Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“İnter”i öz əzizlədiyi təpikləyir

“İnter” qəzadan qurtula bilmədi. Çalışdılar-vuruşdular, ilişdilər. Klubun UEFA-dan aldığı xəbərdarlıq məktubuna cavab olaraq, göstərdiyi səylər bəhrəsini vermədi.

Köhnə rəhbərliyin dövründən qalan borclara görə avrokuboklarda iştirak etmək hüququndan 1 mövsümlük məhrum edilmək təhlükəsi ilə üzləşən “bankirlər”in hazırkı sahibləri borclu olduqları bütün futbolçularla danışıqlar aparıblar. Məsələnin böyük ölçüdə həll olunduğu bir vaxtda isə…

Artıq bütün futbolçularla ümumi məxrəcə gəlmək mümkün olmuşdu. Kimisinə ümumi borcun 50-70 faizini ödəməklə, müqaviləyə xitam vermək, kimisinə də borcları hissə-hissə ödəməklə bağlı verilən vədlər “İnter”in başı üzərindən “Damokl qılıncı”nın çəkilməsindən xəbər verirdi. Amma sən saydığını say, gör klubun ən əziz tutduğu soyad nələri sayır.

Baçana Sxadadze. Uzun illər “İnter”in baş məşqçisi işləmiş Kaxaber Sxadadzenin oğlu. “İnter”də oynadığı vaxt atasına heç bir hücumçu bəyəndirmək olmurdu. Adını qoyurdu ki, “tələblərimizə uyğun gəlmir”. Əslində isə oğlunun rəqabətə tab gətirməyəcəyini anladığı üçün övladına “yaşıl dəhliz” açırdı. Atanın gedişindən sonra oğlu da çemodanlarını qoltuğuna vurub, yola salındı.

Və bu qədər əzizlənib, bəslənən soyadın daşıyıcısı “İnter”ə arxa çevirən yeganə kəs olub. Bəli, hüquqi cəhətdən Baçana Sxadadze tam haqlıdı. O, 100 min dollardan çox olan bocrunu bir dəfəyə ödənməsini tələb edir və əks təqdirdə FİFA-ya şikayət edəcəyini bildirir. Baçanaya ümumi məbləğin 30 faizini ödəyərək, qalan borcun qapanması təklif edilsə də, o, buna razılaşmayıb. “İnter” rəhbərliyi məbləği 50 faizə qaldırsa da, kiçik Sxadadze qara qəpik də keçməyəcəyini söyləyib. Naəlac qalan “bankirlər” borcu hissə-hissə ödəməyi təklif ediblər. Amma futbolçu buna razı olmayıb. “Təcili, hamısını, özü də birdəfəyə”, deyən Sxadadze “İnter”in avrokuboksuz qalmasına sürükləyən şərti irəli sürüb.

Məsələnin hüquqi tərəfini bir yana qoyub, mənəviyyatdan da danışmağa zərurət duyuruq. Uzun illər bu klubun çörəyini yemiş futbolçunu atası da olsa, haqq yoluna gətirə bilərdi. Amma “görünən kəndə bələdçi gərək deyil”. Kaxa Sxadadze Azərbaycandan istədiyi qədər pulu sıxa bildi. İndi isə onu ölkəmizə heç nə bağlamır. Sonuncu akkordu isə oğluyla vurmağı qərara aldı. Vurdu da.

Amma Ramin Musayev demiş, “İstəyib? Əcəb eləyir!”. Sxadadzeyə “gözün üstə qaşın var” deməyən Beynəlxalq Bank rəhbərliyinə bu cür sonluq yaraşır. Çünki klub idarəetməsi tək Cahangir Hacıyevlə Kaxa Sxadadzedən ibarət deyildi. Bir nəfərin cürəti çatmırdı ki, Baçanın səviyyəsinin “İnter”ə yaraşmadığını bildirsin. Yarayırdı? Elədisə, nəyə görə bu gün Baçanaya yiyə duran klub tapılmır?

Azərbaycan futbolu nə gündədisə “İnter” də həmin vəziyyətdədi. Bir nəfər idarə edir, qalanları yalandan say düzəldərək, onun qərarlarını alqışlayır. Vaxtında Cahangir Hacıyevin gözünü açmayanlar indi sabiq prezidentin sevimli kadrına görə “1 illik xoşbəxtlik”lə üz-üzədilər.

P.S. Bir ölkədə ki, Hakimlər Komitəsinin sədri vəzifəsində çalışan şəxsin 15 min dollar rüşvət istəməsinə bəraət qazandırırlar, hansısa gürcünün müqavilədə göstərilən 100 min tələb etməsinə nə demək olar?!

Fikirlərini bizimlə bölüş!