“Hesab edirəm ki, hər bir insan öz işinin deputatıdır. Mənim müəllimim Arif Məlikov uzun müddət deputat, mən isə onun şagirdi olmuşam. Bəs onda mən nə üçün özümü sınaqdan keçirməyim? Demək olar ki, mən indiyədək heç kimdən heç nə istəməmişəm, xahiş etməmişəm, buna görə də, özbaşına deputatlığa getmək istəmirəm. Lakin mənim namizədliyimi irəli sürməyi və dəstəkləməyi lazım bilərlərsə, nə üçün də yox? Yaradıcılığı və parlament fəaliyyəti ilə bir çoxlarının indiyədək edə bilmədiklərini etmiş Zeynəb Xanlarova da deputatdır axı”. Bu sözləri dəyərli sənətkarımız, şairəmiz Elza Seyidcahan deyib. Nəyə gülürsüz? Heç də gülməli deyil.
“Fair-play” ilə “play off”u qarışdıran Rövnəq Abdullayevdən AFFA prezidenti, futbola ən az Rövnəq Abdullayev qədər dəxli olan Elxan Məmmədovdan baş katib olan ölkədə Elza Seyidcahandan əlbəttə, millət vəkili olacaq. Mən indidən Elza xanımı dəstəkləyir, hətta qeydiyyatımı onun namizəd olduğu seçki məntəqəsinə keçirdəcəm. Ümid edirəm ki, şeirləriylə bizi məst elədiyi qədər, xalqımızın bir çox problemini həll edib, bizə xoşbəxtlik də bəxş edəcək.
Seyidcahanın cahana “hökm etmək eşqinə düşdüyü” bu günlərdə “Xəzər Lənkəran”da Oğuz Çətinin “torba”sı tikildi, hətta tikilib də. Oğuz Çətinin istefa verib, Türkiyəyə getdiyi deyilir. Orta məktəbdə riyaziyyatım yaxşı idi, amma artıq mən də saya bilmirəm Lənkəran klubundakı məşqçi istefalarını.
“Xəzər Lənkəran”ın son durumu: oyunçular “maaşımız verilmir” deyib, klubdan ayrılır. Bir vaxtlar 13-15 min azarkeşlə dolan Lənkəran stadionuna indi 1000 azarkeş gəlir. Çempionatın ən maraqlı oyunu sayılan “böyük oyun” stadionun qazonunun dəyişdirilməsi bəhanəsi ilə Bakıda keçirilir. Kluba ən məşhur məşqçilər gəldi, yenə klubun vəziyyəti düzəlmədi. Deməli, burda bir günahkar var, o da klubun süpürgəçisi. Çox hörmətli Mais Mənsimov və Tuyqun Nadirovdan xahiş edirəm ki, o süpürgəçini tapıb, dərhal cəzalandırsınlar. Klubun daxilində deyiləm, bəlkə süpürgəçi deyil, avtobusu sürən sürücü də ola bilər.
Siz o süpürgəçi və sürücünü bir sorğu-suala çəkin, vaxt itirməyin!




Fikirlərini bizimlə bölüş!