə isə ehtiyac yoxdu. Baş məşqçi Aqil Məmmədovun olayı “malalamaq” cəhdini də normal hal sayıram. Kimlərsə Aqil bəyi qınaq obyektinə çevirə, onu öncədən meydana çıxmayacağı planlaş-dırılan gənc Orxan Əliyevi “11-lik”də yerləşdirdiyi üçün qınaya bilər. Amma Azərbaycan reallığını nəzərə alsaq, Məmmədov bu hadisəyə görə qınanası bəlkə də sonuncu adamdı. “Sumqayıt”ın çalışdırıcısının oynatdığı futbol göz qabağındadı. Məncə, məhz bu məşqçinin var-lığı autsayderə yönələn tənqidləri qismən neytrallaşdırır.

Hə, mövzudan çox uzaqlaşmayaq. Məlum məsələdi ki, Kamran Quliyevi klub prezidenti postuna AFFA-nın baş katibi Elxan Məmmədov gətirib. Quliyevin “vəzir”in bir sözünü iki etmək hüququ isə yoxdu. Məsələnin xırdalıqlarından xəbərsizəm. Bu üzdən baş katibin Kamran bəyə nə vaxt zəng vurduğunu, telefon danışığı zamanı nə tələb etdiyini də bilmirəm. Ola bilsin, heç zəng də vurmayıb, qısa məzmunlu mesajla kifayətlənib. Həmçinin başqa variantlar da var. Reallıq isə birdi: tapşırıq AFFA-dan gəlib, vəssalam.

Maraqlıdı ki, başda Elxan bəyin özü olmaqla, futbolun dünənində adı olmayan məmurlar və klub prezidentləri premyer-liqanın səviyyəsinin aşağı düşməsindən yaman şikayətlənir. Son müsahibələrinin birində “futbolumuzun əsas problemi çempionatdı” deyən baş katibdən soruşuram: niyə klubları qeyri-peşəkarlığa sürükləyirsiz? “Premyer-liqa ölüb” fikrini ictimaiyyətə daha qabarıq şəkildə çatdırmaq üçün? Tapşırıqla heyət dəyişdirilirsə, “Sumqa-yıt” udmalı olduğu matçda “yuxarılar”ın sifarişini yerinə yetirmək məcburiyyətində qaldı-ğına görə xal itirirsə, nəticədə bir oyuna “barmaq etmiş” olursuz, deyilmi?

Rəqabətin aşağı düşməsinin səbəbkarı sizsiz və sizin komandanızda olan ütülü oğlanlardı, başqa heç kim! Klubları “təhkimli kəndli”yə çevirməklə premyer-liqanı çökdürmək ideyası da işğal planının tərkib hissəsidi.

P.S. Növbəti turda Cihan Özkara “Simurq”un start heyətində görünsə, “niyə” sualı ətrafında düşünməyin.

Fikirlərini bizimlə bölüş!