Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Bu gün stadiona o şəxslər getsin ki…

Başa düşürəm, azarkeş hissin əsiridi. Onun üçün məntiq, reallıq heç bir əhəmiyyət kəsb etmir. “Azarkeşlik etdiyim komanda qalib gəlsin, vəssalam” düşüncəsi məntiq, reallıq üçün məkan saxlamır axı.

Ancaq bu gün stadiona “Qarabağ”a azarkeşlik etmək üçün gedənlər heç olmasa bir oyunluğa da olsa, hissin əsirliyindən qurtulmalı, məntiqə, reallığa güvənməlidi. “Qarabağ” mütləq qalib gəlib, qrupdan çıxmalıdı” düşüncəsi, tələbi bu gün “Qarabağ” üçün ən böyük psixoloji basqı olardı. Heç olmasa, bu gün reallığı qəbul edək, dönək bir arxaya baxaq.

Dünənə qədər Moldovanın, Latviyanın, Estoniyanın klubları qarşısında aciz qalan komandaların azarkeşlərisiz axı. Dünənə qədər “onsuz da məğlub olacağıq” düşüncəsiylə yaşayırdıq axı. Bu gün Fransanın ən titullu komandası, İtaliya nəhəngiylə oyunda qələbə tələb edirik. Paho! Nə vaxt böyüdü bu iddialar? Kim böyütdü bu iddiaları? Bax, elə o “Qarabağ” böyütdü. Bax, elə bu “Qarabağ” məğlub psixologiyasından qurtardı azərbaycanlı azarkeşi. Bu gün stadiona gedən azarkeş “Qarabağ” mütləq qalib gəlməlidi” tələbiylə gedirsə, getməsə yaxşıdı. O azarkeş nəticədən asılı olaraq “Qarabağ”ı psixoloji gərginliyə salacaq.

Bu gün stadiona gedən azarkeş “bizi məğlub psixologiyadan qurtardığına görə komandanı alqışlamağa, “Qarabağ”a təşəkkür etməyə gedirik” düşüncəsiylə daxil olmalıdı stadiona.

Lütfən, reallığı qəbul edin. Heç olmasa, bir oyunluğa. Qarşınızdakı Bakı “İnter”i yox, Milan “İnter”idi. Milan “İnter”inin əsas və əvəzedici heyəti olmur. Orda kim bu komandada oynamağa layiqdisə, onunla müqavilə bağlayırlar.

Bunu – “Qarabağ”ın Fransa, İtaliya, Ukrayna klubları ilə mübarizədə son tura qədər qrupdan çıxmaq şansını qoruyacağını heç ağlımıza da gətirmirdik axı. Siz onsuz da qalibsiz. Sizə bu qalibiyyəti də “Qarabağ” qazandırıb.

Bu gün stadiona o şəxslər getsin ki, onlar nəticədən asılı olmayaraq sonda “Qarabağ”ı alqışlayacaq. İddialarını böyütdüyünə, onları məğlub psixologiyadan xilas etdiyinə görə. Lütfən, heç olmasa, bircə gün, bircə oyun – bu gün hissin yox, reallığın, məntiqin əsirliyində olun!

Fikirlərini bizimlə bölüş!