Dünya çempionatındakı bütün soydaşlarımız

Dünya çempionatındakı bütün soydaşlarımız — foto

Azərbaycanlılar Türkiyəni qələbəyə daşıdı

XXIII Dünya Çempionatını ənənəvi olaraq bizim azarkeşlər də böyük həvəslə izləyir. Baxmayaraq ki, millimiz heç vaxt bu turnirə qatılmayıb və hazırkı şəraitdə qatılması xəyal görünür, FİFA-nın təşkil etdiyi ən mötəbər futbol yarışının bizi özünə bağlayan başqa məqamları var.

İlk dəfə Azərbaycan çempionatından bir legionerin mundialda çıxışını izləyə bilərik. “Turan Tovuz”un futbolçusu, Panama millisinə cəlb olunan Roderik Millerin meydana çıxmasını səbirsizliklə gözləyirik. Keçirilən hər iki turda ehtiyatda qalıb. Üçüncü oyunda debüt baş tutarsa, Miller uzaq 1966-cı ildə SSRİ yığmasının heyətində top qovmuş “Neftçi”nin üzvləri Anatoli Banişevski və Eduard Markarovdan sonra mundial tarixinə ölkəmizin üçüncü klub təmsilçisi kimi düşəcək.

Bu fakt mediamızda yetərincə qabardılıb. Amma nədənsə, heç kim planetin ən böyük futbol forumunda çıxış edən soydaşlarımızdan ətraflı söz salmır. Halbuki, onların sayı arada xatırlatdıqları kimi iki-üç nəfərlə məhdudlaşmır. AZFUTBOL bu informasiya boşluğunu aradan qaldıraraq, oxucuları üçün dünya çempionatında yer alan azərbaycanlıların tam siyahısını təqdim edir.

Əlbəttə, soydaşlarımızı daha çox yaxın coğrafiyamızda yerləşən ölkələrin heyətində axtarmaq lazımdır.

24 illik fasilədən sonra mundiala qayıdan qardaş Türkiyə millisi ölkəmizdə təbii olaraq böyük rəğbət doğurur. “Ay-ulduzluların” düşərgəsindəki iki futbolçumuz bu marağı bir qədər də artırır. Təəssüf ki, türkiyəlilər uğursuz çıxış etdi və 1/16 final mərhələsinə yüksələ bilmədi. Qrupun lideri ABŞ üzərində 3:2 hesablı qalibiyyət yalnız təsəlli xarakterli idi. Bu qələbəni də məhz azərbaycanlı futbolçuların vurduğu qollar sayəsində qazandılar!

Uzatma dəqiqələrində üçüncü topu vuran Kaan Ayhanın Azərbaycan mənşəli olması təzə xəbər deyil. “Qalatasaray”ın təcrübəli müdafiəçisi Almaniyada doğulsa da, ata yurdu azərbaycanlıların kompakt məskunlaşdığı Iğdırdır.

Kaan cari mövsümü bir qədər zəif keçirib, bu üzdən əsas heyətdə yer almadı.Yalnız 3-cü turda meydana çıxdı. Amma baş məşqçi Viçentso Montella həmişə onun təcrübəsinə və universallığına böyük güvən bəsləyir. 32 yaşlı soydaşımız müdafiədə və dayaq mövqeyində istənilən boşluğu ustalıqla doldurur. Və standart vəziyyətlərdə yüksək qol duyumi ilə seçilir.
Kaanın yaşını nəzərə alsaq, yəqin ki, sonuncu böyük turniri idi. Onun “Şalke”də oynayan kiçik qardaşı Metecan Ayhanın isə hələ bütün uğurları qarşıdadı. Hələlik onu Türkiyənin gənclər millisinə cəlb edirlər. AFFA yatmasa, kiçik Ayhanı milliyə gətirməyə cəhd edə bilər.

Türkiyə millisində digər soydaşımız Orkun Kökçü isə ölkənin ən parlaq futbolçularından biridir. Millinin Avstraliya və Paraqvay qarşısında şansız məğlubiyyətləri “Beşiktaş” tarixinin ən bahalı transferinin turnirin ulduzlarından birinə çevrilməsi gümanlarına son qoydu. Amma ABŞ matçı göstərdi ki, yaşlanan Hakan Çalhanoğlunun əvəzinə məhz Orkun Arda Gülərlə birgə komandanın əsas dirijorları olmalıdı. Kəskin ara ötürmələri və vurduğu qolla bunu isbatladı.

