“Qarabağ” evdə məşhur Kiyev “Dinamo”suna qalib gəldi – 2:0 (ilk oyun 0:1). İndi ağdamlıları Konfrans Liqasının pley-off mərhələsində “Tvente” gözləyir…
Qurban Qurbanov matça radikal qərarla başlamışdı. Koxalskinin ağlının başqa yerdə olması, onun Zlomisliçlə əvəzlənməsi ilə nəticələnmişdi. Bu baxımdan yeni transfer özünü doğrultmağı bacardı. Yəqin ki, Koxalski də tezliklə başqa bir kluba transfer olunacaq.
Nə qədər qəribə olsa da, matçın ən yaxşılarından biri 35 yaşlı Bədavi Hüseynov idi. Karyerasını bitirməyə yaxın olduğu anda onunla müqavilənin bir illik uzadılması bu matçda işə yaradı.
İkinci hissədə “Dinamo” “Qarabağ”ı əməlli sıxmışdı. Etiraf edək ki, bəxtimiz gətirdi. Ukrayna təmsilçisi həmin dəqiqələrdə qol vursaydı, geridönüş çətin olacaqdı.
Hər halda ən çox tənqid edilən futbolçu – Kaşukun qolu ən vacib məqamda gəldi.
Bir də ən çox Elvin Cəfərquliyevin adına sevindim. İkinci qolun ötürməsindən sonra emosional şəkildə kameralara “Burdayam” deyə hayqırması ona hələ çox ehtiyacın olduğunu göstərdi.
“Qarabağ”ın “oturuşmadığı” açıq-aşkar hiss olunur, vaxt lazımdır və Qurban Qurbanovun işi kifayət qədər çox olacaq.
Reallıq isə odur ki, bu gün adlı-sanlı Kiyev “Dinamo”sun Bakıdan məğlub ayrılır. Bu durumda belə mərhələ keçə bilən “Qarabağ”a afərin düşür! Bu qələbə bir qədər də olsa, komandaya özünəinamı qaytardı…


Fikirlərini bizimlə bölüş!