“Araz Naxçıvan” Bakıda məskunlaşmış, əvvəl Qəbələdə, sonra Şamaxıda ev oyunlarını keçirən əndirabadi klubdur. Bu toksik qeyri-adiliyin zənginləşməsi davam edir.
Hər mövsümə uğursuz “update”lərlə başlayan muxtar respublikanın “didərgin” təmsilçisi 2026/27 sezonu üçün “qaş düzəldərkən vurub gözü də” çıxardı.
Heyətini demək olar yenidən quran ləqəbi naməlum klub 6 tura cəmi 2 xal toplaya bilib.
Sonuncu yerdədir və MPL-in cari mövsümünün aşkar autsayderidir.
Cavid Hüseynov və Zaur İsmayılovun baş məşqçi kimi ortaya qoyduğu məhsul budur.
Tandemlə yollar dünən ayrıldı. Bu gün açıqlandı ki, Yuri Maksimovla davam edəcəklər.
Bu da onu göstərir ki, Zaur Axundovun fantaziyaları dar çərçivədə dövr edir. “Keşlə”nin rəhbəri olanda Maksimovla işləmişdi, hərlənib-fırlanıb yenə ona qayıtdı, onu qaytardı…
Zaur bəy nə qədər kənara çəkilsə də, imkanları məhdudlaşsa da, guya kluba yeni idarəçi Ceyhun Sultanov gəlsə də, kölgəsi belə ağırdır. Klub onun himayəsindədir, onun da icad edə bildiyi idarəçilik modelləri bundan yaxşı mənzərə yarada bilmir.
Nə Zaur bəy bundan sonra ekstra idarəçi modelləri mənimsəyəcək, nə də bu zehniyyətlə “Araz Naxçıvan” normal klub olacaq.
Ancaq dövlət dotasiyası (2.5 milyon manat) belə blef mühitin mövzusu olmamalıdır. Ümumiyyətlə, MPL-in əksər klublarının büdcəsi böyük ölçüdə dotasiyadan formalaşır. Bu, onların ciddi hüquqi məsuliyyət daşımalı olduğunu təsbit edir. Lakin klubların əksəri bu məsuliyyəti dərk etmir.
Dərk etmirsə, hiss etməlidir/etdirilməlidir. Bunlar idarəçilik mexanizmini hansı əsaslarla formalaşdırır?
Maliyyə sərfi hansı kriteriyalarla tənzimlənir?
Ciddi nəzarət mexanizmi olmasa, Cavid Hüseynov kimi PRO almadan baş məşqçi olar, menecer Sultanov idarəçi olar və s.
Klubların dotasiyadan necə istifadə etdiyi həmişə ciddi şübhələr yaradıb. Onlardan biri də “Araz Naxçıvan”dır. Anormal klubun əndirabadilikləri davam edir/edəcək…


Fikirlərini bizimlə bölüş!