“Qarabağ” “Tvente”yə yox, “Sabah”a uduzdu…

“Qarabağ” “Tvente”yə yox, “Sabah”a uduzdu… — illüstrasiya

Əslində, “Qarabağ” üç gün öncə uduzmuşdu. Klub rəhbərliyi cəm şəkildə “Sabah”ın “Hapoel”lə matçına gedəndə illərdir daşıdığı estafeti özləri də fərqində olmadan son çempiona ötürmüşdü…

Müharibə dövrünü çoxdan geridə buraxmışıq və meydanda mübarizə aparan Azərbaycan Silahlı Qüvvələri deyildi. Bu addım idman həmrəyliyi kimi düşünülə bilər, amma dünyanın heç yerində çempionluq uğrunda mübarizə aparan rəqiblərin bir-birinə bu formada dəstəyi yoxdur. Olması da normal qəbul edilmir.

Çempionatı gücləndirən rəqabətdir, prinsipallıqdır. Bütün dünya buna görə “El-Klasiko”nu səbirsizlikə gözləyir, Milan şəhəri “Derby della Madonnina” üçün gün sayır…

Yəqin ki, “Fənərbağça” başqanı Aziz Yıldırım “Qalatasaray”ı Çempionlar Liqası matçında stadiondan dəstəkləsə, ona dərhal həkim müayinəsi tövsiyə olunar…

Azərbaycanda prinsipiallıq baxımından ən peşəkar davranan klub “Neftçi”dir. Əzəli rəqabətə toz qondurmur. Ən qeyri-peşəkar davranan isə “Fənərbağça”nı Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması münasibətilə öz rəsmi sosial media hesablarında təbrik edən “İmişli”.

Nə isə, “İmişli” səviyyəsinə düşmək istəmirəm…

Bəlkə də, kimlərsə fərqli düşünür, amma mənə görə, “Qarabağ” rəhbərliyinin həmin addımı idman həmrəyliyindən daha çox, siyasi gediş idi…

“Bu il Avropanın bir nömrəli yarışında ola bilməsək də, heç olmasa, tribunadayıq”, “Burdayıq, “Sabah”ın yanındayıq” düşüncəsi… Belə görünür, komanda üçün avrokuboklar macərası erkən başa çatsa da, “Qarabağ” rəhbərliyi hələ payıza qədər tribunada olacaq…

Və ən əsas sual: Görəsən, “Sabah”ın bu dəstəyə ehtiyacı varmı?

Yadıma bir müddət əvvəl Mətbuat Şurasının sədri Rəşad Məcidin “Sabah”ın çempion olması və ya kuboku qazanması, avrokuboklarda uğur əldə etməsi kiçik bir dairənin müvəqqəti sevincinə səbəb ola bilər, amma onların uğurlarının “Qarabağ” kimi geniş rəğbət və həyəcan yaratması mümkünsüzdür. Sabah bu həyəcanı “Sabah” adlı bir komandanın yarada və yaşada biləcəyi inandırıcı görünmür” cümlələri və ona “Sabah”ın keçmiş idarəçilərindən, AFFA-nın vitse-prezidenti, İTV-nin rəhbəri Balakişi Qasımovun “Bəlkə belə bir qayda tətbiq edək ki, çempion olan komanda bir il müddətinə adını dəyişib “Qarabağ” qoysun? O

zaman həm hisslər yerində olar, həm də siyasət” – deyə verdiyi ritorik cavabı düşdü.

Mənə görə, komandalar arasındakı rəqabət elə bu feysbuk statusundakı “atışma” səviyyəsində qalmalı idi ki, bu gərgin idman mübarizə futbolumuzun inkişafına da müsbət təsir etsin. Bu məqamda ötən mövsüm medianın da iştirakı ilə komandalar arasında yaradılan rəqabəti və bunun nəticəsində “Qarabağ” – “Sabah” matçlarının dolu tribunalar önündə keçirilməsini xatırlatmaqda fayda var.

