Həyətimizdə böyük bir ərik ağacı vardı. Heç vaxt bol məhsul verməzdi. Gövdəsi də hamar, düz idi. Xəsis ağac idi, tək-tük meyvələrini təpəsində, yarpaqlarının arasında gizlədərdi. Barından dadmaq üçün ona körpü atan üzüm tənəyinə çıxar, minbir əziyyətlə ərik tayına keçər, sıx budaqların arasında sarı rəng axtarardıq. Əlimizə keçən nə idi – tüklü bir meyvə. Uşaq yaddaşımda belə iz buraxıb ərik. Bəlkə elə buna görədi ki, indi də bazardan rahat alıb yemək istəmirəm. Ərik hardan yadıma düşdü? "Bağda ərik var idi, salaməleyk var idi" məsəlindən. Ölkə-dəki durum insanları qarşı-qarşıya qoyub…
Dolların dəyərdə manatı 1,5-1,7 dəfə üstələməsi cəmiyyətdəki sosial yaşamı, disbalans mühiti bir qədər də gərginləşdirdi. Qazanc gətirməyən sahələrdə ixtisarların baş verdiyi təbii bir şəraitdə futbol təsərrüfatı daha tez çökdü. İş adamları canının və maya-biznesinin hayındadı indi. AFFA və PFL-dəkilər də "kəmər sıxmağa" başlayıb. Prinsipcə, "meymunun balasını ayaq altında qoyan dövrdü" və bu üzdən futbola başçılıq edənlərin klublardan borcunu tələb etməsi başadüşüləndi. Ancaq kaş başdan peşəkar yanaşaydılar. Məsələn, əlində üç-beş manatı olanda AZAL-ı borc üçün sıxışdırsaydılar, tapıb verə bilərdi. Verə bilməyəndə indiki kimi inzibati tədbirlərə əl atılardı. PFL-ə kim deyirdi ki, legioner sifarişinə və cərimələrə görə borcu iki il gözləsin?
Qurumun əlində təsir imkanları vardı. Lisenziya üçün hər bir klubdan borclu olmadığını təsdiqləyən arayış tələb olunur ki, zəmanət məktubunu məhz PFL verir. Ramin Musayev niyə AZAL-a və digərlərinə zamin dururdu? Cavab üçün çox baş sındırmaq lazım deyil. Nə qədər ki, əlavə maliyyə qaynaqları var idi, klubların borc səbəbindən ondan asılı olması Musayevə sərf edirdi. PFL başqanının çıxıb 9 milyonun qarşısında "top davası" eləməsi ayıbdı. Söhbət 3-4 mindən getmir. Məsələ daha ciddidi. Biznes maraqlarının toqquşması böyük başları qarşı-qarşıya gətirib. Mübariz Mənsimovun bir neçə gün öncə yaxınlarına "SOCAR-ın mənə verəcəyi var, onu alın və "Xəzər Lənkəran"ın büdcəsini formalaşdırın" tapşırığının ardından qarşı tərəfin borc məsələsini ortaya atması təsadüfi deyil. Klublar Komitəsinin yeni il ərəfəsindəki toplantısında sədr dəyişikliyindən və Tuyqun Nadirovun postunu Fikrət Hüseynova verməsindən sonra onun PFL-ə başçı təyin olacağıyla bağlı piar "ciddi mətbəx"də hazırlanıb. Ramin Musayevi "Xəzər" TV-yə aparan hiss onun özünü qorumaqla bağlı refleksdi.
O məsələnin başqa yönüdü ki, Musayevin publikanı ələ almağa yönəlik açıqlamaları çox vaxt hüquqi cəhətdən əsassız olur. Nəticədə özünü gülünc vəziyyətə salır. Ümumiyyətlə, onun ciddi suallardan özünəməxsus şəkildə yayınmaq tərzinə hamımız bələdik. Musayev "16 tura təyinat alan Rəhim Həsənovun "Qarabağ"la bir dəfə də olsun, yolu kəsişməyib" sualına "sizdən eşidirəm, Xaqani Məmmədovdan soruşaram" deməsi "bayağı səmimiyyət"dən başqa bir şey deyil. Halbuki cümləsinin davamında təyinat məsələlərinə qarışdığını etiraf edir. Klubların sifarişiylə təyinat gerçəkləşdirmək kimi ayıb bir etirafda bulunan PFL rəhbəri Rəhimin "Qarabağ"ın oyunlarına göndərilməməsinin səbəbini də gözəl bilir. "Bilmirəm" desə də, inanmaram. Quran gətirib and içsə də, inanmaram. Çünki bir dəfə Gülağa Cabbarovun təyinat siyahısıyla onun otağına daxil olduğunu və adları müzakirə etdiyini gözümlə görmüşəm.
O ki qaldı Ramin Musayevin Babək Quliyevlə bağlı etirafına, PFL prezidentinin bir vaxt kölgəsini qılıncladığı şəxsi hörmətlə anması çoxlarını təəccübləndirdi. Mənim iki variantım var. İlkin ehtimalım budu ki, ola bilsin, Musayev Xaqani Məmmədovun haqqındakı araşdırmanın nəticəsindən erkən xəbər tutub. Mümkündü ki, sədr dəyişikliyi hazırlanır və Babək Quliyev vəzifəyə gətirilir. PFL başqanı isə aradakı buzları əritmək istəyir. Ya da Ramin müəllim köhnə düşmənini yada salmaqla hazırda "aktiv faza"da olan Anar Salmanovun barıtını atəşləyir. Yəni "mən Babəkin gedişinə təəssüflənə bilərəm, sən isə heç kimsən". Hər halda, Musayevin kövrəlməsi boşuna deyil. Tüstüsü yaxınlarda çıxar…




Fikirlərini bizimlə bölüş!