İkinci oyun göstərdi ki, Bakıdakı nəticə təsadüf deyilmiş.
Hamımız bir ağızdan deyirdik bu rəqibə çətini bir qol vurana kimidir. O qol ən ideal anda, 26-cı dəqiqədə gəldi. Amma ardını yenə gətirə bilmədik.
2 peşəkar futbolçusu olan milliyə 190 dəqiqədə 1 qol vurmaq ayıbdır.
Vaxtı uzatmaq, 1:0-a uşaq kimi sevinmək isə biabırçılıq.
Ayxan Abbasov əsas heyətdə aşağı-yuxarı hamısı müdafiəçi xislətdə olanlara yer vermişdi.
Qəribəsi odur ki, qol vura bilmədiyimiz halda hücumçular sona qədər ehtiyatda qaldı.
Yaxşı ki, bir Mahirimiz var. Qarmaqarışıqda imkan tapıb fərqlənə bildi.
Bədavi, Toral və Rüfət Abbasov da pis deyildilər.
Xaybullayev özünə bənzəmədi, "cırtdan"lara qarşı çox top itkisinə yol verdi.
Rahil Məmmədovun millidə niyə olmasının isə izahını hələ tapa bilmirəm.
İkinci yarının əvvəlində məhz Rahili uşaq kimi keçən rəqibin zərbəsi dəqiq olsaydı, bəlkə də yenə heç-heçədən danışırdıq.
Dövrlərin müqayisəsini sevmirəm, amma niyəsə hazırkı milli tariximizin ən zəif bəndinə oxşayır.
Bu gedişlə bizə "cırtdan" deməsələr yaxşıdır…




Fikirlərini bizimlə bölüş!