Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Əldən getdi cavanlarımız…

Bir gün Molla Nəsrəddindən soruşurlar ki, təzə ay çıxanda köhnəsini neyniyirlər? Gözünə döndüyüm molla da qayıdıb "Köhnə ayı doğrayıb ulduz qayırırlar” deyir. Azərbaycan futbolunda da hazırda "ulduzqayırma” prosesləri uğurla həyata keçirilir.

"Xəzər Lənkəran”ın və Azərbaycan futbolunun son illərdə yetişdirdiyi ən istedadlı yeniyetmələrdən olan Elnur Cəfərovu bir müddətdi ki, şişirə-şişirə "ulduz”a çevirirlər. Adam həftənin əvvəli "Xəzər Lənkəran”ın heyətində meydana çıxır, cəmisi 2-3 gün sonra U-19 heyətində oynayır və qırmızı vərəqə alır. Ardınca da millinin düşərgəsindən kənarlaşdırılır. Bir də eşidirik ki, U-21-in baş məşqçisi Yaşar Vahabzadə artıq Elnuru öz yanına çağırıb, başına sığal çəkib Rusiya ilə oyunun hazırlıqlarına cəlb edib.

Yunis Hüseynovun gənc futbolçusuna görə əsim-əsim əsməsini başa düşürəm. "Gəmiçilər”in heyəti onsuz da kasaddı, lənkəranlıların Premyer Liqa oyunlarında meydana çıxacaq 13-14 futbolçusu var. Onların arasında səviyyəsini görə Cəfərovun fərqləndiyi, komandanın "əsas silah”larından biri sayıldığı da məlum məsələdi. Belə yerdə müdriklərimizin "yoxa lənət” deyimi yada düşür.

Təsadüfi deyil ki, Yunis bəy özü də Elnurun son vaxtlar davranışlarından, məşqlərə münasibətindən narazı qaldığını gizlətmirdi. Hələ əsas millinin İtaliya və Bolqarıstanla qarşılaşmalarından sonra təcrübəli çalışdırıcı bu narazılığını biruzə vermişdi. Şübhə etmirəm ki, "Xəzər Lənkəran”ın baş məşqçisinin seçim imkanı olsaydı, Cəfərovu göydən yerə endirmək üçün zəruri tədbirləri görər, yeniyetmə futbolçunun yoluxmağa başladığı xəstəlikdən qurtulması üçün müalicə tədbirlərinə əl atardı. Təəssüflər olsun ki, FİFA-nın məlum qadağası Yunis bəyin əlini-qolunu bağlayıb. Hadisələrin gedişatı çalışdırıcının işinin bundan sonra daha da çətin olacağından xəbər verir. "Niyə” sualının cavabı isə çox sadədi.

Nazim Süleymanov Türkiyə ilə oyunda intizamsızlığına görə meydandan qovulan Elnuru U-19-un düşərgəsində saxlamağı lazım bilmədi. Ona həm fiziki, həm də psixoloji baxımdan dincəlmək, papağını qarşısına qoyub düşünmək üçün imkan yaratdı. Millimizin Bosniya və Hersoqovina ilə oyundakı görüntüsü Süleymanovun əl atdığı intizam tədbirlərinin işə yaradığından, çətin yaş dövrünü keçməkdə olan yeniyetmələrin Mədətovla Cəfərovun başına gələnlərdən dərs çıxardığından xəbər verirdi.

Bu oyunda millinin futbolçular meydanda ayaqlarını sürümür, qələbə qazanmaqdan ötrü özlərini oda-közə vururdular. Deməli, intizam tədbiri digərlərini qəflət yuxusundan oyatmışdı. Belə bir məqamda Yaşar Vahabzadənin Elnur Cəfərovu yenidən qanadının altına alması hər şeyi korladı.

Cənab Vahabzadə iddia edir ki, hələ Almaniyaya yollanmazdan əvvəl Prosineçkinin və Süleymanovun iştirakıyla müzakirələr aparılıb, Elnurun noyabrın 16-da U-21-in düşərgəsinə qoşulmasına qərar veriblər. Guya ki, Elnur təkbaşına rusların qapısını aşsüzənə döndərəcək, şimal qonşularımız Bakıya gəldiklərinə görə peşiman olacaqlar.

İlk baxışdan hər şey əvvəlcədən əldə olunan razılığa uyğundu. Amma onda hələ Türkiyə ilə oyunda yaşananlara şahid olmamışdıq. İndi Cəfərova münasibət şəxsən məndə və mənim kimi düşünən bir çoxlarında birmənalı deyil. Çətin anda məsuliyyəti üzərinə götürməyən, rəqibin qapısına penalti vurmaqdan boyun qaçıran futbolçudan lider olarmı?

Onun istedadlı futbolçu olduğuna şübhə yoxdu. Di gəl ki, Elnurun yorğunluğu və özündən razılığı da artıq özünü aşkar biruzə verir. Gənc futbolçunun bu yaşda peşəkar mütəxəssislər tərəfindən tətbiq olunacaq "terapiya”ya ehtiyacı var. Özü də gecikmədən. Əks halda, tezliklə hamımız bir yerə yığışıb, "Əldən getdi cavanlığım” mahnısını dinləməməklə ovunmağa məcbur qalacağıq.

Fikirlərini bizimlə bölüş!