Şənbə günü “Bakı”nın təlm-məşq bazasında yalnız “Barı Naxçıvan” mahnısı çatışmırdı. Böyükağa Hacıyev vaxtilə bir yerdə işlədiyi “Bakı”nın icraçı direktoru Yaşar Seyidovu ya zarafatla, ya da ürəkdən – bax, bunu dəqiqləşdirə bilmədim – şirin Naxçıvan ləhcəsiylə iki dəfə təhqir etdi. “Neftçi”nin baş məşqçisi əvvəlcə matçöncəsi məşqdən qayıdarkən, daha sonra mətbuat konfransından çıxarkən Seyidovun arxasınca hamının eşidəcəyi tərzdə əla sözlər dedi ki, onu mən burada yaza bilməyəcəm.
Oyunun gedişində isə Hacıyevi çox pis “döyüb”, yarasına Naxçıvan duzu basdılar. O da qıvrıla-qıvrıla qaldı, artıq-əskik danışmadı. Hətta mətbuat konfransında da sensasiyalı şəkildə düz-əməlli danışdı, kiminsə qarasınca deyinmədi, özfəaliyyəti elə Yaşar bəydən bir-iki kəlmə qırıldatmasından ibarət oldu. Hətta bundan dəhşətə gələn Milinko Pantiç də qaşındı, həmkarının arxasınca “mən onun kimi çox danışmayacam” deməyi lazım bildi.
Bizdə stadionda oyunu izləməyə çox az adam gəlir. Söhbət əgər “Bakı”nın ev oyunundan gedirsə, əhatə dairəsi, ümumiyyətlə, daralır. Burada futbol təsərrüfatımıza bağlılığı olan adamlar, jurnalistlər, futbolçuların yaxınları, bir də barmaqla sayıla biləcək qədər üzvü olan fan-klub üzvləri toplaşır. Fanatların futbolçulara irad bildirərkən istifadə etdiyi dialekt sözlərdən isə bəlli olur ki, elə onlar da rəhbərliyin yaxınlarıdı…
Hacıyevin mətbuat konfransında aləmi bir-birinə qatmamasının yəqin ki, əsas səbəbi Tahir Süleymanovla bağlı idi. Axı, 10 oyunluq cəzalanmış vitse-prezidenti stadiona buraxmırlar, klub prezidenti Sadıq Sadıqovun isə öncəgörmək qabiliyyəti var, uduzduqları oyunlarda heç vaxt arenada olmur. Elə buna görə də Böyükağa bəy özünü arxasız hiss edib üzdən getdi. Hətta iş o həddə catdı ki, bəhanəsi qalmayan məşqçi Nazım Süleymanovdan sitat gətirdi. Axı, komandaya azı 2 transfer – 1 hücumçu, 1 müdafiəçi – lazım olduğunu sabiq baş məşqçi də ərz etmişdi. O zaman fərqli danışıb baş məşqçi postunu qamarlayan Hacıyev bu dəfə eyni fikirlə vəziyyətdən çıxış yolu axtarır.
Ah, çərxi-fələk, sən niyə tərsinə dövran edirsən, axı, Süleymanovun dediklərini niyə reallığa çevirib, Hacıyevi utandırırsan? Böyükağa bəyi çox sınağa çəkmə, onsuz da çempionluq əldən gedir. Oyun planı bircə Erik Ramosdan asılı olan məşqçini Dəniz(li) küləyi də narahat edir. Budur ha, “Xəzər Lənkəran”ı dirildib gəlir, bu yandan da “İnter”lə “Bakı” “Neftçi”ni hətta avrokuboklara həsrət qoymaq üçün qollarını çırmayıb. Bilmirəm vaxtilə “Araz”da yola getmədiyi Əli Rəhmanovun ruhu, İranda torba tikdiyi Vaqif Sadıqovun ahı, “Bakı”da yola saldığı Əsgər Abdullayevin qarğışı tutub, yoxsa “Neftçi”dən didərgin saldığı Tərlan Əhmədovla Nazim Süleymanovun o postda gözü qalıb nədi Hacıyevin işləri heç düz gətirmir. Qorxuram axırda Sadıq Sadıqovu da özüylə birgə aparıb gedər? “Neftçi” “dədə”siz, Fəttah dayısız, Melvin Platye də Tahir Süleymanovsuz qalar. Ə bə qardaş, olar bilər da bə…




Fikirlərini bizimlə bölüş!