“Qarabağ”ın layiq olduğu istirahət… Və ya, “tutar qatıq, tutmaz ayran”

5 minutes
“Qarabağ”ın layiq olduğu istirahət… Və ya, “tutar qatıq, tutmaz ayran” — illüstrasiya

“Qarabağ” bu gün avrokuboklarda ən çox görüşdüyü komandalardan olan “Tvente” ilə səfər oyununa çıxır. Enshedelilərdən daha çox qarşılaşdığımız yeganə rəqib Tiraspol “Şerif”idir.

“Köhlən atlar” bu mövsüm 15-ci dəfə pley-off mərhələsini görəcək. 18-ci mövsümə qədəm qoyan Qurban Qurbanov “era”sında 15-ci pley-off.

Azərbaycan kimi futbolu ilə fəxr edə bilməyən bir ölkədən çıxıb belə bir nəticə göstərmək inanılmazdır. Digər üç mövsümdən də ikisində “Qarabağ” pley-offun bir addımlığında dayanıb. 14-dən 12-sində özünə əsas mərhələdə yer tapıb. “Rəqəmlərin dili olsa danışardı” dedikləri yəqin budur. Rəqəmlər şeir söyləyir…

Arxada qalan 14 pley-off mərhələsində “Qarabağ” bir-birindən fərqli rəqiblərlə qarşılaşıb (ikisində “Tvente” ilə) və hər mövsümün öz hekayəsi var. Bu mövsümün də…

Tarixə kiçik ekskursiya etsək, xatırlayarıq ki, başlanğıcda “Qarabağ” öz reytinqini formalaşdırana qədər özündən güclüləri keçməyə məcbur qalırdı. Həmin “Tvente”yə, “Borussiya”ya, “Seltik”ə, “Ayntraxt”a “ilişsə” də, elə həmin “Tvente”ni, “Yanq Boyz”u, “Kopenhagen”i üstələdi. Sonradan isə reytinq favoritə çevrildi və Çempionlar Liqasının pley-offuna daha rahat və tez-tez çata bildi. Artıq hər mövsüm vərdiş etdiyimiz bir “Qarabağ” klassikası var idi. ÇL-in ikinci mərhələsində başlayıb (yüksək reytinqə görə ilk mərhələdən azad olmaqla), ortabab bir komandanı keçib əsas mərhələni təmin etmək, sonra da mümkünsə, ÇL-in qrup mərhələsinə, mümkün deyilsə, AL-ə düşmək.

Çempion ola bilmədiyi mövsümdə belə, Konfrans Liqasında öz klassik üslubu ilə sona qədər getmişdi.

Bu mövsüm gedişat fərqli oldu. “Qarabağ” çempion ola bilmədi və Avropa Liqasından başlamalı oldu. Amma daha önəmlisi ötən mövsümün xatirəsi idi. “Qarabağ” ÇL-də Avropaya səs saldı və sürpriz edərək, liqa mərhələsini də keçib pley-offa yüksəldi. Bu iki tərs qütbün eyni mövsümdə yaşanması bəzi vacib dəyişiklikləri labüd etdi.

Xüsusilə, ötən mövsümün bu ilə təsadüf edən hissəsində “Qarabağ”da işlərin qaydasında getmədiyi aydın görünürdü. İlk 4 oyunda 7 xal toplayan “Qarabağ” Klublararası dünya çempionu “Çelsi”dən xal aldıqdan sonra “boşaldı”. “Ayaks”a öz meydanımızdakı məğlubiyyət komandadakı ətalətin aşkar təcəssümü oldu. “Ayntraxt”ı əzmkar bir formada udub özümüzə pley-off biletini əldə etsək də, mövsümün qalanında özünə gələ bilməyən “Qarabağ” “Sabah”a müqavimət göstərə bilmədi və çempionluqdan oldu.

İronik vəziyət idi. Eyni mövsümdə həm ÇL-dəki sürpriz ilə, həm də öz liqanda çempion ola bilməməklə səs salırsan. Bir müddətdir birlikdə oynayan futbolçularda da artıq uğurların adiləşməsi, yerli çempionata münasibətdə həvəssizlik hiss olunurdu. Təbii ki, klubun daxildə başqa problemləri də əlavə olunanda aura neqativləşdi və “Qarabağ” rəhbərliyi “düyməyə basdı”.

Qurban Qurbanov özü də bu müddətdə “təkamül” keçirib təbii ki. Yığdığı təcrübə aktivlər xanasında göz qamaşdırsa da, bir neçə gün əvvəl mətbuat konfransında dediyi kimi, artıq əvvəlki səbr və təmkin qalmayıb. Onun belə gərgin bir postda və peşədə təmkinini qoruya bilməsi onsuz da qibtə ediləcək məharətdir. Amma o da insandır və təbii ki, reaksiyaları dəyişilir. Dəyişilməyə məcburdur.

Hərə bir tərəfdən dartmağa başlayınca futbolçular da ikiqat-üçqat maaşların cazibəsinə qapıldı və çoxu özünə yeni ünvan tələb etməyə başladı. Kamilo Duran və Andrade kluba yüksək məbləğ qazandırıb getdi. Bu arada, Abdullah Zubirin nə qədər böyük peşəkar olduğunu Kiyev “Dinamo”su ilə oyunlarda bir daha gördük. Bakıdakı matçdan bir gün sonra Qətərə yola düşsə də, həmin oyunun ən yaxşısı idi. Peşəkarlıq və etika baxımından nümunə olacaq və haqqında danışılmağa layiq bir insandır Abdullah.

