Şamil Qurbanov Dağıstanda (RF) doğulub. Əslində onun Ermənistan klubuna ("Uliss") keçidində bizimçün ajiotaj ola biləcək nəsə olmamalıdı idi. Ancaq o, Azərbaycan millisində oynayıb və bunun üçün onu bura gətirənlər (Az sonra açıqlanacaq) hardasa məsuliyyət daşıyır…
"Azərbaycan millisində oynamış futbolçu Ermənistan klubunda" və s. bu tip sərlövhələrlə gündəm yaradan, rezonans olan, sensasiyaya səbəb olan bu xəbərin ictimaiyyətdə narazılıq yaratmasının səbəbini anlamış olduq.
AFFA-dan rəsmi açıqlamada bağışlanmaz nöqsan
Dünən məsələ ilə bağlı AFFA-dan ilk rəsmi açıqlamanı qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu verib: "Futbolçu hər hansı bir klubu seçməkdə müstəqildi. Şamil Qurbanov 2011-ci ildən bəri milliyə dəvət olunmur və Azərbaycan klublarında oynamayıb. …Şamil Qurbanov bundan sonra da milli komandada çıxış edə bilər. Bu tamamilə baş məşqçinin səlahiyyətindədir. Baş məşqçinin seçimi müstəqildir və biz buna qarışa bilmərik”.
Bu, həm siyasi, həm.. ümumiyyətlə, hansı yöndən baxsaq, qurum rəsmisinin böyük səhvidi. Bu, araşdırılmalı, ciddi haqq-hesab sorulmalı məqamdı. Ölkə səviyyəli qurumun rəsmisi bilərəkdən edirsə, bu, ciddi nöqsan, bilməyərəkdən edirsə, deməli, məsuliyyətini dərk eləməməyindən, işinin mahiyyətini anlamamağından xəbər verir. Keçək növbəti məqama…
AFFA-nın "gəlmə futboçular" monopoliyası və onun problemləri
Yuxarıda qeyd elədik ki, Dağıstanda doğulan Qurbanovun Ermənistan klubuna keçidini bizimçün problemə çevirən amil, anormal situasiyaya gətirən məqam onun vaxtikən Azərbaycan millisində oynamasıdı. Bu, geniş mövzudu. Ümumiyyətlə, əsasən dağıstanlı olmaqla, Rusiyanın cənubundakı muxtar respublikalardan futbolçu "idxalı" müstəqillik dövrünün əvvəllərindən olub. Ancaq hazırkı futbol hökumətinin dövründə bu, çox böyük vüsət alıb, hətta hərakata keçib. "Niyə"sinə isə cavab vermək çox müşkül məsələdi. Çünki ordan gətirilən futbolçuların yerli yetirmələrdən əlahiddə üstünlükləri yoxdusa, onda bu prosesdə maraqlı olmağın məntiqi və səbəbi anlaşılmır…
Biz uzun araşdırmaların nəticəsində bu məqamın üzərində dayandıq. Belə ki, "Sumqayıt" klubu ölkəyə gətirilən dağıstanlı və digər ölkələrdən gətirilib milliləşdirilmiş futbolçularçün "filtr" rolunu oynayır.
Müxtəlif ölkələrdən gətirilən və tez bir zamanda da pasportu alınan (Qanunla 5 ildən sonra mümkün olan məsələ) bu "gəlmələri" AFFA-nın baş katibi Elxan Məmmədov himayə edir. Onun bunda hansı mənfəəti və məqsədinin olduğunu dəqiq bildirmək çətindi. Ancaq AFFA prezidenti Rövnəq Abdullayevin səlahiyyətlərini demək olar, bütünlüklə tapşırdığı baş katibin bu prosesin arxasında durmaqda çətinliklə üzləşmədiyini müşahidə edirik.
Hazırda nəinki ölkə gündəmi, eləcə də postsovet ölkələrinin bəzilərində yayılmış Qurbanov xəbəri də məhz bu prosesin ucbatından hay-küy materialına çevrilib.
Elxan Məmmədovun yalanı
Dünən mövzu ilə bağlı müsahibə verən Elxan Məmmədov bir neçə faktoloji yalan danışıb. Məsələn, demişdi ki, Şamil Qurbanov öz müraciəti ilə U-19 yığmasına baxışa dəvət olunmuşdu və 2 oyunda meydana çıxdı, bir daha ona dəvət edilmədi. O vaxt U-19-u çalışdıran Vəli Qasımov onun xidmətində maraqlı olmayıbmış – yalandır. Futbolçunun oynadığı iki oyun aşağıdakılardı:
Rumıniya – Azərbaycan 3:0
Oktyabr, 2011. AÇ-nin seçmə mərhələsi.
90 dəqiqə oynayıb, 66-cı dəqiqədə sarı vərəqə alıb.
Azərbaycan – İsveç 1:0
6 oktyabr, 2011. AÇ-nin seçmə mərhələsi.
90 dəqiqə oynayıb, 90+5-ci dəqiqədə sarı vərəqə alıb.
Əgər Vəli Qasımov iki rəsmi matçda, özü də AÇ-nin seçmə mərhələsində 90 dəqiqə oynadırsa, birdən-birə ondan imtinaya nə səbəb ola bilərdi?
