Azərbaycanda futbol mövsümünün ilk yarısını bir sözlə ifadə etməli olsaq, "Bostan" deyib susa bilərik.
Dördüncü turdan öncə "Futbol+" qəzeti yazırdı:
"Quba Olimpiya İdman Kompleksinin ot örtüyü demək olar ki, istifadəyə yararsızdı. Odu ki, Misli premyer-liqasının 4-cü turunda keçirilən "İmişli" – "Sumqayıt" matçından sonra nəinki “Sumqayıt”ın baş məşqçisi Saşa İliçin, Jorj Kaşkilyanın da qazona görə gileylənməsi əbəs deyil.
Bu məsələylə bağlı klubun mətbuat xidmətinin rəhbəri Leyla Behbudludan açıqlama aldıq: “Stadionun ot örtüyü ilə bağlı lazımi tədbirlər görüləcək. Nəzərimizdədi".
Quba Olimpiya Kompleksi çox əladı.
Stadion da, meydança da kənardan pis görünmür.
Amma sən demə bu boyda kompleksi quranlar qazona drenaj sistemi gərəkdiyini bilərəkdən və ya bilməyərəkdən unudub…
Bəlkə də vəsait çatmayıb, büdcə az imiş, bu, başqa araşdırma mövzusudu.
Fakt budu ki, Quba stadionunun ot örtüyü tam dəyişilməli, yenidən qurulmalıdı. Çünki, bura normal səviyyədə futbol matçlarının keçirilməsinə yararlı deyil. Qəribədir ki, "Google maps" sanki süni intellekti ilə bunu hiss edir və buranın adi futbol deyil, amerikan futbolu üçün meydança olduğunu göstərir.
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas az qala hər tur meydançaların keyfiyyətindən şikayət edir.
Kurban Berdıyev də Tovuz stadionunun təbii, Rəşad Sadıqov Yevlaxın süni ot örtüyündən gileylənir.
Kaxaber Sxadadze Şamaxıdakı süni meydançanın bərbad durumuna görə orda topun hərəkət etmədiyindən narazıdı.
Sanki ölkədə bu işləri peşəkarlar yox, "Bostan" xiyar turşusunu istehsal edənlər görür.
Məsələn, bir çox stadionlarımızdakı kimi sanitar qovşağı vağzallardakından daha bərbad durumda olan Yevlax stadionunda ("stadion" demək olarsa) Premyer Liqa oyunlarının keçirilməsinə necə icazə verilib müəmmalıdı.
"Karvan Yevlax"ın rəsmi saytında klub haqda ilk cümlə belədi:
"Karvan Futbol Klubu – Azərbaycan futboluna dəyər qatan, peşəkarlığı və azarkeş sevgisi ilə seçilən bir komandadır".
Bu peşəkarlığın təcəssümü kimi indi "Karvan" adlana bilməyən komanda mövsümün əvvəli müqavilə bağlayıb dəvə ilə şəvə ilə təqdim etdiyi braziliyalı David Oliveyra çox keçmədən gəldiyi Maltaya döndü. Səbəb çox gülüncdü. Yevlax təmsilçisi 12 legioner limitini keçdiyini unudub və 13-cü legionerə görə AFFA-ya ödəməli olduğu rüsüma görə futbolçunu sifariş etməyib…
Elitaya dönən klubun hələ də kağız üzərində baş məşqçisi müqaviləylə ödənilməli olan məbləği verməkdən imtina edilərək uzaqlaşdırılan, bu səbəbdən müqaviləsinə xitam verə bilmədikləri Azər Haşımov, faktiki baş məşqçisi isə rəsmi elan edilməyən Füzuli Məmmədovdu.
Klubun vitse-prezidenti Kənan Kərimov ehtiyat oyunçular skamyasında əyləşir və əvəzetmələr vaxtı nömrələri daxil edib elektron lövhəni göyə qaldırır.
Klubun mətbuat katibi Bəhruz Musayev stadionda diktorluq edir.
Yevlax stadionun girişindəki şir də sanki burda baş verənlərə baxıb qorxub, gözü kəlləsinə çıxıb.
İmişlidə normal stadion ola-ola matçlarını gah Şamaxıda, gah Qubada keçirən şəhərin eyni adlı komandasının rəhbərliyinin məqsədi nədi bilinmir.
Eyni sözlər naxçıvanlı azarkeşlərin doğma yurdda görmək üçün gözləməkdən gözlərinin kökü saraldığı "Araz Naxçıvan"a da aiddi.
Ümumiyyətlə, son hadisələrdən sonra "Araz Naxçıvan", "Karvan Yevlax" və "İmişli"nin aqibəti necə olacaq hələ ki, bilinmir…
Ümumiyyətlə, çox klublarda oxşar durumdu.
Məsələn, 1-ci Liqa təmsilçiləri "Mingəçevir" və "Səbail"i nümunə çəkmək olar.
Odur ki, Premyer Liqaya qayıtmağı məqsəd qoyan "Səbail"in özündən dəfələrlə zəif aşkar autsayder "Şimal"la oyunda ilk hissədən sonra 1:0 öndə olduğu halda 17 dəqiqəyə 4 qol buraxması (11 tura 6 qol vuran komandadan) gözlənilməz deyil…




Fikirlərini bizimlə bölüş!