AFFA-nın baş katibi “Turan”ın sahibini futboldan bezdirdi
Rövşən Nəcəf AFFA prezidenti seçiləndə 2025-2028-ci illəri əhatə edəcək inkişaf strategiyasının yalnız federasiyanın və dövlətin dəstəyilə ilə həyata keçirilməsinin çətin olacağını, xüsusən klublara sponsorların gərəkdiyini vurğulamışdı.
Azərbaycan futboluna son dövrlərdə gəlmiş ən normal sponsor yəqin elə “Huner Group”du.
Tovuz kimi futbolla yaşayan bir rayonun futboluna Ehtiram Quliyev nəfəs verdi, akademiyaya meydançalar, baza, Kürdəxanıda komanda üçün şərait qurdu, stadiona təbii ot örtüyü salındı və s.
Bahalı oyunçular, Kurban Berdıyev kimi tanınmış mütəxəssis gətirildi.
Amma onun futbolda olması sanki, kimlərinsə qarnına sancı saldı.
Hakimlər mütəmadi olaraq “Turan Tovuz”un haqqını yedi.
Mən istədim Quliyevin gəlişindən sonra tovuzluların oyunlarında nəticəyə təsir edən səhvləri bir-bir yazım. Gördüm ki, bu bir məqaləyə sığacaq iş deyil…
Quliyev kimi adamları Azərbaycan futbolunda çıraqla axtarsan tapmazsan.
Çox mədəni, istiqanlı, mehriban, nəzakətli insandı.
Media nümayəndələrinə daim sayğısını göstərir. Tovuz stadionunda olanlar bilir, media sektoru ilə “Turan Tovuz”un rəhbərliyinin oyunlarda əyləşdiyi yer arasında qonaq komandanın rəhbərliyinin skayboksu və dəmir maneələr var.
Ölkəmizi ilk dəfə avrokuboklarda təmsil etmiş tovuzluların 32 il sonra qitə turnirlərinə halal vəsiqə qazandığı oyundan sonra Ehtiram müəllim bizi gördü, həmin dəmir manelərin üstündən keçib yanımıza gəldi, bütün həmkarlarımla şəxsən görüşdü, qar-yağış demədən çəkdikləri əziyyətə görə təşəkkür etdi, amma jurnalistlərin açıqlama almaq istəyinə “Mən nə etmişəm ki, bu uğuru komandamız qazandı” sözlərini dedi.
Məncə, 50-yə yaxın yaşı və 2 metrə yaxın boyu olan bir adamın həmin maneələri rahatlıqla aşacaq formada olması üçün təkcə sağlam həyat keçirməsi bəs etmir. Həm də idmanla məşğul olmaq lazımdı.
Amma ən önəmlisi tərbiyə, qabiliyyət, mərifət, qanacaqdır.
Quliyev çox müsbət keyfiyyətləri özündə cəmləşdirmiş şəxsiyyətdir.
O “Turan Tovuz”dan getsə, bir daha heç bir ağlı başında olan sponsor Azərbaycan futboluna yaxın durmayacaq.
Adamın futbola gəldiyi dövrdən bu yana başına açılmayan oyun qalmadı.
İstəyiniz nədir hörmətli AFFA və Hakimlər Komitəsi?
Baş katibiniz Cahangir Fərəcullayevlə təxminən eyni dövrdə futbola gələn Ehtiram Quliyevin etdiklərinin kölgəsində qalmağınız xoşunuza gəlmir?
Yəqin ki, rəsmən 5 rəqəmli, qeyri-rəsmi bəlkə də 6 rəqəmli maaş alan Cahangir Fərəcullayev bu müddətdə futbolun inkişafı üçün hansı işlər gördü?!
Əvəzində öz pulunu futbolumuza yatıran Quliyevə qarşı bu nə münasibətdir, paxıllıqdır, qısqanclıqdır?
Futbol bir yana, bu həmin Quliyevdir ki, Vətən üçün etdiklərini elə həmin Cahangir Fərəcullayevin etdikləri ilə bir tərəziyə qoymaq üçün gərək psixi problemin olsun.
Quliyevin bezdirilib futboldan getməsi Azərbaycan futbolu üçün böyük biabırçılıq və faciə olacaq.
Azərbaycan futbolu Cahangir Fərəcullayev kimi ona layiq olduğundan artıq vəzifə verənləri söyən adamları vəzifəyə gətirən tapşırıqlı kadrlardan qurtulmalıdır.
Futbolumuza Ehtiram Quliyev kimi mənəviyyatlı rəhbərlər lazımdır.
Azərbaycan futboluna Cahangir Fərəcullayev kimi rəhbər lazımdır, yoxsa Ehtiram Quliyev kimi sponsor?
Azərbaycan futboluna hansının faydası daha çoxdur?
Yazılanlara görə, oktyabrın 3-ü Bakıda keçiriləcək “Turan Tovuz” – “Fənərbağça” oyunundan sonra Ehtiram Quliyev Azərbaycan futbolundan gedəcək.
Məncə, dövlət, AFFA, media, azarkeşlər, Azərbaycan futbolunun səmimi qəlbdən inkişafını istəyən hər kəs Quliyevi bu fikirdən daşındırmaq üçün ona bacardığı dəstəyi verməlidir.
Ümid edirəm ki, “Turan Tovuz”u elə gələn yay Ehtiram başqanla bir yerdə avrokuboklarda görəcəyik.
Bunun üçün yaşamağa, yaratmağa, təslim olmamağa, futbolumuzun gələcəyi üçün haqq mübarizəsi aparmağa dəyər!
Anar ŞABANOĞLU


Fikirlərini bizimlə bölüş!