Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Gürcü millətçiliyi, yoxsa “istedadsız” Borçalı torpağı?

"Sınıq Körpü"(El arasında “Krasnıy most”, deyilir – A.Ə) sərhəd-keçid məntəqəsini keçdikdən sonra avtomobilləri sığorta etdirmək lazımdı. Gürcüstan ərazisində sığortasız avtomobil idarə etmək olmaz. Bunun üçün keçid məntəqəsinin təqribən 300 metr yaxınlığında yerləşən kiçik birotaqlı ofisə yaxınlaşmaq gərəkdi.

Uzun müddət sərhəddə növbə gözləyib qədim Borçalı torpaqlarına ayaq basdıqda, adamın sanki üzərindən böyük bir yük götürülür. Avtomobilini sığorta etdirənlərin əksəriyyəti soydaşlarımızdır. İlk sualımdan sonra sinəsinə gürcücə adı yazılan sığorta agentinin az sonra azərbaycanlı olduğu anlaşıldı. Şux geyimli gənc oğlan ona rusca ünvanladığım sualdan sonra "dayı, öz dilimizdə de, buralıyam" dedi.

Qədim Azərbaycan torpağı olan Borçalının başı çox dərdlər görüb. 1801-ci ildən bu mahalda olan türk adları dəyişdirilməyə başlanılıb. Səbəb isə azərbaycanlıların bu torpaqlarla bağlılığını itirmək olub. Bu proses rus işğalı dövründə XIX əsrin əvvəllərində də davam edib. Addəyişmə kampaniyasının ikinci mərhələsi isə Sovet hakimiyyətinin ilk illərinə təsadüf edib və həmin ərəfədə Borçalı iki yerə bölünüb. Bir hissəsi indiki Ermənistan Respublikasının ərazisinə qatılıb, digər hissəsi isə Gürcüstan ərazisində qalıb.

Sovet İmperiyasının süqutundan sonra qədim türk yurdu olan Borçalıdan Azərbaycana böyük köç başlayıb. 90-cı illərin əvvəllərində baş tutan köçə səbəb Tiflisdə hakimiyyəti ələ alan millətçilər olub. Onların özlərinə lider seçdiyi Zviad Qamsaxurdiyanın ölkə ərazisində fəaliyyət göstərən bütün məktəblərdə tədrisin ancaq gürcü dilində olması ilə bağlı verdiyi qərardan sonra Borçalıdan olan azərbaycanlı ailələr isti ocaqlarını tərk edərək, Bakıya pənah gətirib. Köçənlərin əksəriyyəti isə övladlarını öz ana dilimizdə oxutmaq istəyən və onların gələcəyini Azərbaycanla bağlayanlar idi. O ərəfədə Bakıya xeyli sayda Gürcüstan azərbaycanlısı(Təqribi rəqəmlərə görə 50-60 min A.Ə) yerləşib. Üstəlik, Qamsaxurdiya hakimiyyəti Borçalı mahalında olan bir çox tarixi yer-yurd və kənd adlarını, türk mənşəli toponimləri də total şəkildə dəyişdirib. Millətçilər partiyası bu ölkənin ərazisində 1801-ci ildə başlayan adların gürcüləşdirilməsi prosesini bir növ davam etdirib. Eduard Şevarnadzenin hakimiyyətə gəlməsindən sonra Borçalıda Azərbaycan izlərinin silinməsi probleminə az da olsa ara verilib.

