Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Gələn mövsüm Premyer-Liqada 12 yox, 16 klub iştirak edəcək?!

AFFA İcraiyyə Komitəsinin dünənki iclasında növbəti mövsümdən Premyer-Liqadakı klubların sayının artırılması haqda qərar qəbul olunub. Daha doğrusu, qeyd olunub ki, aşağı divizionda lisenziya məsələlərini həll edəcəkləri halda klublar yüksək dəstədə oynaya bilərlər. İlk olaraq iki kluba icazə verilib və 12 komanda adı hallandırılıb. Ancaq görünən odu ki, bu rəqəm arta bilər.

Rekord.az bu məsələni araşdırmaq qərarına gəlib. I divizionda elitada oynamaq istəyən və lisenziya işini yoluna qoya biləcək daha çox klub var. Bu işlərdə təcrübəsi olan bir mənbəmizə üz tutduq. Onun verdiyi məlumatlar gələn mövsümdə elitada 12 yox, daha çox komandanın çıxış edə biləcəyi ehtimalını ortaya çıxartdı. Belə ki,..

Hazırda I divizionun lideri olan “Araz Naxçıvan”ın zatən belə bir problem yoxdu. Bizdə olan məlumata görə, ən yaxın müddətdə – hətta deyərdik yaxın 10 gün ərzində bu klubun sənədləri rəsmən qəbul ediləcək və Premyer-Liqada çıxışına icazğ veriləcək.

Digərləri isə…

Onlara keçməzdən əvvəl onu qeyd edək ki, lisenziyalaşdırmanın 5 meyarı olsa da, əsas rolu uşaq futbolu oynayır. Hətta lisenziyalaşmanı daha çox uşaq futbolu üçün edirlər desək, yanılmarıq. Bu səbəbdən də köklü, vaxtilə Premyer-Liqa təcrübəsi olmuş, uşaq futbolu formalaşmış, müəyyən ənənələri olan komandalar bir addım öndə olurlar. Odu ki, istiqamət burdandı.

Mənbənin məlumatına görə, gələn il Premyer-Liqada “Araz Naxçıvan”la yanaşı, Qərb klublarından biri – “Kəpəz” və ya “Turan” çıxarılacaq. Bu iki klub haqda uzun-uzadı məlumat verməyə ehtiyac yoxdu. Üstəlik, təmsil etdikləri şəhər və zona ölkə futbolu üçün xüsusi əhəmiyyət daşıyır və onların Premyer-Liqada olmasını ictimaiyyət tələb edir. 12 klublu sistemdə bu iki Qərb təmsilçisindən biri seçiləcək.

Ancaq bir variant da var. Premyer-Liqada klub sayı 12 yox, 14, hətta 16-ya da çatdırıla bilər. Və bu, heç də qeyri-real və havadan götürülən iddia deyil. Sizə gələn mövsüm elitada oynaması real olan, hətta artıq bu istiqamətdə işlər görməyə başlayan komandaların siyahısını təqdim edirik:

12 komandalı sxem üçün
1. “Araz Naxçıvan”
2. “Kəpəz”

14 komandalı sxem üçün əlavə iki klub
1. “Turan”
2. “Mil-Muğan”
Siyahıdakı “Mil-Muğan” adı sizə qəribə gəlməsin. UEFA Kubokunun iştirakçısı olmuş “MKT-Araz”ın xələfi olan İmişli təmsilçisinin elitada oynaması üçün hər cür şəraiti və maddi imkanı var. Daha bir maraqlı, çoxlarının gözdən qaçırdığı kiçik bir məqam da var. AFFA-nın keçirdiyi son məşqçilik kurslarında cəmi iki mütəxəssisə müvafiq kateqoriya verilərək Premyer-Liqada komanda çalışdırmaq imkanı yaradılıb. Bunlardan biri “Bakı”nın əvəzedici heyət məşqçisi, digəri isə məhz “Mil-Muğan”ın baş məşqçisi Mətləb Məmmədovdu. Ondan da təcrübəli və güclü mütəxəssislər olsa da, şans məhz ona verilib. Bu fakt nəzərdən qaçırılmamalıdı.

16 komandalı sxem üçün əlavə iki klub
1. “Karvan”
2. “Ağsu”

Fikirlərini bizimlə bölüş!