Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Düşmən Qriqorçukdu, öldürün onu!

Şanlı mütəxəssislərimiz və idman mətbuatı nəhayət ki, Azərbaycan futbolunun düşmənlərini tapa bildi. İndi qalır onları ən sərt şəkildə cəzalandırmaq.

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk və onun bu dağ rayonuna gətirdiyi futbolçu – Aleksey Antonov Azərbaycan futbolunun ən böyük düşmənləridi. Məhz bu iki şəxsin əməlləri futbolumuzu sürətli inkişafdan saxlayır. Məhz bu iki şəxsə görə AFFA prezidenti Rövnəq Abdullayev qurumun ofisinə ildə bir dəfə gəlir. Onda da tam məxfi. Məhz bu iki şəxsin təxribatçı əməlləri İcraiyyə Komitəsində təmsil olunanları həyəcanlandırır və onlar da dal-qabaq qərarlar verirlər. Məhz bu iki şəxs Elxan Məmmədov kimi centlmenin makler imicinə zərbə vurur. Məhz bu iki şəxs Ramin Musayevi cəmiyyətə Qurbanəli bəy obrazında təqdim edir. Məhz bu iki şəxsin səyi nəticəsində hakimlərimizin adı rüşvət qalmaqalında hallanır. Odu ey, Xaqani Məmmədovu hələ 15 il əvvəl şərləmək istəyib Qriqorçuk. Azərbaycan futbolunun düşmənləri onlardı – Roman Qriqorçuk, Aleksey Antonov.

Azərbaycanın millətşüvənlərinin narahatçılığını anlayışla qəbul edirəm. Bəli, onlar düşməndi. “Niyə”sni də deyəcəm. Qriqorçuk cəmi bir il əvvəl qəbul edib “Qəbələ”ni. Avroliqanın ilk təsnifat mərhələsində adı it dəftərində də olmayan “Şiroki Briyeq”ə iki oyunun nəticəsinə görə 0:5 hesabı ilə məğlub olan, çempionatda bərbad çıxış edən “Qəbələ”ni. Amma bu komandanı yenidən formalaşdırıb, bürünc medallara sahib etdi. Və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandırdı. Cəmi 8 aya etdi ey bunu. Özü də Antonov kimi “düşmən”in vasitəsiylə.

Azərbaycanlı mütəxəssislərin və jurnalistlərin “dahi” adlandırdıqları Kaxaber Tsxadadze 7 ilə bu qələti edə bilməmişdi. Bəli, Roman Qriqorçuk Avroliqa oyunlarında əsasən legionerlərə – yəni Antonova güvəndi. Ona görə ki, cəmi bir il əvvəl yerli futbolçuların çoxluq təşkil etdiyi “Qəbələ” “Şiroki Briyeq” qarşısında biabır olmuşdu.

Roman Qriqorçuk düşməndi. O, “Qəbələ”ni nə vaxtsa yuxuda da görə bilməyəcəyi uğura sahib etməklə, yerli futbolçuları zibilə çevirib. Millətşüvənlər “zibillər”inin bu şəkildə aşağılanmasını qəbul etmirlər. Antonov da düşməndi. O, sübut etdi ki, hətta ortabab futbolçularla da Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq olar. O, sübut etdi ki, yerli futbolçular arasında heç ortabablar da yoxdu. O, hazırda Azərbaycan çempionatının bombardirləri arasındadı. Bu da millətşüvənlərin “çest”inə dəyir. Axı niyə o siyahıda futbolçu olmayan Antonov var, amma yerli oyunçu yoxdu? Haqlı sualdı. Günahkar Qriqorçuk və Antonovdu. Onları öldürmək lazımdı. Öldürmək lazımdı ki, yerli futbolçular meydana çıxsın, adları bombardirlər siyahısında olsun, Rövnəq Abdullayev AFFA-ya gəlsin, Elxan Məmmədov yaxşı makler olsun, Ramin Musayev öz obrazında görünsün, hakimlərimiz rüşvət almasın, İcraiyyə Komitəsində təmsil olunanlar isə sağlam düşüncəyə sahib olsunlar. Onlar öldürülməlidi! Öldürülməlidi ki, futbolumuz inkişaf etsin!

“Qəbələ”nin “Şiroki Briyeq”ə məğlub olduğu oyunlarda meydana çıxmış yerli futbolçuların siyahısını təqdim edirəm. Millətşüvənlər, oxuyun və Qriqorçuku da, onun gətirdiyi futbolçuları da söyün. Utanmasan, söyməyə nə var ki?

Ev oyunu: Kamran Ağayev, Elvin Camalov, Nizami Hacıyev, Ruslan Abışov, Ruslan Tağızadə, Elnur Allahverdiyev.
Səfər oyunu: Kamran Ağayev, Vladimir Levin, Ruslan Abışov, Ruslan Tağızadə, Urfan Abbasov, Nizami Hacıyev, Sadiq Quliyev, Ruslan Əmircanov, Elvin Camalov.

Fikirlərini bizimlə bölüş!