Elxan Məmmədov qayıdır…

Elxan Məmmədov qayıdır… — illüstrasiya

Azərbaycan futbolunda son illərin ən mübahisəli fiqurlarından biri şübhəsiz ki, Elxan Məmmədov olub. AFFA-da uzun illər əsas qərarvericilərdən biri kimi fəaliyyət göstərən Məmmədovun dövrü həm icra edilən milyonluq layihələr, həm nəticəsizlik, həm də şəffaflıqla bağlı narazılıqlar yaradıb.

2007-2022-ci illər aralığında AFFA-nın baş katibi və icraçı vitse-prezidenti postunda çalışan, birmənalı olaraq ölkə futbolunun milli komanda səviyyəsində acınacaqlı duruma düşməsində başlıca iştirakı olan Elxan Məmmədov hazırda Parisdə, FİFA-da vəzifədədir. Onun FİFA-da vəzifəyə gətirilməsi, AFFA-dakı işindən ayrılması 4 il öncə baş versə də, Elxan Məmmədov yenə də ölkə futbolunda müəyyən qədər öz təsir dairəsini saxlayıb ki, bu da bu camiədə olan heç kimdə şübhə doğurmur.

O, zaman-zaman bir sıra məsələlərdə önə çıxır, özünün səlahiyyəti olmasa da, sözü keçən adamların vasitəsilə Azərbaycan futbolunda bəzi işlərin həllinə nail olmağı bacarır. Biz – media, azarkeşlər, ölkədə idmanın bu sahəsininin inkişafını istəyən hər kəs Elxan Məmmədovun Azərbaycan futbolundan uzaq qalmasını istəsə də, o, hər vəchlə necə olursa, buna qarşı gəlir və öz təsir imkanlarını əlində saxlayır.

Premyer Liqada “Araz-Naxçıvan” kimi klublarda söz sahibi olan, dostu Ceyhun Sultanovu bu komandaya prezident təyin etdirən Elxan Məmmədov ölkə futbolunda sonuncu müdaxiləni bir neçə gün öncə, uzun müddətdir müzakirə olunan Peşəkar Futbol Liqasının gələcək prezidenti ilə bağlı məsələdə edib.

Peşəkar Futbol Liqasının prezidenti vəzifəsinə keçiriləcək seçkilərdə hazırkı prezident Elxan Səmədovun yeganə namizəd olacağını xəbər vermişdik. İddia olunur ki, o, bu məsələdə birbaşa olaraq Elxan Məmmədovdan dəstək almağı bacarıb. Məhz Elxan Məmmədovun müdaxiləsindən, sabiq baş katibin bu və digər sahədə sözü keçən şəxslərlərə əlaqə saxlamasından sonra, Elxan Səmədov seçkilərə yeganə namizəd kimi getməyə nail olub.

Hər halda ciddi iddiadır və bu, Elxan Məmmədovun Azərbaycan futbolunda təsir imkanlarının tamamilə bitməməsini göstərir. Bundan narahat olmalıyıqmı? Birmənalı olaraq, bəli! Çünki hamıya aydındır ki, Elxan Məmmədov öz maraqları olmayan heç bir işə qol qoymur. Bəs, Elxan Məmmədovun vaxtilə onun rəhbərlik etdiyi dönəmdə AFFA-da Departament müdiri çalışmış Elxan Səmədova dəstək göstərməsində nə marağı ola bilər? Bunu isə zaman göstərəcək…

Görünən odur ki, Elxan Məmmədov Azərbaycan futbolundan tam getməyib, gedibsə də, qayıdır…

Emin SƏFƏROV

Elxan Məmmədov qayıdır… — illüstrasiya

Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!