İndi reallıq budur ki, çoxlarının gözləmədiyi halda “Sabah” debüt ilində Çempionlar Liqasının liqa mərhələsindədir. Bir müddət sonra Bakıya “Barselona” gələcək və İspaniya nəhənginin adı artıq indidən azarkeşlərdə həyəcan yaratmağa başlayıb. “Hapoel”lə matçda da tribunalar dolu idi, “Barselona”, “Napoli” ilə oyunlar da iynə atsan, yerə düşməyəcək…

Deməli, məsələ təkcə “Qarabağ”ın adında deyilmiş. Bu həyəcanı əsası 9 il əvvəl qurulan klub da yarada bilir. “Qarabağ”ın “Tvente”yə məğlubiyyəti isə onun son 12 ildə yartadığı standartdan ciddi geri addımdır.

Təbii ki, futbolda məğlubiyyət olur. Heç bir komandanın uğuru əbədi deyil. “Qarabağ”ın son illərdə Azərbaycan futbolunda verdiyi töhfəni bir oyunun nəticəsinə görə silmək də olmaz.

Amma məhz buna görə bu məğlubiyyətə sual da vermək lazımdır. Ötən mövsüm ÇL-in liqa mərhələsində çıxış etmiş, Avropanın ciddi komandalarında qarşı oynamış “Qarabağ”ın Konfrans Liqasının pley-offunda 1:0 hesablı səfər qələbəsindən sonra evdə “Tvente”yə 1:4 uduzaraq turnirdən kənarda qalması ciddi analiz tələb edir.

Necə oldu ki, səfər qələbəsindən sonra psixoloji üstünlük “Qarabağ”da olduğu halda, cavab matçında hətta hesabda önə keçdiyi qarşılaşmada sonluq belə faciəvi başa çatdı?

Qurban Qurbanovun “Qarabağ”a verdiyi xidmətləri heç kim inkar etmir, edə də bilməz. Komandanın indiyədək qazandığı uğurlar birbaşa onun adı ilə bağlıdır. Amma ötənilki çıxışına görə kifayət qədər qazanc əldə etmiş klub keçmişdəki uğurların arxasına da sığınmamalıdır.

Buna görə komandanın oyunu da, transfer siyasəti də, atdığı digər addımlar da həm sorğulanmalı, həm də tənqid olunmalıdır. “Tvente” ilə oyundan sonra komandanı tərifləmək, keçmişdəki uğurların arxasında gizlənmək “Qarabağ”ın birbaşa ziyanınadır.

Nəzərə almaq lazımdır ki, “Sabah” Maludanı “Bazel”ə satanda arxayın idi ki, onun əvəz edəcək futbolçu var. Amma Kamilo Duran “Seltik”ə gedəndə, “Qarabağ” Kaşyukla Musa Qurbanlının ümidinə qaldı…

Stadiona gələn, mövsüm ərzində komandanı dəstəkləyən, bəlkə də son pulunu biletə verən azakeşin buna deməyə, tənqid etməyə haqqı var.

Onu da düşünmək lazımdır ki, “Qarabağ” artıq Konfrans Liqası səviyyəsində komanda deyil, onun standartlarından yuxarıdadır. Amma Ağdam təmsilçisi standartından aşağı yuvarlanırsa, deməli, nələrsə düzgün edilməyib, iş doğru istiqamətdə aparılmayıb. Burada isə klubda təmsil olunan hər kəsin payı var. Uğurda olduğu kimi…

Bu gedişatla açığı, “Sabah”ın əldə etdiyi psixoloji üstünlüyü “Qarabağ”a verəcəyi inandırıcı görünmür. Ortada həm də komandanın əldə etdiyi uğura görə qazandığı milyonlar var. Hazırda bu, 20 milyon avrodur və ÇL-dəki davam edən çıxışına görə arta da bilər. Üstəlik, ötən gün ölkə Prezidenti tərəfindən maliyyə dəstəyi məqsədilə ayrılan əlavə 5 milyon manat…

Bundan gözəl motivasiya?

Görünür, ötən 9 il ərzində ÇL-in liqa mərhələsində çıxış etmək səviyyəsində komanda yaradan “Sabah” rəhbərliyi işini yaxşı bacarır. Bunu bacaran rəhbərlik, həmin pulu birbaşa öz cibinə qoymamağı da bilir.

Deməli, “Qarabağ” “Tvente”yə yox, “Sabah”a uduzdu…

“Qarabağ” “Tvente”yə yox, “Sabah”a uduzdu… — illüstrasiya

Mövzu üzrə digər yazılar: Tərəzi xalqın gözü və avrokuboklardı! və Erkən boşalma.


Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!