Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Berdiyev və Dambrauskas nümunəsi

Berdiyev və Dambrauskas nümunəsi

Çempion Tovuzda yıxıldı

“Sabah” ilk məğlubiyyətini Tovuzda aldı (2:3). Bunadək 8 oyunda qapısından 1 qol buraxan son çempionu "Turan" 3 dəfə məyus etməyi bacardı.

Şübhəsiz, Çempionlar Liqası öz sözünü dedi. Valdas Dambrauskasın bütün cəhdlərinə rəğmən oyunu xilas etmək mümkün olmadı. Norveç səfəri öncə komanda planlara daxil olmayan güc itirdi.

Amma "Turan Tovuz"un da haqqını vermək lazımdır. "Kəpəz" və "İmişli"yə məğlub olan kollektiv küskün azarkeşlərinin ürəyinə yol tapa bildi. Həm yaxşı oyunla, həm də əla qələbə ilə.

✔️ Vadji mükəmməl idi

Yəqin ki, bu cür oyunu tribunadan izləməyən tovuzlu azarkeşlər hələ uzun müddət peşman olacaq.

Bu gün bir daha gördük ki, "Turan Tovuz"un heyəti lazım olanda belə oynamağı da bacarır. Yetər ki, Kurban Berdıyev "ok" desin.

Bölgə klubu bu qələbə ilə çempionluq mübarizəsində qalmağa davam etdi. “Bayquşlar” üzərində əldə olunan 3 xal sözsüz ki, növbəti görüşlərə də müsbət təsir edəcək.

Futbolçulara gəldikdə, Aleks Yankoviç kölgədə qaldı, İbrahima Vadji oyunun ən yaxşısı idi. "Qarabağ"dakı günlərini xatırlatdı. Bircə qolu çatmadı.

Pressinqi, sürətli reydləri ilə "Sabah" müdafiəsi üçün əməlli-başlı başağrısına çevrildi.

Vadji "Neftçi"yə qarşı ilk hissəni də mükəmməl keçirmişdi. Fürsətləri qola çevirə bilsə, "Turan Tovuz"a bu mövsüm çox faydası dəyəcək.

✔️ Yerlilər üçün Dambrauskas və Berdiyev nümunəsi

Ən çox müdafiə etdiyimiz, tərif yağdırdığımız yerli məşqçilərdən fərqli olaraq, ən çox tənqid etdiyimiz Kurban Berdiyev bir dəfə olsun mətbuat konfransında kiminsə bostanına daş atmayıb. Guya ata bilməz? Tərpətsən deməyə o qədər sözü var ki…

Cəmi bir neçə həftə əvvəl azarkeşlər adına-sanına baxmadan gözünün içinə baxa-baxa getməsini tələb etmişdilər.

Dünənki parlaq qələbədən sonra nə onlara söz atdı, nə də getməli olduğunu deyən mənim kimilərə. Çünki peşəkardı. Yox, çox peşəkardı. Durduq yerdə Berdıyev olmayıb.

Bir neçə cümlə də digər əcnəbi baş məşqçi Valdas Dambrauskas barədə. Mövsümdə aldıqları ilk məğlubiyyətdən sonra mətbuat konfransında ağlaşma qurmadı. Nə Çempionlar Liqasını bəhanə gətirdi, nə də yorulan futbolçularını. Bütün məsuliyyəti öz üzərinə götürdü. Hətta rəqibi layiqli qələbəyə görə təbrik etdi.

O deməsə də hamımız yaxşı bilirik ki, dünənki məğlubiyyətdə ən azı "Turan"ın yaxşı çıxışı qədər Çempionlar Liqasının da payı vardı.

Elə şeylər var ki, onu media bilir, görür, danışır. Mətbuat konfranslarında atmaca atmaqla, bəhanələr gətirməklə qulaqlarımızı mazol etməyə ehtiyac yoxdur.

Ölkəmizə gətirəndə belə əcnəbilər gətirmək lazımdır ki, yerlilər üçün də nümunə göstərəcəyimiz nöqtələri olsun.

Xanoğlan İMANOV

Fikirlərini bizimlə bölüş!