Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“İnter”ə “Şəfa” boyda GÜZƏŞTİN GİZLİNLƏRİ…

UEFA-nın hesabına inşa olunan “Şəfa” stadionunun adı dəyişdirilir. Vaxtilə “İnter” burdan icarə əsasında yararlanırdısa, indi Keşlə qəsəbəsində yerləşən arenanın tam mülkiyyətçisidi. Ona görə də “İnter” tərəfi eyniadlı klubun adını daşıyan qurğunun adını dəyişdirməkdə maraqlıdı. Sponsorları istəyir ki, istifadə etdikləri arena klubun adına uyğun olsun. Tamhüquqlu bir tərəf kimi tələb edirlər ki ki, arenanın adında kluba dair nəsə olsun. Arenada olan 4 meydançanı özəlləşdirsələr də, bəzi məsələlər qalıb. Belə deyək, özəlləşdirmənin son mərhələsindədilər. Ona görə də AFFA-nın razılığı alınmalıdı. Böyük ehtimalla, qurum tərəfindən ad dəyişdirilməklə bağlı problem yaradılmayacaq.

«Şəfa»nı AFFA tikməyib. Futbolla yenicə maraqlanmağa başlayanlara birdən elə gələr ki, şəhərin mərkəzi küçəsində yerləşən idman obyekti federasiya daxili imkanları hesabına ərsəyə gəitirib. Leonart Yuhansson UEFA prezidenti olduğu illərdə məhz Fuad Musayevin xahişi ilə «Şəfa»nı tikməyə maliyyə ayırıb. Sonralar başı min bir bəla çəkən stadionun hər daşında, torpağında, qumunda, çınqılında keçmiş AFFA işçilərinin alın tərinin izi var. Fuad Musayev «Termist»in yerində yenisinin tikilməsi naminə tabeliyindəki məhdud sayda personalın cüzi məbləğdə aylıq maaşlarından «Şəfa» haqqı» tutub. Ovaxtkı baş katib Çingiz İsmayılovun bölüşdüyü xatirələrdən yadımda tək bu qalmayıb. Çox şey qalıb. Sadəcə, dediyim odu ki, «Şəfa» indiki AFFA rəhbərliyinə dədə-babalarından qalmayıb. Və buranı satmağa nə maddi, nə də mənəvi haqları çatır. «Şəfa»nın «İnter»in mülkiyyətinə keçməsi cinayətdi. Ölkəyə, dövlətə, sadə futbolsevərlərə qarşı işlənmiş bağışlanmaz cinayətdi.

Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım – «İnter»in şəhərin baş küçəsində belə bir obyektə yiyələnməsi yolverilməzdi. AFFA 2005-ci ildə Azərbaycan Beynəlxalq Bankından (ABB) kredit götürüb və qaytara bilməyib. Faizlər üst-üstə yığılıb, iri bir borc əmələ gəlib. «Şəfa»nı da bir qara qəpiksiz «İnter»ə verirlər ki, borclar bağlansın. Neftlə qidalanan yeni AFFA lazımı qədər vəsait tapmır ki, UEFA-nın Azərbaycana bəxş etdiyi stadionu «İnter»dən geri alıb, uşaq akademiyasının bazasına çevirib. Federasiyanın yerləşdiyi binanın arxasında balaca bir bina düzəldiblər, adını da qoyublar ki, akademiyadı. Fitness salonu boyda yerdi, quş damına oxşayır. «Şəfa»nın sahəsində isə Qafqazın ən böyük uşaq akademiyasını yaratmaq üçün istənilən şərait mövcuddu. Şəhərin mərkəzində bu boyda yeri qoyub, gelib giriblər toyuq hininə.

2004-cü ildən etibarən dövlət futbola inanılmaz dəstək göstərir. Postsovetə məkanın digər respublikaları, cənub-şərqi Avropa Azərbaycana bu baxımdan həsəd aparır. Dünya iqtisadi böhranla mübarizədə məğlubiyyətlə barışsa da, futbol Azərbaycanda sırf dövlətin qayğısı ilə nəfəs almaqda, ayaqda qalmaqdadı. Elita maliyyə təminatı sarıdan bütün problemlərdən azaddı. I Divizionda can verən «MKT-Araz»la «Karvan» 2004-də «İnter»lə birgə doğulub. Yevlax və İmişlidə 1 ilin içində stadion tikildi, «İnter» yaxasını çəkdi kənara. «Qəbələ» 2007-dən başladı, 2 ilə mürəkkəb infrastruktur yarada bildi özünə, «İnter» yenə tərpənmədi. Tez-tələsik yapışdılar «Şəfa»dan, ora-burasını bəzədilər, kosmetik dəyişiklər etdilər, bu da oldu ABB-nın futbola «tövhə»si! Bankın pulu azdı ki, hələ bir gəlib yıxıb özünü bura? «İnter»in «Bakı»dan, «Xəzər Lənkəran»dan, AZAL-dan nəyi artıqdı?

Əskiyi var ki, artığı yoxdu. Yanırsan ki, şəhərin göbəyində belə bir obyekt əcnəbilərin xidmətində dayanacaq. Azərbaycanlının özünü legioner kimi hiss etdiyi «İnter»in ukraynalıları, gürcüləri, bolqarları «Şəfa»da kef çəkməlidi, eləmi? 10 illik keçmişi ərzində bir yerli mütəxəssisə güvənməyən, iş verməsi üçün Kaxaya, Nikolova, Xodukinə yalvarmağa məcbur edən klubun Azərbaycan futboluna öd kisəsi kim xidmət göstərməsi AFFA-ya məlum deyilmi? Buna göz yummaq xəyanətdi. Uşaq futboluna barmaqarası yanaşan, əsas komandası əcnəbilərdən ibarət «İnter»ə daimi güzəştlərin, görəsən, daha başqa səbəbləri yoxdu ki? Hər halda arvixi qaldırmağa dəyər./Sport Favorit

Fikirlərini bizimlə bölüş!