Azərbaycan futbolu

Xəbərlər və təhlillər

İstedadlı və potensiallı “yetim”…

10 yaşım vardı. Danimarkanın Avropa çempionluğunu zorla xatırlayıram. Bir onu bilirəm ki, Alatavada xalaoğlu Məzahirin kiçik, amma özü kimi "ürəyi geniş evi"ndə baxmışam AÇ-92-nin finalına…
…Amma geniş mənada gözümüzü "Turan"la açdıq. Müstəqil Azərbaycanın ilk avrokubok iştirakçısı Tovuz klubu idi. "Fənərbaxça" ilə oyunları isə daha dəqiq yadıma gəlir. Onda demək olar ki, heç kim Qurban Qurbanovu tanımırdı. Amma Musa Qurbanov ölkənin ən böyük qol ümidi idi türklərlə oyunda.
"Turan" "Fənərbaxça"ya uduzsa da, əbədi tarixə düşdü. Bu tarixi yazan komandanın qurucusu və sahibi Vidadi Əhmədov idi. “Feysbuk” dostum olan dəyərli Vidadi müəllimə sual yazdım. Yazdım ki, "Turan"ın 1-ci dəstədə qalib gəlib elitada oynamaması Azərbaycan futbolu, tovuzlular və şəxsən sizin üçün nə deməkdi?" Cavab vermədi Vidadi müəllim. Əslində nə cavab verəcəyi aydın idi… "Turan" yüksək liqaya vəsiqə qazanan gündən "ən ünlü tovuzlu" İlham Rəhimovun kluba dəstək olacağı deyilsə də, bu xəbərlər, deyəsən, özünü doğrultmadı…
"Turan" ən azı adına görə "yetim" taleyinə layiq deyil! Ən əsası isə Tovuz bir futbol konveyeridi. Nadir Nəbiyevdən Elvin Məmmədova qədər burda yetişən istedadlar mənim gördüklərimdi. Burda stadionda anşlaqa öncədən zəmanət verilir. Yüksək liqada oynayacağı təqdirdə də ildə ən azı bir yüksək səviyyəli futbolçunun yetişəcəyinə şübhə yoxdu. Kaş "Qəbələ" futbol klubunun uşaq akademiyası Tovuzda olaydı…
Amma bunlar məsələnin görünən tərəfidi. Görünməyən tərəfini isə Ramin Musayev, Elxan Məmmədov və bəlkə (hərçənd mən buna inanmıram) Rövnəq Abdullayev görür. Bu adamlar futbolumuzun başındadı. Bu adamlar normal məntiqlə futbolumuzun inkişafını hamıdan çox istəməlidi. Futbolumuzun inkişafını istəyiriksə, o zaman uşağa da aydındı ki, Tovuz kimi potensiallı regionlara özəl diqqət lazımdı. Amma bizdə normal məntiq keçmir. Bizdə rüşvət, "hörmət", tapşırıq, "day-day" lazımdı. "Turan" dediklərimdən məhrum istedadlı və potensiallı "yetim"di.
"Turan"ın yerinə hansısa "Səbail" oynayacaq premyer-liqada. Çünki bu klub Rövnəq müəllimin oğlunun oyuncağıdı. Ay Rövnəq müəllim, axı siz normal məntiqlə oğlunuza potensiallı bir yerdə klub yaratmağı məsləhət görməliydiz? Yəni futbolçu baxımdan potensiallı yerdə…
Premyer-liqadakı klubların 90 faizinə AFFA-nın sponsorluq etdiyini hamı bilir. Və hamı onu da bilir ki, bu klubların hamısının futbolçu yetişdirmək potensialı Tovuzdan çox zəifdi. Yəni bu klubların hamısı "Turan"a dəyməz! Tovuzda yüksək səviyyəli futbolun olması elə Azərbaycanda yüksək səviyyəli futbolun olması deməkdi!
Bəs məqsəd nədi? Futbolu inkişaf etdirmək, yoxsa bacardıqca cibləri doldurmaq?.. Təbii ki, ikincisi… "Turan" premyer-liqada oynamayacaqdısa, birinci divizionu niyə udurdu? Bank zəmanətini birinci dəstə klublarından da almaq lazım deyilmi?
Sizi əmin edirəm ki, bankdan zəmanətə-filan ehtiyac yoxdu. Premyer-liqada oynamaq üçün "görüm-baxım" etmək lazımdı…
O zaman sual yaranır ki, 1-ci divizion nəyə və kimə lazımdı? Sadəcə, məhdud sayda adamların "stavka" edib pul qazanması üçün?
Allah sənə rəhmət eləsin, Azərbaycan futbolu…
P.S. Əfsanəvi "Turan"ın qurucusu Vidadi Əhmədov son anda məsələylə bağlı mənə yazdı. Yazdıqlarını heç bir dəyişiklik etmədən sizə təqdim edir və klubun adını böyük hərflərlə qeyd etməsinin diqqətimi xüsusilə çəkdiyini vurğulayıram:
Premyer-liqa TURANın halal haqqıdı. Mən bu haqqı qazandiqlarına görə kollektivin zəhmətini yüksək qiymətləndirirəm…

Fikirlərini bizimlə bölüş!