Keçid dövrü, imperiyanın dağılması, iqtisadi tənəzzül, başına min cür oyun açılan qədim türk yurdu olan Borçalını dizə gətirə bilməyib. Hətta həmin təlatümlü dövrdə belə bu mahaldan bir çox tanınmış idmançı dünyaya açılıb. Gürcüstanda yaşayan azərbaycanlıların içərisindən güləş, qaydasız döyüş, gimnastika, boks, karate və digər idman növləri üzrə olimpiya, dünya və Avropa çempionları çıxıb. Yunan-Roma güləşi üzrə olimpiya, dünya və Avropa çempionu Kamandar Məcidov, sərbəst güləş üzrə Yay Olimpiya Oyunlarının qızıl mükafatçısı Fərid Mansurov, K1 üzrə dünya çempionu Zabit Səmədov, aerobika üzrə Avropa çempionu Balaxanım Əhmədova, qaydasız döyüş üzrə beynəlxalq turnirlərin qalibi Çingiz Əlləzov və s. idmançılar adını dünyaya duyurub. Bu yurd istedadlı futbolçuların dünyaya gəldiyi yer kimidə məşhurdur. Beşqat Rusiya çempionu olan yeganə azərbaycanlı Ramiz Məmmədov, Əsgər Abdullayev, Əfran İsmayılov, Eşqin Quliyev, Ruslan Abuşov, "Maradona" ləqəbli İlham Məmmədov, hazırda Rusiya Premyer Liqasında çıxış edən Azər Əliyev və adlarını çəkmədiyimiz onlarla oyunçu məhz bu torpağın övladlarıdı. Yuxarıda sadalanan futbolçuların içərisində Rusiya və Azərbaycan yığmasının şərəfini qoruyanlar da olub. Bəs, necə olur ki, 1 milyona yaxın(Gürcülərdən sonra ən çoxsaylı xalq – A.Ə) azərbaycanlının yüz illərlə (Gürcüstan rəsmi olaraq 570 min rəqəmini yazır – A.Ə) yaşadığı Gürcüstanda "Sakartvelo"nun formasını geyinən bir nəfər belə azərbaycanlı futbolçu olmayıb?!.

Gürcü xalqının fəxrlə andığı insanların başında İlya Çavçavadze gəlir. Bu kiçik Qafqaz ölkəsində təşəkkül tapmağa başlayan millətçilik ideyalarının əsası messianizmə söykənir. Məhz Çavçavadze bir qrup gənclə bu ideyanı gürcü millətinin əsas fəlsəfəsinə çevirə bilib. "Dil, torpaq və inanc" üzərində qurulan gürcü millətçiliyinin əsasında zamanı yetişdiyində bu ölkənin ərazisində yaşayan digər xalqların assmilyasiyası durur. Zaman-zaman bu ideyanın qığılcımdan alova çevrilməsi Gürcüstanın inkişafına və mütərəqqi cəmiyyət yaratmasına mane olub. Həmçinin, gürcülərin ölkə ərazisində yaşayan digər xalqlarla arasında ciddi problemlər yaradıb.

