Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“İnter” nəyə ümid edir?

Avrokubok mövsümü klublarımızın hansı səviyyədə olmasının aynasıdı. Bu da başadüşüləndi. Çünki ölkə çempionatında nəticə əldə etmək üçün min bir üsul varsa, Avropa arenasında bunu etmək xeyli mürəkkəbdi. Hərçənd, bu da mümkünsüz deyil…

Cari mövsümdə yüksək pillələr uğrunda mübarizə aparan 2 klub de-fakto qitəmiqyaslı yarışlara vəsiqə əldə edə bilsə də, de-yure əliboş qala bilər. Söhbət “Zirə”ylə “İnter”dən gedir. Ancaq bu komandaların dərdi fərqlidi. Əgər qəsəbəlilərin problemi yaşlarının az olmasıdısa, “İnter” keçmiş rəhbərliyin güdazına gedir. “Bankirlər” köhnə borclarını ödəsələr də, bunu UEFA-nın qoyduğu son tarixədək həyata keçirə bilmədilər…

İndi klub prezidenti Rəşad Qasımov son saman çöpündən yapışmaq niyyətindədi. O, CAS-a şikayət etmək və UEFA-nın “növbəti 3 mövsüm ərzində ilk dəfə avrokuboklara qazanılan vəsiqədən məhrum edilsin” qərarının ləğvinə can atacaqlarını bəyan edib. İlk baxışdan Qasımovun bu qərarının təbii və düzgün olduğu təəssüratı yarana bilər. Ancaq dərinliyə varanda aydın olur ki, “bankirlər” böyük ölçüdə məğlubiyyətə məhkumdular.

Niyə?

UEFA-nın “yanvarın 31-dək borclarla bağlı bütün məsələlərə aydınlıq gətirilsin” tələbi vaxtında yerinə yetirilməyib və qitənin ali futbol qurumu “İnter”ə qarşı cəza mexanizmini işə salıb. Bəli, Azərbaycan təmsilçisi ötənilki borcları artıq bağlayıb. Ancaq el arasında buna “toydan sonra nağara” deyilir.

CAS şikayətin predmetini araşdırdıqdan sonra hansı qərarı çıxara bilər ki? Məgər UEFA hansısa qaydasına zidd hərəkət edib? Yoxsa qurum “İnter”i əvvəlcədən xəbərdar etməyib? Hər şey olub. Deməli, Qasımovun prezidenti olduğu klub CAS-a müraciət etməklə, köklü şəkildə nəyisə dəyişə bilməyəcək. Belədə, 53 min İsveçrə frankı havaya sovrulacaq.

Niyə məhz 53 min?

CAS-a apellyasiya verdikdə, şikayətçi tərəf ərizəylə yanaşı 3 min frank ödəməlidi. Bundan sonra (konkret nümunəmizi müzakirə edərkən) “İnter”ə 2 həftə vaxt verilir. Bu müddət kəsiyində “bankirlər” haqsız yerə cəzaya məruz qaldıqlarını sübut edən sənədləri toplamalıdılar. Əgər 2 həftəlik dövrdə şikayətçi tərəf əlindəki faktların tutarlı olmadığı qənaətinə gəlsə, ərizəsini geri götürə bilər. Amma bir şərtlə ki, əvvəlcədən köçürülən 3 min geri qaytarılmayacaq.

Yox, əgər şikayətçi tərəf 2 həftədən sonra məsələyə baxılması tələbində israrlı olarsa, belədə, 50 min frankının da başından keçməlidi. O ki qaldı vəkil məsələsinə, bunda “İnter” “tərləməyəcək”. Beynəlxalq Bankın tərəfdaşlarından olan İsveçrə şirkətlərindən birinin klubu təmənnasız şəkildə vəkillə təmin etmək öhdəliyi var. Ancaq 3 min ödənilsə də, növbəti 50 mini qorumaq olar. Sadəcə, dərinliyə getməyərək və ərizəni geri götürməklə.

Ancaq ortada bir maraqlı məqam da var. Söhbət UEFA-nın təqdim etdiyi cəzanın interpretasiyasından gedir – 1 avrokubok mövsümü. “İnter” avrokubok zonasına düşsə, faktiki olaraq, bu yayı buraxmaqla, cəzasını çəkmiş olur. Amma turnir cədvəlindəki hazırkı mövqeyi qitəmiqyaslı yarışlara qatılıb-qatılmayacağına dair suala aydınlıq gətirə bilməz. Çünki qarşıdakı turlarda komanda xoşbəxt vaqona düşməyə də bilər. Elə ölkə kubokunu başı üzərinə qaldıracağı da böyük şübhə altındadı. Deməli, “İnter” fərqli mövqe tutmalıdı.

Hansı?

Klub rəhbərliyi işə baxılmaq üçün CAS-a müraciət ediləcək tarixədək səbrlə davranmalı və son gün öncəsi son qərarını verməlidi. Əgər bu müddət ərzində “İnter” uğurlu qrafik cızsa, böyük ölçüdə avrokuboklara vəsiqəni təmin etmiş olacaq. Belədə, apellyasiya verməyə də zərurət qalmır. Çünki bütün hallarda “bankirlər” məhkəmədə tam təmizə çıxmaq şansına sahib deyillər. Yeganə qazancları məhkəmədən imtina etmək və 50 min frankı klubun inkişafı üçün xərcləmələri olar. Amma bir şərtlə: “İnter” avrokuboklara vəsiqə qazansa.

Bəs qazanmasa?

Bax, ən önəmli məqam da burasıdı. Klub işə peşəkar yanaşmalı və faktiki olaraq, “bir gülləylə iki dövşan vurmalı”dı. CAS-ın UEFA-nın çıxardığı verdikti ləğv edəcəyi mümkünsüzdü. Amma bu qərarın yumşaldılması yönündə nəticə əldə etmək mümkündü.

Konkretləşdirək. “İnter” üçün “1 avrokubok mövsümü” cəzası “1 mövsüm” ifadəsi ilə əvəzlənsə, ən böyük uğur hesab olunar. Yəni, çempionatda göstərəcəyi nəticədən asılı olmayaraq, “bankirlər” 2016-2017 mövsümündən təmizə çıxmış hesab olunsunlar. Belədə, nə UEFA-nın “xəncərinin qaşı düşür”, nə də klubun pulu havaya sovrulmuş olur. Klub rəhbərliyi əməkdaşlıq etdiyi vəkilə məhz bu səpkidə tapşırıq verməlidi.

Deməli…

“İnter” yaxın 3 turda uğursuz çıxış edəcəyi təqdirdə, avrokubok zonasından kənarda qalacaq. Belədə, CAS-a müraciət və 50 minlik ödəniş olmalıdı. Lakin yuxarıda qeyd etdiyimiz kimi, vəkil cəzanın ləğvinə yox, “1 avrokubok mövsümü”nün “1 mövsüm”ə əvəzlənməsinə çalışmalıdı.

Fikirlərini bizimlə bölüş!