Çilingər də bizik, poçtalyon da, kamaz “şofer”i də

2 minutes
Çilingər də bizik, poçtalyon da — Azərbaycan millisi və Lixtenşteyn təhlili illüstrasiyası

Çilingərlərdən, poçtalyonlardan ibarət Lixtenşteyn millisi ilə bacarmayan azərbaycanlı futbolçuların peşəkar futbola yaxınlığı da elə çilingərlər, poçtalyonlar qədərdir. İntəhası, məsələn, futbolda ilk addımlarını rəhmətlik “Bakı” klubunda atan Mahir Emrelinin futbolçu kimi formalaşma(ma)sı üçün xərclənən pullar Lixtenşteyn millisinin oyunçularının cəminin inkişafına sərf olunan pullardan daha çox olar. Və məsələ burasındadır ki, Lixtenşteyn millisinin baş məşqçisi komandasının çilingərlərdən, poçtalyonlardan ibarət olmasından utanmır, biz mahir emrelilərə, toral bayramovlara, musa qurbanlılara, rəhim sadıxovlara, abdulla xaybullayevlərə və digər PEŞƏKAR futbolçulara görə utanırıq, xəcalət çəkirik.

Əhalisi bir stadion dolusu azarkeş sayından çox olmayan, “qarışqanın dırnağının ucu boyda” ölkənin milli komandası ilə bacarmamağa görə həqiqətən utanmaq, xəcalət çəkmək lazımdır. “Yer yarıla idi, içinə girə idim” dedirdən cinsdən idi Lixtenşteyn millisi ilə oyun.

Lixtenşteyn e… Adındakı hərflərin sayı futbol meydanındakı qələbələrinin sayından çoxdur.

Çilingərlər, poçtalyonlar işlərinə ara verib, durub Bakıya gəlirlər və bizim “min ildir” futbol oynayan, bahalı avtomobillərə, villalara futbolun sayəsində sahib olan PEŞƏKAR futbolçularımızdan xal alıb, şad-xürrəm evlərinə-eşiklərinə dönürlər.

Biabırçılıqdır. Rəzalətdir. Barmağını Azərbaycan millisinin istənilən oyunçusuna tuşlayıb “kül sənin futbolçu başına” dedirdən cinsdən rüsvayçılıqdır.

Ayxan Abbasov – tanımayan olsa, bu rüsvayçı milli komandanın baş məşqçisi – deyib ki, nə edək, nağayraxxx, əlimizdə olan “material” budur. Çilingərlərdən, poçtalyonlardan ibarət komandanın qapısına 90 dəqiqədə bircə qol vurmaq üçün nə “material”? Sizdən Bakının tıxac problemini həll etmək, neft tullantılarının, kanalizasiya sularının altında çürüməkdə olan Xəzər dənizinin dərdinə əlac tapmaq istənilmirdi. Cənubi Koreyadan, Polşadan, Türkiyədən, İsraildən durub basa-basa Bakıya gələn, sabah Çempionlar Liqasında “Barselona”ya, “Arsenal”a qarşı oynayacaq PEŞƏKAR futbolçularla çilingərlərin, poçtalyonların qapısına heç olmasa, bircə qol vurmağınız tələb olunurdu. Fransaya uduzuruq – əlimizdə olan “material” budur mövzusu, Polşaya, Serbiyaya, Macarıstana, Kosovoya uduzuruq, yenə, yenə, yenə eyni təranələr. Yaxşı, Lixtenşteynlə bacarmayıb, yenə “material”dan şikayətləniriksə, bəs onda bu 510 milyon kvadrat kilometrlik planetdə hansı rəqiblə qarşılaşmalıyıq ki, “material”dan şikayətlənməyək?

Ayıbdır, vallah, ayıbdır. Hamımız və hərəmiz üçün bir cür ayıbdır…


Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!