Nə az, nə çox, düz 55 il! Bir igidin ömründən də çox ömürdü 55 il. Yoluna nəzər salanda, Ruslan Abdullayev, Yusif Məhərrəmov, Yaşar Babayev, Nizami Salahov, Vəli Qasımov və adını sadalamadığım digər futbolçular bərq vurur bu igidin ömür yollarında. Yəqin bu igidin adı sizə də maraqlı oldu, hə? "Gəncə futbolu"du bu igidin adı…
Cümə günü axşamtərəfi Adil dayıdan zəng gəldi. Salam-kalamdan sonra "bajıoğlu, sabah saat 4-də "Azadlıq metrosu"nun yanında "Kəpəz"in 55 illiyini qeyd edəcəyik, buyurarsan" dedi. Sağollaşıb telefonu qapatdım.
Mütləq hədiyyə alınmalı idi. Çox götür-qoy elədim. Sonda yenə də dostum, kinorejissor Tahir Əliyev (Tahiroviç) köməyimə çatdı. Belə işin ustasıdı. Bir zənglə vəziyyəti başa saldım, dedi səhər görüşək. Şənbə günü günorta görüşdük. Mağazada saysız-hesabsız hədiyyələrin fonunda o, "Eyfel qülləsi" olan tablonu seçdi. "Emin, biz niyə "Eyfel qülləsi"ni seçdik?" deyə, müraciət etdi Tahir müəllim mənə. "İncəsənət adamısan, yəqin bir şey var" deyə, cavab verdim.
Artıq çay içmək üçün sakit bir guşədə əyləşmişdik. "Trubka"sından bir qullab vuran dostum söhbətə başladı: "Bilirsən də, "Eyfel qülləsi" fransızların simvoludu. 1887-ci ildə onu tikən zaman fransız yazıçısı Gi de Mopassan etiraz edir və ətrafına 300 nəfər yığır ki, tikintinin qarşısını alsınlar. Amma bacarmırlar. Sonradan fransız yazıçını tez-tez "Eyfel"dəki restoranlardan birində görürlər. Sual verirlər ki, "siz o vaxt bunun tikintisinə etiraz edirdiz, bəs necə olur ki, tez-tez bura gəlirsiz". Mopassan qayıdır ki, "Eyfel"i Parisin hansı tərəfindən baxsan, görmək olur. Yeganə yer buradı ki, burdan görünmür".
Bəli, Gəncə futbolu Azərbaycanın "Eyfel qülləsi"di. Azərbaycan futboluna hardan baxsan, orda gəncəli futbolçu, "Kəpəz" yetirməsi görmək mümkündü. Yəqin Gəncə futbolunin varlığı kimlərisə narahat edir ki, ən azı "Kəpəz"in 55 illik yubileyinin keçirilməsində maraqlı deyillər.
Acınacaqlıdı… Gəncə futbolunun təmsilçisi "Kəpəz"in bu gün birinci divizonda olması acınacaqlıdı. Birinci divizonda top qovan 16 komanda arasında 10-cu pillədə qərarlaşması acınacaqlıdı. Azərbaycan futboluna imzalar vermiş bir komandanın stadionunun bərbad vəziyyətdə olması acınacaqlıdı. Bu gün komandanın sponsorunun olmaması acınacaqlıdı.
Amma…Yaxşı bir misal var: Hər qaranlıq gecənin bir işıqlı sabahı var.
Yazdığım "acınacaqlar"ın 60 illik yubileyində bitməsi ümidiylə yubileyin mübarək, Azərbaycan futbolunun "Eyfel"i!




Fikirlərini bizimlə bölüş!