“Sabah” İngiltərədə belə məğlub olmamalı idi.
Bunun adı rəzalət, biabırçılıq, fiaskodur…
Bilirəm, bu cümlələri oxuyan kimi hər birinizin ağlından “Sabah”ın əsas komandasının “Mançester Yunayted”ə 0:4 hesablı məğlubiyyəti keçdi.
Amma mən 19 yaşlılardan danışıram. Daha doğrusu, onların Mançesterdə yaşadığı faciədən.
Təəssüf ki, futbolumuzun ən böyük bəlası da elə budur.
Biz elə hey Premyer Liqa klublarından danışırıq.
Elə hey “Qarabağ”ın və digər komandalarımızın Avropadakı uğurlarını müzakirə edirik.
Körpə bəbə kimi duranların, maludaların qollarına, transferlərinə sevinirik.
Bu gün “Sabah”ın Çempionlar Liqasında iştirakını toy-bayram edirik.
Amma futbolumuzun əsl siması, əsl üzü məhz “Sabah”ın 19 yaşlılarının “Mançester Yunayted” qarşısında yaşadığı faciədir. Və buna etinasız yanaşırıq, heç nə olmayıbmış kimi üzərindən keçirik.
Bəli, məğlubiyyət problem deyil. Dünyanın ən nəhəng klubları da uduzur. Problem 90 dəqiqə ərzində sənin meydanda varlığınla yoxluğunun bilinməməsidir.
Statistikaya diqqət edin. Demək olar ki, bütün xanalar sıfırdır. Rəqib qapısına 90 dəqiqə ərzində bir zərbə belə vura bilməmişik.
Topa sahibolma faizi 18-dir.
Yəqin ki, bu 18 faiz buraxılan hər qoldan sonra topu qapı xəttindən götürüb mərkəzə gətirdiyimiz müddətin hesabına yaranıb.
İllərdi başımız bu cür daşa dəyir.
Biz nədənsə ayılmırıq.
Bizim futbolumuzun əsl siması Çempionlar Liqasının pley-off mərhələsində oynayan “Qarabağ” deyil.
Çempionlar Liqasının liqa mərhələsində çıxış edən “Sabah” da deyil.
Bizim futbolumuzun əsl siması ötən mövsüm Gənclər Liqasında ardıcıl darmadağınlar yaşayan, məğlub olduğu 6 görüşdə 30 qol buraxıb, əvəzində 1 qola sevinən “Qarabağ”ın 19 yaşlılarıdır.
Dünən Mançesterdə 90 dəqiqə topa həsrət qalan “Sabah”ın 19 yaşlılarıdır.
Və ən dəhşətlisi odur ki, “Sabah” hazırda ölkə futbolunda akademiyasına ən çox maliyyə ayıran, akademiyasına ən böyük diqqəti göstərən klubdur. Yəni uşaq futbolunda bir nömrəmizdir. Heyətində də 2 əcnəbi çıxış edirdi.
Düşünün, Ən yaxşımız bu gündədirsə, görün pisləri nə gündədir…


Fikirlərini bizimlə bölüş!