Azərbaycanın U-20 millisinin baş məşqçisi Rui Jorje dünən Yaponiyanın eyni yaş üzrə komandası ilə yoxlama oyunundan sonra maraqlı açıqlamalar vermişdi. Şəxsən mənim üçün Portuqaliyadan olan birinin Azərbaycan futbolu haqda düşüncələri çox maraqlı idi deyə, açıqlamalarını maraqla oxudum. Oxudum və insanın ruhunu incidən, canını sıxan acı gerçəklərin ağırlığını, ağrısını hiss etdim.
Jorje, yaponlarla əsas vaxtı qolsuz bitən, penalti seriyasında 5:4 hesablı qələbə qazandıqları oyundan sonra futbolçularını tərifləyib. Bütün baş məşqçilərin etdiyi və etməli olduğu kimi. Amma o, eyni zamanda, bunu da deyib:
“Azərbaycanlı futbolçular bütün aspektlərdə avropalılardan geri qalırlar. Biz daha çox, daha çox inkişaf etməliyik”.
Bütün aspektlərdə… Yox, bu portuqaliyalı yoldaş şişirtmir, mübaliğəyə yol vermir. Jorje gerçəyi deyir, Azərbaycan futbolunun gerçəyini. Bizim hamımızın gördüyü, çoxumuzun qəbul etmək istəmədiyi gerçəyi.
Sonra…
U-20 millisinin baş məşqçisi azərbaycanlı futbolçuların kollektiv oyun anlayışının başına necə daş saldıqları haqda da danışır:
“Bura ilk gəldiyim günlə müqayisədə müəyyən fərqli təssəvürlərim var. Bu müddətdə daha çox gördüyüm bir faktor var ki, normalda futbol kollektiv oyundur, amma burada daha çox fərdi oyuna üstünlük verilir. İstəyim odur ki, oyunçular çıxışları zamanı kollektivi düşünsünlər”.
Bax, belə…
Azərbaycanlı futbolçuların avropalılardan bütün aspektlərdə geri qalmasının, kollektiv idman növü olan futbola boks rinqi kimi yanaşmasının səbəbi təkcə infrastruktur, süni örtüklü meydançalar ola bilməz. Mümkün deyil! Hətta bu ölkədə hər kəsin asanlıqla tənqid edə, “yıxıb-sürüyə” biləcəyi qurum olan AFFA da səbəb deyil. Bəlkə də, problem keyfiyyətli insan resursundan tutmuş, qida, sənaye, təhsil, səhiyyə kimi həyat üçün vacib olan bütün sahələrdə Avropadan çox, çox geri qalan Azərbaycanın özündədir. Ya da, “bəlkə”siz, elə belədir…
Rui Jorjeyə isə həqiqətləri dilə gətirdiyi üçün təşəkkür etmək gərəkir. Zaman-zaman Azərbaycanın müxtəlif yaş qrupları üzrə milli komandalarında əcnəbi məşqçilər çalışıb. Əksəriyyəti də yalan danışıb, futbolçularımızı tərifləyib, bizə vədlər verib: “Onu edəcəyik, bunu edəcəyik…” Heç nə etmədən, heç nəyə nail olmadan pulumuzu alıblar, ciblərinə qoyublar, çıxıb gediblər. Jorjeni Azərbaycana gətirən səbəb də puldur. Amma heç olmasa, adam pulumuzu alsa da, üzümüzə yalan demir. Buna da şükür.


Fikirlərini bizimlə bölüş!