Araşdırmalarımız həm də bu istiqamətə idi. Öyrəndik ki, Qurbanovdan imtina edilib və buna tam başqa məqsədlər səbəb olub. Belə ki, Qurbanovu 2011-ci ildə Azərbaycana "Sumqayıt"ın prezidenti Kamran Quliyev gətirib, yaxud gətizdirib. Yuxarıda qeyd elədiyimiz kimi, Elxan Məmmədovun himayə elədiyi bir proses.. və futbolçu əvvəlcə U-19-a təqdim edilir. Təqdimatın hardan olduğunu yəqin ki bilən baş məşqçi onu ciddi baxışdan keçirmədən iki vacib oyuna çıxarır. Beləcə, milliləşmiş dağıstanlı bura gətirilən "gəlmələrdən" birinə çevrilir rəsmən. Daha sonra, futbolçunun da saytımıza müsahibəsində dediyi kimi, U-21-in baş məşqçisi Bernhard Lippert ona onu bəyəndiyini deyir və komandaya dəvət edəcəyini bildirir.
Ancaq gözlənən bu dəvət baş vermir. Çünki Şamil Qurbanov "Sumqayıt"da oynamalıymış, ancaq bundan imtina etdiyi üçün onun bura gəlməyinə səbəbkar olmuş Kamran Quliyevin qəzəbinə tuş gəlir. Beləcə, Lippert onu çox bəyəndiyini desə də, sonradan ona dəvətin gəlməməsinin "sirri" bu düyündə gizlənir…
Qurbanovla müsahibədə bizə heç bir vəchlə futbol rəsmiləri haqda heç nə deməyəcəyini, əks halda aranın qarışacağını, ona karyerasında problemlər yaradılacağından çəkindiyini bildirdi.
Elxan Məmmədovun saytımıza müsahibəsində, "Bir daha dəvət edilmədi" deməyinin yalan olduğunu sübut eləyən fakt: Şamil 2011-ci ilin 5-8 dekabr tarixlərində əsas millinin seleksiya xarakterli təlim-məşq toplanışına da dəvət alır. Berti Foqtsun hətta onu bəyənibmiş (Dolayısıyla, onun da göstrişlə bəyəndiyi haqda şübhələrdə məntiq var) və rəsmi oyunlara dəvət edəcəkmiş. Elxan Məmmədovsa bildirir ki, o məşqçilərə lazım olmadı… Və Qurbanovun bizə müsahibəsində dediyi, "Məşqçilər niyəsə mənə pis davrandılar (U-19-u nəzərdə tutur), yalnız Lippert yaxşı idi" – həmin ərəfələr olub. Lippert bəyənib, Elxan Məmmədov – Kamran Quliyev cütlüyü düşünüb ki, Foqtsa da göstərsinlər.. o da bəyənib və beləcə, ələ "kapital" düşüb. Onu sonra transfer edib hansısa kluba, ordan pul mənimsəmək və s. çoxlu belə xoş olmayan "milli futbol variantları" saya bilərik… (Subyektiv fərziyyə)
Ancaq Qurbanov "Sumqayıt"da oynamağa razılaşmayıb deyə, deməli, cütlüyün marağı da təmin olunmur.. Elə isə Qurbanov nəyə lazım… "Göndərin, getsin!".
Bildirək ki, həmin ərəfələrdə Şamil Rusiyada, "Volqa"da çıxış edirdi və onda millinin üzvü Vaqif Cavadov da orda oynayırdı.
P.S. Bugün sözügedən Ermənistan klubu Qurbanovun komandaya cəlbini təkzib eləyib. Ancaq bu SOS siqnalı aktuallığını qətiyyən itirməməlidi. Elxan Məmmədovun "gəlmələr" monopoliyası ciddi araşdırılmalıdı. Burada çox sirlər gizlənir.
P.P.S. Məmmədovun "FutbolPress"ə müsahibədə bilərəkdən yalan danışması, bir növ, hörmətsizlikdən o tərəfədi hətta. Dünən müsahibə üçün əlaqə quranda Məmmədovun dediyi bu oldu: "Mən bu mövzuda yalnız sizin saytınıza müsahibə verdim. Siz mövzunu əhatəli araşdırırsınız, təşəkkür edirəm".
Bəli, Məmmədov, əhatəli araşdırırıq. Yalanınız ölkə futbolu üçün yaxşı heç nə vəd eləmir. Belə doğru deyil. Bir gün gizlinlərin üstü açılanda məsuliyyətiniz böyük ola bilər. Bu mövzuda, yəni "gəlmə futbolçular" haqda, onların milliləşdirilməsi ə s. prosedurlar ictimaiyyətə gizli qalır. Ümumiyyətlə, müxtəlif manipulativ hərəkətlər də müşahidə olunmaqdadı. Ya hansısa araşdırma və ya Qurbanov hadisəsi kimi kuryozlar əmələ gəlməmiş brifink, yaxud mətbuat konfransı keçirdib bu haqda ətraflı açıqlamalar verin, ya da yalan olmasın.




Fikirlərini bizimlə bölüş!