Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Elxan Məmmədovun erməni futboluna töhfəsi

Bu da Elxan Məmmədovun cücələri. AFFA-nın baş katibinin istəyi və diqtəsi ilə milli komandalarımıza doldurulan əcnəbilər üzümüzü qara etməkdədi.

“Uğur”, əsasən də yaxşı pul qazanmaq naminə kimi gəldi yığmaya cəlb edən Məmmədova növbəti silləni Şamil Qurbanov vurdu. Kürd bayrağı ilə Kobaniyə dəstək aksiyasında iştirak və bunu çəkinmədən bəyan edən Melis Sarıaltının ardınca indi də dağıstanlı müdafiəçi biabırçı addımı ilə yadda qaldı. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının sabiq üzvü Ermənistan klubuna keçib. İrəvanın “Uliss” komandası ilə anlaşan Şamil bununla ölkəmizə heç bir aidiyyatı olmadığını isbatlayıb.

Qurbanov Türkiyədə təlim-məşq toplanışında olan yeni komandasının düşərgəsinə qoşulub. O, Moldova təmsilçisi “Milsami” ilə keçirilən yoxlama görüşündə də iştirak edib. Maraqlıdı ki, Azərbaycan vətəndaşlığı olsa da, milliyətcə dağıstanlı olan Qurbanovun “Uliss”ə keçidi erməniləri qorxuya salıb. Ermənistan Yazıçılar Birliyinin rəhbəri Samvel Beqlatyan çempionata liderlik edən komandaya Azərbaycan vətəndaşlığı olan futbolçunun cəlb olunmasının əleyhinədi: “Necə yəni, o, azərbaycanlıdı? Ermənistan klubunda azərbaycanlı futbolçuya nə gərək var?”

Bunu ermənilər anlasa da, bizim “professorlar” özünü çox ağıllı sayır. AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu gülməli açıqlama verib: “Futbolçunun hər hansısa kluba keçməsi öz şəxsi seçimidi. Belə məsələlərə biz müdaxilə edə bilmərik. Onun Azərbaycan milli komandasında yenidən çıxış etməsi isə baş məşqçinin istəyindən asılıdır. AFFA heç vaxt baş məşqçinin seçiminə müdaxilə etmir. Azərbaycan millisinin dəvət olunan futbolçulara baş məşqçi və məşqçilər korpusu cavabdehdir”.

Quzu kəsim səni o posta əyləşdirənlərə! Mikayıl bəy hələ başa düşmür ki, sabah bu futbolçunu milliyə çağırmaq üçün Ermənistan Futbol Federasiyasına məktub göndərməli olacaq. İki ölkə arasında hər hansı əlaqə, yazışma və s. isə cinayət sayılır. Amma başa düşürük, anqolalını, almanı, kürdü, dağıstanlını azərbaycanlıya çevirən Elxan Məmmədova nə var ki? Bu insanlar milli dəyərləri o qədər önəmsiz hesab edirlər ki, təki cibləri dolsun, hətta ermənini də Bakıda nənəsini taparaq yığmaya çağıra bilərlər.

Futbolçu seçimində azaddı – bunu başa düşdük. Amma Şamilə pasport verən Məmmədov indi onun azərbaycanlı bağlarını göstərsin görək? Yoxsa nənəsi, babası azərbaycanlı olan Qurbanov indi düşmən klubunda oynayacaq? Özünüzü aldatmayın, Şamil sadəcə, dağıstanlıdı və Ermənistana pul qazanmağa gedir. O, Azərbaycanın pulunu yedi, milli formasını çirkləndirdi, indi isə başqa sərfəli variant arxasınca gedir. Sabah millilərimizdə olan digər dağıstanlılar da, kökü, mənşəyi yalnız baş katibə bəlli olan digər milliləşənlər də eyni addımı atsa, təəccüblənməməliyik.

Berti Foqtsun hətta əsas milliyə də çağırdığı, təlim-məşq toplanışlarında iştirak edən Qurbanovu qınaya bilmərik. O, azərbaycanlı deyil ki, torpaqlarımızı işğal edən, vətəndaşlarımızı qaçqına çevirən, soydaşlarımızın qanına əlini batıran ermənilərlə bir yerdə olmağı özünə sığışdırmaya. Bu günah onu millimizə gətirənlərin vicdanına yazılmalıdı. Elxan Məmmədov sağ olsun, Ermənistana sülh təklif edir, yetirməsini düşmən ölkənin komandasında oynamağa göndərir. Hələ bilmək olmaz, bəlkə yığmaya namizəd kimi onun adına maaş da yazdırır…

Fikirlərini bizimlə bölüş!