Erməni futbolçu Kadimyanın karyera yüksəlişində Tahir Süleymanovun dolayı rolu barədə yazımın mahiyyətində qərəz axtaranlar var. Ancaq mən o yazının görk xarakteri daşıyacağına inamımı itirməmişəm. Bizim vermək istədiyimiz mesaj başqa idi. Süleymanovun ifşasından daha əlahəddə bir məqsəd yatır o mesajda. Gürcü və erməni futbolçuların planetin dörd bir yanına yayılmasının, bizim isə bu mənada heç bir addım ata bilməməyimizin altında yatan mətləbləri aça bilərik, bu ipucları ilə yola çıxmağı bacarsaq.
Dəfələrlə gürcü futbolçuların Gürcüstan klublarından başqa xarici klublara keçidi ilə bağlı danışıqlarda iştirak etmişəm. Gürcülər ölkə xaricinə futbolçunun çıxması perspektivi yarananda bunun gerçəkləşməsi üçün dəridən-qabıqdan çıxırlar, hər şey çox rahat həll edilir. Ermənistan klublarından erməni futbolçuları transferlərini həll edən ukraynalı dostlarımızdan da eyni məlumatları alıram. Azərbayacan klublarının qapısını döyənlər isə peşman olurlar. Klub marketinqi olmadığından, bizdə futbolçu keçidi avtomobil alveri kimi bir şeydi. Əlini uzatdığın futbolçu anındaca qiymətə mindirilir. Dünənə qədər yan-yörəndən əksik olmayan klub idarəçiləri anidən böyüyürlər, çox böyüyürlər. Nəticədə bütün bunlar ikrah hissi doğurur.
Sizə mərkəzi ofisi Birləşmiş Ərəb Əmirliklərində olan bir şirkətdən danışım. “Bucket Group Sports Management” adlanır, internetdə yazıb araşdıra bilərsiniz. Təsisçiləri erməni biznesmenlərdi. Fərqli sektorların ticarət adamları. Ancaq işləri CEO aparır: Ruben Vesmadyan.
Ermənistanın “Banants” klubunda Xakob Xambardzumyan adında bir yarımmüdafiəçi çıxış edir. 21 yaşı var. Mənə ukraynalı dostlar bu dığanın klubu ilə bağladığı müqavilənin nüsxəsini göstərdilər. Dəhşətə gəlmişdim. Əminəm ki, heç bir azərbaycanlı futbolçunun, heç bir yaşında, karyerasının heç bir dövründə bu günə qədər o səviyyədə sözləşməsi olmayıb. Müqavilə 18 səhifədən ibarət idi. Sənəddə futbolçunun hazırda çıxış etdiyi klubun futbolçu üçün sadəcə və sadəcə tramplin xarakterli olduğu bir çox maddələrdə əksini tapırdı. “Bucket Group” vasitəsi ilə “Banants”a daxil olan və futbolçunun hərhansı xarici kluba keçidi ilə bağlı müraciət olduğu təqdirdə klub qeyd-şərtsiz futbolçunu buraxmaqda mükəlləfdir! “Banants” bununla pulsuzmu qalır? Nə danışırsınız? Ortada erməni təfəkkürü var. Mütləq ölkəyə pul gəlməlidi. Ancaq indi yox. Xakobun karyerasını bitirənə qədər davam edəcək bütün keçidlərindən müəyyənləşdirilmiş faiz. Bu nə deməkdir, bilirsinizmi? Hər kəs əl-ələ verir, bir amal uğruna svaşır. Xakoblar, Revazlar dünyaya yayılsın, erməni, gürcü futbolçusunun reytinqi yüksəlsin. Bəli, dostlar, Mixtaryanı Mixtaryan edən bu siyasətdi. Əgər 2009-cu ildə “Pünik”in vitse-prezidenti Tahir Süleymanovluq etsəydi, onu Donetsk “Metallurq”a buraxmasaydı, indi o, “Arsenal”ın formasını geymirdi. Sizcə “Pünik” bu transferdən pul almışdı? Xeyr, 1 qəpik də. “Pünik” indi qazanır milyonları. Hər futbolçunun karyerasında məqamlar olur, istifadə edə bilənlər yüksəlirlər.
