Rövnəq müəllim, Azərbaycanda “Xəzər Lənkəran” adlı klub vardı, xatırlayırsınız? Futbolun sabit inkişafının qurbanı oldu.
Sayənizdə. O “Xəzər Lənkəran”ın məşhur bir azarkeşi vardı. Arabaçı işləyirdi, bazarda yük daşıyırdı, evinə çörək aparmaq üçün.
Onun məşhur bir ifadəsi vardı. Yük daşıyıb ilk manatı qazandıqdan sonra öpərək gözünün üstünə qoyub deyirdi: “Bilet pulu düzəldi, qaldı çörək pulu”. İndi o azarkeşin harda olduğunu bilmirəm. Bəlkə də sağ deyil, bəlkə də yenə yük daşımaqla çörəkpulu qazanır. Amma o çörəkpulunu necə qazanır…
Onun daşıdığı yük sizin daşıdığınız yükdən deyil, Rövnəq Abdullayev. O, pul yükü daşımır, əzab yükü daşıyır. Pul yükü nə qədər ağır olsa da, gözləri, cibləri və vicdanları doydurmur. Onun yükü isə beli əyir, əli qırışladır. Amma ürəyi də, cibi də, vicdanı da doldurur.
Lənkərandan keçək qonşu Masallıya. Orda da bir “Viləş” vardı. Azərbaycan futboluna xeyli oyunçu bəxş etmiş klubu deyirəm. O da ömrünü sizin kimilərə bağışlayıb.
O “Viləş”in stadionu indi xarabalığa bənzəyir.
O “Viləş”in veteranları bu xarabalıqda da uşaqlara futbol oynamağı öyrətməyə cəhd göstərirlər.
O veteranlar əzab çəkə-çəkə deyirlər ki, Masallının kəndlərində elə istedadlar var ki… Amma yolpulu tapa bilmirlər məşqə gəlməyə.
Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində keçirdiyi 5 oyunda cəmisi 1 xal qazanıb, Rövnəq müəllim. Yəqin ki, futbolun sabit inkişafının göstəricisidir bu. Amma bu bir xalı qazanmaq üçün uzaq Xorvatiyadan məşqçi gətirməyə, ona 1 milyon manat verməyə lüzum yox idi. O 1 xalı Əli, Vəli, Pirvəli ilə də qazanmaq olardı. Özü də ilinə 1 milyon yox, 50 min manat verməklə.
O 1 xala görə xorvata verilən vəsaiti yolpulu tapmayan o uşaqlara vermək, “Viləş”in dağılmış stadionunu təmir etmək, yük daşıyan o azarkeşin əzabını yüngülləşdirmək olmazdı? Olardı.
Amma bunu yox, onu edirlər. Bir milyonu 1 xal üçün xorvata verirlər. Bunu kim edər, Rövnəq Abdullayev? Düşmən? Yox, düşmən də belə qələt etməz.
Azərbaycanın U-21 yığmasının Gürcüstanla oyununa baxdınız, Rövnəq Abdullayev? Gürcülər bu xalqın yeddi arxa dönəninə söyüb getdilər. O gürcüləri deyirəm ki, Azərbaycanın ianəsinə möhtacdırlar. U-21 Lixtenşteynə tarixində ilk qələbə sevincini dadızdırıb, bizi gürcülərə söydürüb.
Bunu etmək üçün hardansa “oviç” soyadlı birini gətirib ona yarım milyon manat verməyə nə hacət vardı? Onu Əli, Vəli, Pirvəli edə bilməzdi? Edərdi, özü də cəmisi 5-10 min manata.
Yevlaxda, İmişlidə, Qusarda, Mingəçevirdə, Salyanda, Sabirabadda, Şirvanda futbolun olub-olmadığından xəbərdarsınız, Rövnəq Abdullayev? Oralarda uşaqların əlində dəri yox, parçadan hazırlanmış “top” olur, Rövnəq Abdullayev.
Bizi gürcülərə söydürən “oviç”ə verdiyiniz yarım milyona o uşaqlara topa almaq, onların oynaması üçün meydança salmaq olmazdı? Olardı!
Kim qoymur bunu etməyə? Düşmən? Yox, düşmən də belə qələti etməz. Bunu düşməndən də betər düşmən edər. Sizcə, düşməndən də betər o düşmən kimdir, Rövnəq Abdullayev?




Fikirlərini bizimlə bölüş!