Təəssüflər olsun ki, millətçilik ruhu canlarına hopan gürcülər futbolda da bu ideyadan irəli gələrək hərəkət edirlər. Hələ sovet dönəmində Gürcüstan SSR-in bütün bölgələrində olan istedadlı gəncləri Tiflis "Dinamo"suna toplayan qonşularımız orda yalnız milliyətcə gürcü olanları(Bura meqrel və svanlar daxil deyil. Gürcülər Qafqaz dillərinin Kartveli qrupuna daxil olan bu iki xalqı da sevmir – A.Ə)saxlayırdı. Düzdür, həmin dövrdə ölkənin bir nömrəli komandasında Kommunist Partiyasının Mərkəzi Komitəsinin xüsusi tapşırığı ilə osetinlər və ermənilər də "Dinamo"ya qəbul edilirdi. Ancaq onların nadir hallarda əsas komandanın üzvünə çevrilmək şansı vardı(Nümunə olaraq milliyətcə osetin olan Vladimir Qutsayevi göstərmək olar – A.Ə). 80-ci illərdə əslən Marneulidən azərbaycanlı İbrahim Hüseynovun dedikləri buna misaldı:"Mən 16 yaşında olanda aşağı liqada oynayırdım. Məşqçimiz mənə demişdi ki, səni "Dinamo"dan izləməyə gələcəklər. 1982/83-cü il mövsümündə Gürcüstanın zona yarışlarında bombardir olmuşdum. Az sonra komandamızın rəhbərliyi mənə əşyalarımı toplamağımı və Tiflisə baxışa gedəcəyimi dedi. Bir həftə sonra "Dinamo"nun düşərgəsinə yollandım. Orda tək deyildim, Bolnisidən olan bir azərbaycanlı qapıçı da vardı. Onun da hardasa 16-17 yaşı olardı. Bir gün bazada qaldıqdan sonra səhərisi məşqə çıxdıq, xeyli sayda gənc futbolçu gətirmişdilər, hardasa 50-60 nəfər idi. Məşqlərdə özümü yaxşı tərəfdən göstərə bildim. Kənarda duran 3-4 nəfər mütəxəssis hər məşqdən sonra məni yanlarına çağırıb tərifləyirdi. Ümidim artmışdı. Bir həftə sonra bizi bazanın akt zalına yığdılar. Orda kimlərin klubda qalacağı, kimlərin gedəcəyi açıqlanacaqdı. Mənin adım qalanların sırasında çıxmadı. Çox pis oldum, hətta zalda az qaldım ağlayam, özümü güclə saxladım. Sakitlik tapa bilmirdim. Otağıma qalxdım, çarpayıma uzanıb yastığı qucaqlayaraq var gücümlə göz yaşımı axıtmağa başladım. Bu zaman mənimlə qalan özü Qudauri şəhərindən olan Qoqi otağa daxil oldu, məni sakitləşdirməyə çalışdı. Mənə "Dinamo"ya yalnız gürcüləri götürdüklərini xatırlatdı. Onun dedikləri ilə təsəlli tapa bilmirdim, aşağı düşdüm bu zaman məşqlərdə daim bizi izləyən gözü eynəkli David adlı məşqçi ilə dəhlizdə üz-üzə gəldim. O mənim ağladığımı görüb bunun səbəbini soruşdu. Mən niyə komandaya götürülmədiyimi, heç kimdən zəif təsir bağışlamadığımı dedim. O, başını yelləyərək mənimlə razı olduğunu, ancaq bəzi məsələlərin fərqli olduğunu nəzərimə çatdırdı. Mənim təkrar-təkrar heç kimdən zəif olmadığımı dediyimi görüb "Razıyam, sən bura düşən uşaqların heç birindən zəif deyilsən, hətta onlardan güclüsən. Amma sən gürcü deyilsən", deyərək, kənarda qalmağımın əsl səbəbini açıqladı. Artıq barışmışdım, demək ki, gəzən söz-sohbətlər doğru imiş. "Dinamo"ya ancaq gürcüləri götürdüklərini öz gözlərimlə görmüş oldum".

İbrahim Hüseynovun danışdığı hadisənin üstündən 38 il keçsə də, bu qonşu ölkədə dəyişən heç nə yoxdur. İndinin özündə belə Borçalıdan olan xeyli sayda istedadlı futbolçu gürcü klublarına üz tutmaq əvəzinə, çətində olsa uzaq Bakıya gəlməyə üstünlük verirlər(Vaxtilə "Malaqa"da çıxış edən Qara Qarayev, gənclər millimizin üzvü Ricat Qarayev – A.Ə). Bunun səbəbi isə yuxarıda sadaladıqlarımızdır. İllər keçsə də, Gürcüstanda dəfələrlə hakimiyyət dəyişikliyi olsa da, bu istiqamətdə dəyişən heçnə yoxdur. Təbii ki, bu gün onların bir çoxu rahat şəkildə Gürcüstan yığmasının da şərəfini qoruya bilərdi, amma….

Gürcülər unudurlar ki, Gürcüstan Azərbaycan türklərinin tarixi vətənidir. Azərbaycan türkləri gəlmə deyil, Gürcüstanın aborigen əhalisidir. Dilimiz, dinimiz, mədəniyyətimiz, adətimiz, tariximiz Gürcüstanın zənginliyidir. Gürcüstan dövləti sadəcə gürcülərin və ermənilərin dövləti deyil, eyni zamanda Azərbaycan türklərinin də dövlətidir.

Fikirlərini bizimlə bölüş!