26 yaşlı yarımmüdafiəçini yalnız böyük qardaşı Ozancan Azərbaycan millisində çıxış etdiyi üçün “azərbaycanlı” çıxarmırıq. Onlar doğurdan da bizimkidi. AFFA ucdantutma və səbəbsiz yerə qürbətçi türkiyəliləri milliləşdirdiyindən, azarkeşlərimiz bəzən gerçək soydaşlarımızı belə qəbul etmir. Hərçənd, Kökçü ailəsi də Iğdırdan – sırf azərbaycanlıların yaşadığı Çalpala kəndindəndir. Futbolçunun atası da bunu dəfələrlə vurğulayıb.

Ümumiyyətlə, Orkun Kökçünü tarixin ən bahalı azərbaycanlı futbolçusu da adlandıra bilərik. 30 milyon avroluq soydaşımızın qardaş ölkənin heyətində böyük zəfərlərinin hələ irəlidə olduğunu düşünürük.

Digər bizimkilər isə həmişəki kimi, ən çox azərbaycanlının məskunlaşdığı ölkənin – İranın heyətində yer alıb. Düzdür, İran yığmasının tərkibində artıq Əli Daei və Kərim Bağırı səviyyəsində futbolçularımız yoxdur. Ümumiyyətlə, İran 1998-ci ildəki gücündən uzaqdı. Amma mövzu bu deyil. Mövzu qonşumuzun idman şərəfini qoruyan güneylilərimizdi.

Bu dəfə son 3 mundialın iştirakçısı və Portuqaliyaya qol vurmuş Kərim Ənsərifərd də yoxdur. İranın ərdəbilli kapitanı karyerasını başa vurub.

Məlum molla rejiminin yerli idmançıların milli kimliyini gizlətməyə çalışması işimizi çətinləşdirsə də, heyətdəki azərbaycanlıları müəyyən edə bildik.
Əvvəllər İran yığmasının tərkibində Təbriz, Ərdəbil, Xoy, Urmiya, Qəzvin və Zəncanda doğulanları dərhal ayırmaq olurdu. Tərslikdən bu dəfə 26 nəfərlik siyahıda heç bir futbolçunun Güney Azərbaycan torpaqlarında doğulmaması məsələni qəlizləşdirirdi. İnternet resurslarında məlumatlar kasad və ziddiyyətli olduğundan, köməyimizə təbrizli dostlarımız çatdı. Etibarlı mənbələrlə adları dəqiqləşdirdik.

Bütöv Azərbaycanın qüruru, İranın son çempionu “Traktor”un 4 futbolçusu (Əlireza Beyranvənd, Şoca Xəlilzadə, Mehdi Torabi və Əmirhüsseyn Hüsseynzadə) yığmanın düşərgəsindədir. Amma bunlardan yalnız Əmirhüsseyn bizim soydaşımızdır, ərdəbillidir. Tehranda anadan olan 25 yaşlı hücumçumuz Yeni Zelandiyaya (2:2) və Belçika (0:0) matçlarında sonradan oyun girdi.

Bir başqa Tehran azərbaycanlısı Milad Mohəmmədi artıq 3-cü dünya çempionatında iştirak edir. Birinci oyunu əvəzedilmədən keçirən 32 yaşlı sol cinah müdafiəçisi, Belçikaya qarşı sonradan meydana çıxdı. Zəngin legioner karyerasına malikdir. İndi “Persepolis”də forma geyir və yığmanın aparıcı fiqurlarından biri hesab edilir.

Yeni Zelandiyayla oyunda iranlıların start heyətində yer almış Şəhriyar Muğanlı da azərbaycanlıdır. Rey şəhərində böyüyən 31 yaşlı forvardın əslən Zəncandan olduğunu bildirirlər. BƏƏ klubundan çağırılan Şəhriyar eynilə Daei və Ənsərifərd kimi taran tiplidi.

İranın heyətindəki digər futbolçuların da türk mənşəyi haqda söhbətlər gəzir. Amma onlar çox güman qarışıq etnik mənsubiyyətli və ya İranın digər türk xalqlarının nümayəndələridir. Məsələn, hələ debüt etməyən gənc müdafiəçi Danial Eyri türkdür. Amma Gülüstan əyalətindən olan Danial böyük ehtimalla azərbaycanlı deyil, türkməndir.

Beləliklə, DÇ-2026-da Azərbaycan mənşəli Orkun Kökçü və Kaan Ayhan Türkiyə, Əmirhüsseyn Hüsseynzadə, Milad Mohəmmədi və Şəhriyar Muğanlı isə İran üçün tər tökdü. Ermənilər müxtəlif illərdə, müxtəlif yığmaların heyətində mundialda oynamış öz soydaşlarını tez-tez sıralamağı xoşlayır. Bizim isə yalnız bir turnirdə az qala onların tarix boyu oynadığının cəmi qədər soydaşımız var.

Dünya çempionatındakı bütün soydaşlarımız — foto

Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!