Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Fərqli adam

Bizdə insanlara sağlığında qiymət vermək ciddi problemdi. Aramızda olanlar haqda tərifli nəsə yazanda dərhal bunda hansısa məqsəd, yarınmaq cəhdi axtaranlar tapılır. Buna görə də əksər hallarda kiminsə barəsində yazmaq, demək istədiklərini ürəyində saxlayırsan, ictimailəşdirmirsən. Qəribəsi odu ki, dirilərə qarşı bu cür laqeydlik, türkün sözü, titizlik sərgiləyən cəmiyyətimizin nümayəndələri ölülərə qarşı çox rəhmli, ürəyigeniş olurlar. Kimsə dünyasını dəyişəndən sonra mərhum haqda o qədər tərifli sözlər səsləndilir ki, özün də təəccüblənirsən. Fikirləşirsən ki, əcaba, mənmi o mərhumu yaxşı tanımamışam, ya bu adamlar özlərini artistliyə vurub, ölü yiyələrinin xoşuna gəlmək üçün bu üsula əl atırlar?
Ona görə də atalarımız “sağlığında qiymət verin insanlara” deyiblər. Hansısa dəyərli şəxsiyyət bizim aramızda olmayandan sonra onun haqda xoş sözlər söyləməyimiz, rəhmət oxumağımız yaxşı haldı. Amma bir şərtlə ki, həmin insana sağ olanda da bu cür davranış göstərək, qiymətini verək. Layiq olan insanın sağ ikən tərifləri eşibib, mənəvi rahatlıq tapması üçün səmimi davranaq, ondan həmin xoş sözləri, həqiqi qiyməti əsirgəməyək. Əbəs yerə “ölüyə də rəhmət var, diriyə də” sözü dillər əzbəri deyil ki. Aramızda olan insanlara da çətin məqamda dayaq durmaq, o dünyadakı rəhmətini artıq bu dünyada qazandığını hiss etdirmək mənəvi borcumuzdu. Bunda qəbahətli heç nə yoxdu.
Sizə Böyükağa Hacıyevdən bəhs etmək istəyirəm. “Neftçi”nin yazdığı yeni tarixin memarlarından birinin səhhətində hazırda ciddi problemlər var. Amma əminik ki, bacarıqlı həkimlərimiz Böyükağa bəyin xəstə yatağından qalxması, xəstəxananı öz ayaqlarıyla tərk etməsi üçün əllərindən gələni edəcəklər və bütün problemlər arxada qalacaq. Şübhə etmirəm ki, mənim bu yazımı da dəyərli mütəxəssis evində, çay içə-içə oxuyacaq və gülümsəyəcək. Özüm də ona baş çəkərəm, xatirələrimizi birlikdə təzələyərik.
Mənim üçün Böyükağa Hacıyev fərqli insan, fərqli mütəxəssisdi. Çoxunuz üçün belə olduğuna şübhəm də yoxdu. Adam Azərbaycan futboluna öz fərqli imzasını qoymağı, adını tariximizə silinməz və qızıl hərflərlə yazdırmağı bacarıb. Elə öz fərqli davranışları, iddialı və özündənrazı xarakteri ilə. Onunla tanışlığımızın çox maraqlı tarixçəsi var. İnanmazsız, amma mən Böyükağa Hacıyevlə klub çalışdıran vaxtlarında, futbol meydanında və ya mətbuat konfransında yox, onun işsiz günlərində tanış olmuşam. Məsələ ondadı ki, Hacıyev “Bakı”nı çempion edərkən Azərbaycandan kənarda yaşayırdım. O illərdə internet mediası indiki kimi inkişaf etməmişdi, ölkə futbolu haqda daimi və ətraflı məlumat almaq müşkül məsələydi. Bakıya qayıtdıqdan sonra ilk iş yerim metronun “Gənclik” stansiyasının yaxınlığında idi. 2009-cu ilin payızında “Futbol+” səhifələrində də müəllif yazılarımla tez-tez görünməyə başlamışdım. Nahar fasiləsində “Atatürk” parkının sınıq-salxaq oturacaqlarında əyləşir, qəzet oxuyurdum. Həmin günlərdə tanımadığım bir kişi yanımda oturdu və söhbəti futboldan saldı. Daha sonra da “mən səni tanıyıram, yaman kəskin yazırsan” dedi. Üzr istədim, onu tanımadığımı bildirdim. Xeyli təəccüblənmişdi. Səbəbini izah edəndən sonra gülümsədi və özünü belə təqdim etdi: “mən “Bakı”nı səkkiz oyuna çempion edən Böyükağa Hacıyevəm”. İşsiz olduğundan boş vaxtı yetərincə çox idi. Elə buna görə də hər gün nahar vaxtı parka gəlir və söhbətərimizi davam etdirirdik. Bu ənənəmizi onun “Standard”a baş məşqçi təyin olunmasına qədər qoruduq. Sonralar isə yolumuz mətbuat konfranslarında kəsişməyə başladı.
