“Turan Tovuz” – “Zirə” matçında (1:0) baş verənlərlə bağlı çox yazıldı. Hakimliklə bağlı söhbətlər hələ deyəsən çox zaman və enerji aparacaq. İldən-ilə vəziyyət daha da pisləşir.
Bu mövsüm başlayar-başlamaz hakimlərimiz meydanlarda hoqqa verməyə başladı, əcaib-qəraib qərarları ilə hamını mat-məəttəl qoydu və deyəsən bu hal-qəza davam da edəcək. Çünki, nə hakimlərin, nə onlara başçılıq edənlərin vəziyyəti dəyişmək fikri yoxdur.
Yəqin, qərar belədir, nəticələrə təsir etmək mexanizmi yaradılıb. Adamın ağlına başqa heç nə gəlmir, çünki, bu qədər səhv və yanlış qərarların müqabilində bir dənə də olsun ciddi tədbir görülməyib. Bu gedişlə deyəsən qayıdacağıq yenidən keçmişə.
Cəzasızlıq və tədbirsizlik gec-tez ciddi insidentlərə səbəb olacaq və sonunda keçmişdə olduğu kimi azarkeşlər özləri hakimləri cəzalandırmaq qərarına gələcək. Vay o gündən ki, bu hadisə baş versin. Verməməsi üçün indidən nə isə etmək lazımdır.
Hakimlər bir yana, “Turan Tovuz” komandasının heyət üzvlərinin qoçuluğu da getdikcə vüsət almaqdadır. “Zirə”yə qarşı aşırı aqressiya o hədd çatıb ki, artıq italyan məşqçilər də rəqib komandanın baş məşqçisinə əməlli-başlı hücum çəkirlər. Qəzəbli italyanların qarşısını alan olmasaydı heç şübhəsiz yumruqlar işə düşəcəkdi. Özü də kimə qarşı? Azərbaycan futbolunda oyunçu kimi iz qoymuş, müstəqillik dövrünün ən yaxşı futbolçularından biri Rəşad Sadıqova qarşı.
İtalyanların və ümumilikdə “Turan Tovuz” heyətinin bu özbaşınalığı və qoçuluğunun arxasında duran səbəblər nədir?
Deyəcəklər ki, klub arasında olan intriqa, Rəşad Sadıqovun “Turan”la bağlı keçmişi. Bütün bunlar varsa da, azarkeşlər səviyyəsində, tribunalar səviyyəsində olacaq işlərdir.
O gün stadionda baş verənlərin tək səbəbi “Turan Tovuz”un bir klub kimi idarə olunmamasındadır. Bəli, Ehtiram Quliyevin “dostlar klubu”, “tələbə yoldaşları” dərnəyi klub daxilində intizam yarada bilmir, görünür, yaratmaq iqtidarında da deyil. Əks halda yaşıl meydanda italyanların o hücumu baş verməzdi.
Ona görə baş verir ki, 74 yaşında ahıl pensioneri gətirib qoyublar baş məşqçi, o da necə deyərlər arpa yeyib cənnətdən çıxıb. İntizam, qayda-qanun yaradacaq halda deyil. Heç oyunları və heyəti güc-bəla ilə qurur, yaddaşı və fiziki vəziyyəti imkan verdiyi qədər.
Ehtiram Quliyevin dərnəyi isə görünür, klub idarə edəcək, dəmir intizam yaradacaq vəziyyətdə deyil və bunun nəticəsini keçən il Quliyev özü hiss etdi. O boyda xərcin qarşısında Avropa kuboklarından kənarda qaldı. Səriştəsizliyin nəticəsi olaraq. Deyilənə görə, Quliyev yaxşı insandır, amma yaxşı insanı da həmişə yaxın ətrafı düzdə qoyur. Deyəsən, o məqam elə də uzaqda deyil.
Rövşən SULTANOV

Fikirlərini bizimlə bölüş!