O, futbolumuzun başına gələn ən gözəl hadisələrdən biridir.
Başqa ölkədə yetişib, Azərbaycan futboluna Emin qədər fayda verən ikinci oyunçu tanımıram.
1 il əvvəl Ukrayna ilə oyunda Elvin Cəfərquliyevlə Toral Bayramovu izləməyə gələn skautların diqqətini 34 yaşlı Emin Mahmudov öz oyunu ilə çəkə bilmişdi.
Təəssüf ki, layiq olduğu münasibəti Azərbaycan futbolu ona göstərmədi.
Daha çox "Neftçi"nin uğursuz illərinə düşdü. Sıradan futbolçular "Qarabağ"da çempionluqları sıraya düzdüyü halda, Mahmudov cəmi 1 dəfə qızıla sevinib.
Qurban Qurbanovdan şəxsən təklif alsa da "Neftçi"yə sadiq qalıb. Titulları sədaqətə qurban verib.
Qısa müddətdə yığmamızın bombardirinə çevrildi.
Təkcə oyunu yox, həm də nizam-intizamı ilə hər zaman nümunə olmağı bacardı.
Əbəs deyil ki, "Neftçi"nin icraçı direktoru Cenk Sümər "Kəpəz"lə oyundan sonra Mahmudovun alnından öpdü. Bunu Cenk Sümərə qədər çoxdan etməli adamlar vardı.
Bordindən Yuri Verniduba qədər bütün məşqçilər onun barəsində hər zaman xoş fikirdə olub.
Çox təəssüf ki, bir dövr həm "Neftçi"də, həm də millidə layiq olmadığı münasibətlə üz-üzə qaldı.
Heç nə baş vermədiyi halda, səbəbsiz yerə soyuq münasibət gördü.
Kapitanlığı əlindən alındı.
Rəsmən sındırıb, kənara atmaq üçün hər şey olundu.
Mahmudov bu cür təlatümlərdən alnıaçıq, üzüağ çıxmağı bacardı.
Nə rəsmi, nə də qeyri rəsmi söhbətlərdə deyinmədi, şikayət etmədi.
Sabah Andorra ilə oyunda yığma ilə vidalaşacaq.
Yenə layiq olmadığı şəkildə.
Bakıda, onu sevən doğma azarkeşlərin önündə deyil, 5000 km uzaqda yerləşən Andorrada milliyə "sağ ol" deyəcək.
Mahmudov gec-tez "Neftçi"dən də ayrılacaq.
Bəlkə futbol sferasından uzaqlaşacaq.
Amma sadə azarkeşlərin qəlbində hər zaman xoş izlərlə xatırlanacaq.
Milli komanda deyəndə hələ uzun müddət onun İsveçə, İrlandiyaya vurduğu fantastik qollar yada düşəcək.
Əlvida, böyük oyunçu!
Əlvida, böyük kapitan!
Əlvida, bombardir!



Fikirlərini bizimlə bölüş!