Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Gözükölgəlilər

“Yaxşı olacaq” deyə-deyə ömrümüzə oturdular. Yerləri o qədər rahatdı ki, durmaq belə istəmirlər. Pul, vəzifə, şan-şöhrət, qarşılarında qul kimi dayanan saysız-hesabsız adamlar – bunları görəndən sonra hara gedəsidilər? Zatən başqa bir iş də bacarmırlar. Dərinə getsək, futbol bilikləri, bacarıqları da yoxdu. Sadəcə, hansısa bir formada, özlərinə bəlli “gözəgörünməz” əllərin vasitəsiylə yüksək postlarda qərar tutublar.

“Düzələcək”, “narahat olmayın”, “bizim Qarabağ boyda dərdimiz var” kimi çeynənmiş, artıq naftalin iyi vermiş sözlərlə ömür-gün keçirirlər. “Uşaq futbolu”, “dövlət proqramı”, “reklam”, “tanıtım”, “Azərbaycanın dünyaya nümayişi” adı altında milyonları bir göz qırpımında illərdi böyüyən mədələrində elə üyüdürlər ki, sovet dövründə qalan beş-altı un fabrikaları belə, buğdanı una bu cür çevirə bilməz.

Ortada isə heç nə yoxdu. Nə futbol inkişaf etdi, nə də Azərbaycan dünyaya tanıdıldı. “Land of fire Azerbaijan” deyib gözümüzə soxmağa çalışmayın. Bu kampaniya ilə heç kim ölkəmizə maraq göstərmədi. İnternetə daxil olun, görün inkişaf etmiş ölkələrə nə qədər turist axını var, Azərbaycana kimlər və niyə gəlir. Nəticə ürəkaçan olmayacaq. Əksinə, ürəkparçalayan mənzərə qarşınıza çıxacaq.

Pulları sümürə-sümürə, adı gözəgəlimli dünyaca isimləri yığmanın baş məşqçi postuna gətirdilər. Uğur qazanacaqlarını düşündülər. Torres, Foqts, Prosineçki öz ölkələrində, vaxtı ilə şərəflərini qoruduqları komandalarda nailiyyətlər əldə ediblər. Onların yanında yalnız pul hərisi olan futbolçular, ölkəni yeyib-talayan başbilənlər olmayıb. İndi keçmişi titullu futbolçuları baş məşqçi gətirməklə hansı uğuru qazanmaq olar?

Bir ölkədə uşaq futbolu inkişaf etməyibsə, bir ölkədə dövlət proqramı işlək mexanizmə çevrilməyibsə, bir ölkədə azarkeşlər stadiona tum qabıqlarını tullamaq üçün gəlirsə, bir ölkədə açıq-aşkar alver gedirsə, bir ölkədə istənilən komandanı çempion etmək “yuxarılar”ın əlində su içmək kimi bir şeydisə, bir ölkədə oyuna proqnoz deyil, “praqon” verilirsə, həmin məmləkətdə, həmin diyarda, vətən adına ləkə gətirilən bir ünvanda futbol yalnız top-top oyununa çevrilər.

Bizim yalnız futbolçuları ofisiant, süpürgəçi, çilingər, mühəndis olan ölkələrin yığmalarıyla oyunda üzümüz gülə bilər. Başqa komandalar üçün qapazaltı, iki matça 6 xal qazandıran rəqibik. Həmişə yem gözüylə baxıblar. Əslində, düz də edirlər. Çünki bir adama o zaman hörmət edirlər ki, ona evdə – uşaqları, yoldaşı sayğı nümayiş etdirir. Ailədə sevgi, xətir-hörmət yoxdusa, bir damın altında minnətli, gözükölgəli yaşayırlarsa, kənardakılar nədən ciddi yanaşsınlar? Bax, futbol komandamız da bu cürdü. Hər şey minnətlə, zənglə, tanış-bilişlə həll edilir.

Bir sözlə, rəqiblər yığmamızın oyunçularını yalnız meydanda, bunu görüb əsəbləşən futbolumuzun başbilənləri də hamımızı hər gün top kimi çiləyirlər. Hər kəs öz düşüncəsində haqlıdı…

Fikirlərini bizimlə bölüş!