Başımıza düşən daş

Başımıza düşən daş

Azərbaycanın U-19 millisinin Monteneqrodan olan həmyaşıdları ilə Avropa çempionatının seçmə mərhələ oyununu “online” izləyirdim. İlk hissədə hesab artıq 6:1 idi. Təbii ki, monteneqrolu uşaqların xeyrinə…

Bir hissədə Avropa futbolunda sıradan komanda yerinə qoyulan Monteneqrodan 6 qol buraxmaq üçün bu idman növünə Yerdən Mars planetinə olduğu qədər uzaq bir məsafədə olmalısan.

Yaşı səninlə eyni olan (təbii ki, bizimkilərin arasında “lipa” yoxdursa), sənin kimi iki ayağı, iki əli, iki gözü olanlara bir hissədə 6 dəfə qol vurmaq sevinci yaşadırsansa, sən gələcəyin taksi sürücüsüsən, restoranlarda, şadlıq evlərində çalışan ofisiantısan, qabağına bir sürü qoyun, əlinə də bir çomaq verilməli olan gələcəyin çobanısan. Sən bəlkə də, gələcəyin prokurorusan, Milli Məclisdə deputatısan, nazirisən, amma gələcəyin futbolçusu deyilsən. Azərbaycan futboluna səninlə gələcək gələcəyin başına çoxdan daş düşüb…

Daş hamımızın başına düşüb. Yolu Azərbaycan futbolunun içindən, hətta kandarından keçən hər kəsin başına. Kimisi o daşı başından götürüb AFFA-ya tərəf atır, kimisi “futboldakı bu qədər rəzilliyin, rəzalətin, istedadsızlığın, bacarıqsızlığın, nəticəsizliyin, qısırlığın səbəbi təkcə bir təşkilat – AFFA ola bilməz” deyir, daşı daha uzaqlara atır…

Səbəblər milyon dənə olsa da, fakt bircə dənədir: Biz bu futbol işində bacarmırıq. Bəzən zibillikdə belə, bir dənə də olsa, çiçək açır. Azərbaycan futbolu zibillik qədər də olmadı, ortaya Avropa səviyyəsində bir futbolçu çıxara bilmədi ki, bilmədi…

Azərbaycanın U-19 millisi son nəticədə Monteneqroya 2:7 hesabı ilə uduzdu. Eyni gündə Avropa çempionatının seçmə mərhələsində səfərdə Almaniya yığması ilə qarşılaşan U-17 millimiz isə rəqibindən 7 cavabsız qol yeyib.

Fikirlərini bizimlə bölüş!

E-poçt ünvanınız yayımlanmayacaq. * işarəli sahələr mütləqdir.