“Neftçi”də çalışdığı vaxtlarda isə onu çox tənqid edirdim, amma heç əsəbləşməzdi. Bəlkə də əsəbləşirmiş, bunu hiss etdirməyi lazım bimirmiş. Nazim Süleymanovun istefasından sonra “Neftçi”yə dönməsini sərt tənqid etməyimə isə narazılığını Antalyada bildirdi. “Neftçi”nin “Elazığspor”la yoxlama oyununu izləmək üçün getdiyimiz “Mardan” kompleksində qarşılaşan kimi əlimi sıxıb, “sən məni yaxşı tanıyırsan axı, bilirsən ki, mən heç vaxt “torbatikən” olmamışam” sözləriylə məni utandırdı. Hacıyevlə bir dəfə “Speys” telekanalında efirə gedən “Qol” verlişində də görüşmüşdük. Həmkarımız Tural Xudiyevin müəllifi olduğu verlişin həmin buraxılışı bir andaca ölkə futbolunun gündəmini dəyişmişdi. Çünki Böyükağa bəy mənim israrımdan sonra “Neftçi”nin “Araz Naxçıvan”a 0:3 uduzması barədə ətraflı danışmış, “mən 15 il kapitan sarğısını daşıdığım komandanı gedib orda uda bilməzdim” demişdi. Onun bu sözləri xeyli müzakirə olundu, amma dediyindən dönmədi, sözlərini dəyişməyə çalışmadı. Hacıyevi “işə” salsam da, studiyadan çıxarkən əyləşdiyimiz taksidə kefi xeyli kök idi. Hətta evlərinin yaxınlığında maşından düşərkən sürücüyə “bu qardaşımı düz evlərinə qədər apar” deyərək, məni güldürməyi də unutmadı. Həmin verlişdə tez-tez “məni fərqləndir, Amal. Başqaları ilə dəyişik salma” deməsi də indiyə kimi qulaqlarımdadı.
Mənim onu fərqləndirməyimə heç ehtiyac da yox idi. Böyükağa Hacıyev onsuz da fərqli adam, fərqli mütəxəssis kimi könüllərdə özünə taxt qurub. Bundan sonra da belə olacaq. Ondan yaxşı nəticələr qazananlar, böyük uğurlara imza atanlar olsa da, Hacıyev kimi olmaq mümkün deyil. O tam fərqli bir adamdı. Şübhə etmirəm ki, tezliklə səhhətindəki problemlər arxada qalacaq, bu dəfə də xəstəliyinə qalib gələcək. Yenidən onu meydanlarda, futbolçulara göstəriş verərkən görəcəyik. Onun yeri xəstəxana palatası yox, stadionlardı. Tez sağal, fərqli adam, BÖYÜK məşqçi!

Fikirlərini bizimlə bölüş!