Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Elmar Vəliyevə tribuna təzyiqi

“Kəpəz”in Azərbaycan Premyer Liqasına qaytarılması qeyri-qanuni yolla başa gəlsə də, komandanın sərgilədiyi oyun kifayət qədər qənaətbəxşdi. Gəncədə baş tutan qarşılaşmalarda tribunalara 10 minədək azarkeşin gəlməsi də göz oxşayan məqamlardandı. Amma Gəncə stadionunun qəza şəraitində olması “Kəpəz” adına yaraşan məqam deyil.

Yerli azarkeşlər artıq avrokuboklar barədə düşünməyə başladığı bir vaxtda stadionun faciəvi durumda olması heç kimə başucalığı gətirmir. Gəncə təmsilçisinin AZAL-a qarşı son ev oyunundan sonra yerli fanatlar acınacaqlı durumla bağlı narazılıqlarını sosial şəbəkədə bəyanat yaymaqla paylaşmağa zərurət duyublar. Amma məsələ burasındadı ki, stadion “Kəpəz”in balansında deyil. Başqa sözlə, azarkeşlərin etirazı da klub rəhbərliyinə çatmır.

Gəncə stadionu şəhər işcra hakimiyyətinin nəzarətindədi. Rəsmən Gənclər və İdman İdarəsinin balansında olsa da, aydın məsələdi ki, təmir işləri Gəncə icra hakimiyyətinin başçısı Elmar Vəliyevin tapşırığı əsasında baş tutmalıdı. Məlum maliyyə böhranından sonra isə Vəliyev heç komandaya da yardım etmir. Əvvəlcədən icra başçısının klubun maaşlardan başqa digər məsrəflərini qarşılayacağıyla bağlı razılıq əldə edilsə də, indi vəziyyət fərqlidi. Vəliyevin hətta oğlunun klubun Müşahidə Şurasının sədri vəzifəsinə təyin olunması da fayda vermir. Nəzərə alsaq ki, klubun fanatları Vəliyevdən daha çox sevimli komandalarının əsl rəhbərlərinə yaxındılar. Yayılan bəyanatda “Kəpəz”in “barmağı”nın olduğunu da təxmin etmək mümkündü. Bu, bir növ icra başçısına təzyiq mexanizmi kimi də qələmə alına bilər.

Ancaq bütün hallarda stadionda əsaslı təmir işləri aparılmalıdı. Respublikanın 2-ci ən böyük şəhərinin stadionu bu kökdə olmamalıdı. Bu, gəncəlilərin hüququdu! Sağa-sola milyonlar xərcləyən dövlət məmurlarının stadionu normal hala gətirmək vəzifə borclarıdı! Hərçənd, bunun tam əksini görsək də, təəccüblənməyəcəyik.

İnsan axınının qarşısını almaq üçün yoxlanılmış yollar var. Baş məşqçini kənarlaşdırmaq, futbolçulara süni problemlər yaratmaq və yekunda yerli gənclərin ümidinə qalan komanda yaratmaq. “Kəpəz” qapazaltı olduqdan sonra isə oyunlara nə kütlə gələcək, nə stadionun acınacaqlı durumda olmasına etiraz edən olacaq, nə də sosial şəbəkələrdə haqq səsini ucaldan.

Fikirlərini bizimlə bölüş!