Georgi Nikolov bizimlə babat məzələnib. Deyib ki, “İnter”in adını gərək “Zabrat” qoyardılar. Klubun harda yarandığını nəzərə almaq lazım imiş. Bolqar dostumuz dəfələrlə mənim də yazılarımın hədəfi olub. Azərbaycana, futbolumuza və “Neftçi”yə yuxarıdan aşağı baxdığına görə onu çox tənqid etmişəm. Amma bu dəfə adam haqlıdı. Nikolovu qınamaq üçün səbəb tapmıram.
Birvaxtlar AFFA prezidenti “İnter”in adının “Keşlə”yə dəyişdirilməsini təklif edəndə bizə gülmək gəlirdi. Elə bilirdik ki, Rövnəq Abdullayev zarafat edir. Ay ötdü, il dolandı, ağlımıza gəlməyən başımıza gəldi. Kluba AFFA tərəfindən təhkim olunmuş Zaur Axundov bu addıma haqq qazandırmaq üçün elə elmi-fəlsəfi açıqlamalar verib ki, “Tarixi-Nadir”i yarıya qədər oxumaq da onu tam anlamaq üçün yetərli deyil.
Artıq yolun solundayıq. Azərbaycan futbolu ildən-ilə daha bərbad günə düşür, bir qrup adam onu kefi istədiyi kimi idarə edir. Nə UEFA və FİFA-dan onların niyə belə etdiyini soruşan var, nə dövlətdən. Məni ən çox təəssüfləndirən ictimaiyyətin və mətbuatın susqunluğudu. Sanki hamımız üçün bir Müşahidə Şurası yaradıb, adımızı ora yazdırıblar. Özü də baş katib Elxan Məmmədovun qızıldan qiymətli açıqlamalarından birində dediyi kimi, idarəçiliyə qarışmaq ixtiyarımız yoxdu, yalnız və yalnız müşahidə etməliyik. Daha bu müşahidələrimizin nəyə faydasının toxunacağını da bilmirik. Futbolumuzun başbilənləri iddia edirlər ki, futbol klublarına yerləşdikləri ərazilərin adını verməklə azarkeşlərin diqqətini cəlb edəcəyik, onları tribunaya qaytaracağıq.
Almaniyada milyonlarla türk yaşayır. Dədə-babaları ötən əsrin 70-ci illərindən ora köç ediblər. Amma körpələri dünyaya gələndən sonra “Fənərbaxça”lı, “Qalatasaray”lı və ya “Beşiktaş”lı olurlar. Futbola sevginin, tribunaya getməyin Keşləyə nə dəxli var? Keşlə qəsəbəsində yaşayan adam illərdi stadionun yolunu tanımayıbsa, futbolla maraqlanmayıbsa, onun nə vecinə Svanadzenin çalışdırdığı komandanın adı “İnter” olacaq, ya “Keşlə”?!
Dövlət başçısı 2005-ci ildə təsdiqlədiyi proqramla AFFA-nın qarşısına futbolu kütləviləşdirmək, populyarlaşdırmaq, onu əyalətlərə yaymaq tapşırığı qoymuşdu. Yalnız bundan sonra biz Azərbaycanda futbolun inkişafı haqda düşünə bilərdik. Ölkənin hər rayonunda, kəndində bir meydança olacaqdı, uşaqlar orda topun dalınca qaçacaqdılar. Aralarından 15-20 nəfəri də fərqlənəcəkdi. AFFA-nın bölgələrə futbolçu seçməyə (kabab yeyib, araq içməyə yox ha!) göndərdiyi mütəxəssislər də onları özləri ilə birlikdə Bakıdakı Akademiyaya gətirəcəkdi. Həmin uşaqlar akademiyada təhsil alacaqdılar, yaşayacaqdılar və xüsusi nəzarət altında Vəli Qasımovun, Nazim Süleymanovun, Anatoli Banişevskinin, Qurban Qurbanovun davamçısına çevriləcəkdilər. Yox, əzizim. Futbolun belə inkişafı AFFA-ya sərf etmədi.
Onlar pulları Berti Foqtsun cibinə, Almaniyada adı olub özü olmayan futbol məktəbinə, əcnəbi idman direktorlarına, standartlara uymayan süni örtüklü meydançalara, AFFA-da qohum-əqrəbalarını işlə təmin etmək üçün ştat şişirtməyə sərf etdilər. Çünki Həsən, Məmməd, Rəsul, yaxud da Əli yaxşı futbol oynasaydı, Daniel Axtyamova, Maqomed Kurbanova, Maqomed Mirzabekova qucaq aça bilməyəcəkdilər. “Milliləşdirilmiş” futbolçu biznesi çiçəklənməyəcəkdi. Klublara öz futbolçularını sırıya bilməyəcəkdilər. Bundan ötrü də müstəqil olmağa çalışan klubların hərəsinə bir badalaq vurdular. Səsini çıxarmaq istəyənin səsi kəsildi.
Ölkənin dörd bir yanında futbol meydanları boş qalıb. Salyan stadionunu alaq basıb, Lənkəran stadionunun qapısı qıfıllanıb, “Bakı”nın bazası göz dağına çevrilib. AFFA-da oturanlar da elə bilir ki, “İnter”in adını “Keşlə”yə çevirməklə Azərbaycan futboluna ölmüş marağı dirildəcəklər. Mən iddia etmirəm ki, biz onlardan ağıllıyıq. Əksinə, onlar nə etdiklərini çox gözəl bilirlər.
Azərbaycan futbolu sıxılır, kiçilir, cılızlaşdırılır. Ta o qədər edəcəklər ki, Elxan Məmmədovun bir əlinin ovucuna sığışsın. Artıq Azərbaycan premyer-liqasını da Bakı və qəsəbələrin birinciliyinə tay ediblər. “İnter”i “Keşlə”yə çevirirlər. “Səbail”i yaradıb “Bayıl futbolu”nu türkün sözü gəlişdirirlər. AFFA-da bir vəzifəsi olanların hamısını elitanın debütantından ikinci işlə təmin ediblər ki, əməkdaşların asudə vaxtı səmərəli təşkil olunsun. Mikayıl Nərimanoğlunun “Kəpəz”dəki fəaliyyətinin “uğurlu” olması Elxan Məmmədova qol-qanad verib. Yeri gəlmişkən, “Kəpəz”in də adı Gəncənindi, amma yaxasında 4000 rəqəmi gəzdirən klub gününü Mərdəkanda keçirir. “Neftçi”ni “8-ci kilometr” qəsəbəsindəki binaların arasında gizlədiblər. Əlacları olsa, “Qəbələ”ni də əllərinə keçirib, Buzovnaya təhkim edərlər.
Beləcə ölkə futbolunun bir ovuca sığdırılması prosesi uğurla yekunlaşardı. Deyirəm Mustafa Dənizlinin yeri məlum. Şikayətlənirdi ki, belim ağrayır, Lənkərandan Zaqatalaya avtobusla gedə bilmirəm. İndi bizim çempionat əsl onun yeridi. Nə Lənkəranda futbol var, nə də Zaqatalada. Heç Bakıdan kənara çıxmağa da ehtiyac qalmayıb…




Fikirlərini bizimlə bölüş!