Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Futbolun Keşlə stansiyası…

“Keşlə” adına təəccüblənmədim. Ölkə futbol təsərrüfatını qəsəbələrarası birincilik səviyyəsində görənlər fərqli bir şey fikirləşə bilməzdi. “Zirə”, “Binə”, “Səbail”, “Şüvəlan”, “Keşlə”…

Sabah “Qarabağ”ın adını dəyişib təmsil etdiyi Suraxanının, “Neftçi”nin bazasının yerləşdiyi Bakıxanov qəsəbələrinin adını götürdüyünü görsəz, şoka düşməyin. Bura Azərbaycandı və futbolu öz monopoliyasında saxlamaq istəyənlər üçün regionların inkişafı maraqlı deyil. Bütün komandalar eyni yerdə olsun, idarəetmə, maxinasiya imkanları asanlaşsın, rayon səfərlərinə gedən xərclər azalsın. Ölkə futbolunun inkişafı, kütləviliyi heç kimin vecinə deyil.

Əslində, “İnter”in adını dəyişmək heç də vacib deyildi. Əvvəlki sponsorun neçə illik xidmətinin əvəzi olaraq bəlkə də bu adın qalması daha məntiqli olardı, çünki “Keşlə” adı kluba hər hansı dividend gətirməyəcək.

Amma “Keşlə” adına qərar verildi. Və bu adın seçilməsi təsadüfi deyil.

Xatırlayırsızsa, hələ 2012-ci ildə AFFA prezidenti Rövnəq Abdullayev “İnter”in, “Rəvan”ın adını məsxərəyə qoymuş, onların “Mərdəkan” və ya “Keşlə” adlanmasını təklif etmişdi. 2 il öncə isə o, “Simurq”un dağlması barədə suala cavab verərkən eyni fikri təkrarlamışdı: “Biz klublarda Müşahidə Şurasını tətbiq etməyə çalışırıq. İnanmıram ki, "Simurq" dağılsın. “İnter" xarici addı. Mən təklif edirəm ki, bu klubun adı dəyişilib "Keşlə" olsun. "Bakı"nın adı "Xırdalan Bakı" olsa, gör nə qədər adam gələr. "Neftçi" ümumi addı. Mən "Neftçi"də işləyəndə görürdüm ki, hamı oyuna gəlir. Zorla gözəllik olmaz. Futbolun inkişafı üçün öncə azarkeş olmalıdı. Təəssüf ki, şirkətdən asılı klublar bir-bir əldən gedir. Bir "Neftçi"di ki, dövlətin hesabına yaşayır. Qalanları cavan klublardı. "Turan", "Kəpəz" yaşlı klub olsa da, indi yaxşı durumda deyil. Çünki orda ictimai dəstək yoxdu. Hərə bir manat versə, orda 500 min pul edər. Deməli, ictimailəşdirə bilmirlər. Hamı futbol tələb edir. Amma vəziyyətdən çıxmaq üçün əziyyət çəkmək lazımdı, dəstək olmalıdı. Futbolda proseslər 10 illərlə keçir. Türkiyədə Turqut Özalın dövründə inkişaf oldu. Çünki sistemli iş görülürdü. Amma indi geriləyirlər”.

Göründüyü kimi, “Keşlə” adı təsadüfi seçilməyib və 5 ilə yaxındı bu dəyişiklik planlaşdırılırdı. İndi isə AFFA rəhbərliyinə yaxın olan Zaur Axundovun rəhbər gətirilməsi ilə həm də köhnə arzular reallaşdı. Rövnəq bəy deputat kimi seçicilərinin toplaşdığı Keşlə qəsəbəsinin Premyer Liqada təmsil olunmasına belə nail oldu. “İnter Arena” yüksək səviyyəli danışıqlardan və təzyiqlərdən sonra Axundova qaytarıldı, klubun maliyyə problemləri də yoluna qoyulacaq.

Razıyam, “İnter”i xilas etmək üçün AFFA/SOCAR üzərinə əlavə yük götürdü. Amma futbol syasətini aparanlar üçün bu, həm də vəzifə idi. Halbuki eyni işi “Turan” üçün də etmək olardı. Əslində, Tovuzda klub saxlamaq üçün daha az vəsait tələb olunurdu. Orada icra başçısının maliyyəyə özünün nəzarət etmək istəməsi işləri tormozladı. Bu isə onu göstərir ki, AFFA-ya futbolun bölgələrdə inkişafı yox, maliyyəyə özünün nəzarət etməsi daha vacibdi.

Fikirlərini bizimlə bölüş!