Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Bizə kim nağıl danışacaq?

Bəs, bizə kim nağıl danışacaq? Bəs, qatığa kim “qara” deyəcək? Bəs, dünyanın ən bərbad klub idarəçiliyi modelini kim “ən uğurlu” deyərək sırıyacaq?

Düzdü, dugər klublarda da Tuyqun Nadirovu yamsılayanlar var. Amma onun kimisi, ondan daha yaxşısı çətin ki, dövrana gəlsin. Unikal şəxsiyyət idi. 12 il yedi, dağıtdı, qardaş əli ilə qardaşın cibinə girdi, bir iş adamını, bir bölgənin ən çılğın azarkeşlərini, bir camiəni çökdürdü. İşi yaxşı gedəndə cəh-cəh vurdu, zibili üzə çıxanda siçan deşiyini satın aldı.

“Xəzər Lənkəran” – başqa rəng, başqa ab-hava, başqa nümunə idi. İddiası, mübarizəsi, azarkeşi, özünəməxsusluğu ilə. Amma hamıya meydan oxuyanda da, haqsızlığa məruz qalanda da, rəhbərliyi sayəsində başqasının haqqını yeyəndə də səhv idarə olunurdu. Kimlərinsə yekəbaşlığı üzərindən hamıya düşmən kimi görünürdü. AFFA rəhbərliyi ilə dost deyildilər, “Neftçi”, “Bakı” klubları ilə xoş münasibətləri yox idi. Bütün bunların hamısında bəlkə də qarşı tərəfi də günahlandırmaq olar. Ancaq axı, bu klubun dostu yox idi.

Rəhbərlik hətta klubu sevdiyi üçün bəzən sadəlövhlüyüə qapanan azarkeşləri də aldadırdı. Elxan Məmmədov, Ramin Musayev, Sadıq Sadıqov, nə bilim daha kimlər düşmən elan olundu, komandaya irəli getməkdə mane olmaqda qınandı. Amma bir nəfər demədi ki, avrokuboklardakı uğursuzluqlarda, saysız-hesabsız FİFA çəkişmələrində bu insanların rolu nədi? Onlar aydan arı, sudan duru deyillər, ancaq əlləri yalnız ölkə daxilinə çatır axı, bəs, ölkədən kənardakı biabırçılıqların günahkarı kimdi?

Mübariz Mənsimov 12 il aldandı, Tuyqun Nadirovun yalanları ilə idarə olundu. Klubu buraxdığını elan etsə də, hələ ayılmayıb, çünki yenə bu vitse-prezidentə səlahiyyət verib, ona başqa sahələrdə güvənir. Güman ki, biznesi tamamilə çökəndən sonra ayılacaq, o zaman isə gec olacaq. Nadirov onun imicini də xərcləyəcək, pulunu da, etibarını da.

Bir adamın pulundan asılı olan klublar gəldi-gedərdi. “Karvan” da belə olub, “MKT Araz” da, “ANS Pivani” də, başqaları da. Nə oldusa, cənublu azarkeşlərə oldu. Onlar bəzən çörəkpulunu da biletə verib canları qədər sevdiyi “Xəzər Lənkəran”ın oyununa gedir, bu komanda ilə nəfəs alrdılar. Tuyqun Nadirov onların da hissləri, sevgiləri ilə oynadı, işini, vəzifəsini, qazancını itirməkdənsə, “Xəzər Lənkəran”ı bitirdi.

İndi kim bizə nağıl danışacaq? İndi kim mətbuat konfransı keçirib FİFA-nı, UEFA-nı qərəzdə günahlandıracaq? Kim? Kim?

Fikirlərini bizimlə bölüş!