12 il ərzində Qurban Qurbanov hər dəfə bu qapını müxtəlif açarlarla açırdı. Azərbaycan futbolunu Avropanın əsas səhnəsinə çıxarırdı. 12 il ərzində bir dəfə də olsun həmin qapının kənarında qalmadı.
Bu gün isə qapı açılmadı.
Bəlkə də ən ağır olan məhz budur. Çünki azarkeş öyrəşir. Uğura, Avropaya, son ana qədər mübarizəyə, Qurban Qurbanovun komandasının orada olmasına öyrəşir.
Amma futbolun gözəlliyi də elə bundadır. Dünənə qədər dəyişməz görünən ənənə bir gecədə qırıla bilir.
Mən bu klubun azarkeşi deyiləm. Mənim öz komandam var. Amma Qurban Qurbanov mənim üçün Azərbaycan futbolunda həmişə ayrı bir göstərici olub. Çünki o, Azərbaycan futboluna həm futbolçu, həm də məşqçi kimi xidmət edib və illər ərzində öz adı ilə böyük bir məktəb yaradıb.
Bu gün Qurban Qurbanov uduzdu. Amma onun Azərbaycan futboluna qazandırdığı 12 ili heç kim unuda bilməz.
İndi isə növbəti sınaq başlayır…
Bu məğlubiyyətdən sonra kimin həqiqətən bu komandanın yanında olduğu daha aydın görünəcək. Əsl azarkeş yalnız Avropa gecələrində tribunaya gələn deyil. Öz komandasının çətin günündə, Azərbaycan çempionatının adi oyunlarında da tribunada olan, komandasına və məşqçisinə dəstək verəndir.
Bəlkə də bu mövsümün ən böyük sınaqlarından biri də budur. Avropaya gedə bilmədiyin günlərdə komandanın yanında kimlərin qalacağını görmək.
Bəzi yolların sonunda qapı bağlanır. Əsas məsələ isə həmin yola yenidən çıxacaq gücü tapmaqdır.
Qurban Qurbanovun bunu da bacaracağına şübhəm yoxdur.
Təşəkkürlər və uğurlar, Hoca.

Fikirlərini bizimlə bölüş!