Cavid İmamverdiyev olmasın, olsun Rauf Əliyev. Vaxt olub, biz bu futbolçunun Odessa “Çernomoretsi”nə keçidi üçün çalışmışıq. Baxışa getməliydi. Onda da Odessa klubun baş məşqçisi Roman Qriqarçuk idi. Raufun qardaşı dedi ki, Qruqarçuka deyin yığmamızın Yaponiya ilə səfərdəki matçını izləsin, qərar versin, Rauf baxışa getmir. Biz də dedik. Daha bilmirəm, Qriqarçuk o oyunu izlədi, ya yox, məsələ qapandı, getdi. Ermənilər, gürcülər o futbolçunu döyə-döyə aparardılar baxışa.
Ruben Vesmadyanlar işləyirlər, dayanmırlar. Şirkətləşiblər artıq. Avropada, Dünyada əllərinin çatmadığı futbol klubu yoxdu. Futbolçunun keçidi ilə hər işləri bitmir. Onların futbolçularının karyeraları boyu yanındadılar. Ölkə xaricinə çıxan futbolçunun imicmeykeri, media məsləhətçisi, reklam meneceri təyin edilir. Biz 2013-cü ildə “Adoq Qrup”la “Transfermarket” MMC-ni yaradanda bax bu hədəflərlə yola çıxmışdıq. Ancaq gördük ki, azərbaycanlı futbolçu ilə, azərbaycanlı futbol adamları ilə mümkün deyil. Bilirsiniz niyə mümkün deyil? Çünkü hər şey tribunadan dəyişir. Onları ictimai rəy dəyişməlidi. “Futbolçumuz, klub idarəçimiz savadsızdır” deyib yaxamızı kənara çəkməklə iş bitmir. Onları biz- cəmiyyət tərbiyyə etməliyik. Mən, Tahir Süleymanov Cavid İmamverdiyevin karyerasını məhv etdi yazıram, siz, Tahir Süleymanov gözəl insandı deyirsiniz. Nə baxımdan gözəl insandı? İzah edin barı. Bir dostum ona “Cimi” ayaması tapmışdı, hind artislərinə oxşadığına görə. Bəlkə Cimi olduğuna görə, gözəl insandı Süleymanov? Nə edib, nə əkib, nə biçib? Bir zəhmət faktlarla danışın. Konkret onun gördükləri işləri deyin amma. Sadıq Sadıqovun, pulun-paranın gördüyü işləri qoyun bir kənara. “Turan”da işləyib, nə edib, məsələn? Sadıq Sadıqov gəlməmişdən əvvəl “Neftçi”də işləməyə başlamışdı. O dövrdən danışın? İndiki “Neftçi” o dövrün komandasının yanında toya getməli idi. Hansı təməli hazırlayıb? Ölkə xaricində “Neftçi”dən çıxma neçə futbolçumuz oynayır? Araz Abdullayev? Başqa? Mpenzadan danışın, məsələn.
Dövrünü qapamış futbol funksionerlərinin hamısı bir bezin qırağıdı. Sabah, məsələn, Tuyqun Nadirov başlasın eyni pafosla danışmağa, Bəhruz Şirəliyev gəlsin gündəmə, Nail Əliyev çıxsın ortalığığa, Alı Alyev başlasın təbliğata – reaksiyamız eyni olacaq. Bu nəsil ancaq öz mənfəətini güdməklə məşğul olub və bizlərə qos-qoca bir çöküntü qoyub gediblər. Qoyduqları xarabalığın üstündə müasir düşüncə tərzi ilə təməllər atmalıyıq, dostlar. Əvvəl azarkeşimizin düşüncəsindən başlamalıyıq. “Cavid İmamverdiyev getsəydi, guya 5-i 15 edəcəkdi” deyən fanatlardan başlamalıyıq. Onlara öyrətməliyik ki, bəlkə də cavidlər gedəcəkdi və heç bir oyuna çıxa bilməyəcəkdi, “Qoverla”da. Necə ki, onun yerinə transfer olunan erməni dığası cəmi 1 matç oynaya bildi. Ancaq reyqtinq baxımında bu keçidlər vacibdi. Sabah İmamverdiyevi referans edərək başqa əliyevləri, vəliyevləri aparmaq, tanıtmaq imkanımız olacaqdı. Yoxsa ki, rədd olsun, Tahir Süleymanov! Mənim o adamdan danışmaq kimi bir arzum istəyim yoxdu. Əksinə, belə bir mövzumuz olmasa daha yaxşıdı. Nə yazıq ki, var.
Mənim nə demək istədiyimi nəhayət başa düşə bildinizmi? Rəsul ŞÜKÜRSOY




Fikirlərini bizimlə bölüş!