Koxalskinin də psixoloji durumu həminki deyil. Yankoviç, Bikalyo, Montiel, Kadi… Heç biri o parlaq günlərinə yaxın dura bilmir. Təbii ki, gedənlər yeni transferlər deməkdir və “Qarabağ” Qurban Qurbanovun dövründə ilk dəfə bu qədər yeni oyunçu cəlb etdi (8-i gəlib və hələ 2-3 nəfəri də gözləmək olar), transferə az qala 10 milyon avro pul xərclədi.

Bir haşiyə:Pul məsələsində azarkeşlər məlumatsızdırlar və yalnış yönləndirilirlər. “Qarabağ” maliyə idarəetməsi mövzusunda düz yoldadır. Klubu daim əsaslandırılmamış və iqtisadi rentabelli olmayan sponsor puluna yaşatmaq səhvdir. Klub öz xərclərini ödəməyi bacarmalıdır. Yəni, klub prezidenti Tahir Gözəli xəsislikdə və “Qarabağ”ın pulu ilə villa almaqda ittiham etmək sadəcə, mövzudan bixəbər olmaqdır.

Yeni transfer “Qarabağ” kimi sistem klubu üçün başağrı deməkdir. Onlar adaptasiya olmalıdır və bir yerdə oynamağa öyrəşməlidir. Oyun izləyərkən Zubir ilə Elvin Cəfərquliyevin bir-birini mükəmməl anlamasını görəndə, bu, izləyiciyə asan gəlir, amma əslində böyük əmək və konsentrasiyanın nəticəsidir. Məsələn, Lanqa ilə Sefas yoxlayırlar, amma onlarda alınması üçün hələ gözləmək lazımdır.

Savonun “dişli” bir hücumçu kimi bizi sevindirməyi üçün də zaman lazımdır. Və ya, Varkoninin müdafiənin mərkəzini mükəmməl idarə etməsi üçün…

Futbol komanda oyunudur və oyunun içindəki dinamika, balans çox mürəkkəb mexanizmlərdən keçir. Bu mexanizmləri baş məşqçi və komandası səbrlə, böyük əziyyətlə yığışdırır.

Təbii ki, qabağında “Vestri” olanda üç qol vurub keçirsən. Amma CSKA (Sofiya) kimi kompakt komandaya qarşı eyni fəndlər keçmir.

Hələ fevralda, “Qarabağ”ın “Şamaxı” ilə kubok oyunu vaxtı gördüm və sosial mediada paylaşdım ki, “köhlən atlar” 2026/27 mövsümündə bir növ, pauza götürəcək.

“Qarabağ” kimi, qısamüddətli yox, dayanaqlı uğuru axtaran klublar hər mövsüm parlamaqdansa, möhkəm özül qurmağı seçir. Və ta o günlərdən bu heyətin dağılacağı məlum idi. “Niyə dağılmalı idi və niyə bunun qarşısını almaq mümkün deyil” mövzusunda bir gün yazaram.

Yeni heyəti isə elə növbəti mövsümdəcə Avropa Liqasında səs-küy salmaq üçün formalaşdıra bilməzsən. Bu, inandırıcı deyil.

Hətta son baş verənlər belə, göstərir ki, “Qarabağ” Konfrans Liqası səyahətinə “tutar qatıq, tutmaz ayran” məntiqi ilə baxır. Kiyev “Dinamo”sunu keçmək klub üçün vacib idi. Bunu anlamaq və görmək olurdu. Yəqin ki, “Vestri”dən başqa, heç kimi keçə bilməməyin “Qarabağ” üçün ayıb olmasından dolayı bu motivasiya var idi. Amma bu mərhələdən sonrası artıq qismət və bəxt: “Biz öz işimizi görək, nə alınar, alınar”.

“Qarabağ” Konfrans Liqasında vacib oyundan öncə çempionat matçını bazar ertəsi keçirdi. Halbuki, bazar günü oynayıb daha çox dincəlmək olardı. “Şamaxı”ya qarşı əsas heyət oynadı və demək olar, heç kimə istirahət verilmədi.

Komanda Enshedeyə srağagün gəlib burada iki gün rahat dincəlmək əvəzinə, dünən axşam saat 6-da gəldi. Demək olar ki, məşqsiz çıxacaqlar oyuna. Bu da azmış kimi, Zubir getdi, Elvin Cəfərquliyev zədələndi, Bikalyonun və Sefasın vəziyəti qeyri-müəyyəndir. Bəlkə, heç beş nəfər tapılmadı oyunun gedişində əvəzetməyə. Amma bunların heç biri “Qarabağ”ı gərginləşdirmir. Görünən odur ki, klubun planları başqadır. Yenə ölkə çempionu olmaq və gələn mövsümə tam hazır hala gəlmək… Məncə…

Açığı, 12 mövsüm üst-üstə əsas mərhələyə çıxan, limitli büdcə ilə bizə iki dəfə ÇL həyəcanı yaşadan, hətta bir dəfə əsas mərhələdən də irəli gedən, AL-də, KL-də pley-offu görmüş “Qarabağ”ın dincəlməyə haqqı çatır. Seriya qırılacaq və reytinq zədələnəcək, amma bu fədakarlıqlara da dəyər.

Bu o demək deyil ki, “Qarabağ” bu gün meydana uduzmaq üçün çıxır. Xeyr! Bu mövzuda heç nə dəyişməyib. Limitli resursla da olsa, “Qarabağ” meydana öz vəzifəsini yerinə yetirməyə və oyundan zövq almağa çıxmalıdır və inanıram ki, bu gün Enshededə bunu izləyəcəyik.

Uğurlar, “Qarabağ”!

Vüsal AYDIN

“Qarabağ”ın layiq olduğu istirahət… Və ya, “tutar qatıq, tutmaz ayran” — illüstrasiya

Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!