Kamran Eyyubovun zənginləşən diplom kolleksiyası

Kamran Eyyubovun zənginləşən diplom kolleksiyası — illüstrasiya

“İmişli”nin prezidenti Kamran Eyyubov başa çatan futbol ilində ekstravaqant addımı ilə seçildi. Eyyubov məşqçi olmaq fikrinə düşüb istəyini reallaşdırdı da. AFFA-nın təşkil etdiyi müvafiq kursa qatılan klub rəsmisi “C” kateqoriyalı lisenziyaya sahibləndi. Bunu “missiya tamamlandı” deyib ictimaiyyətlə bölüşdü.

Bura kimi hər şey bəlkə də əladı. Amma… əmması odur ki, bilə bilmirik Eyyubov hansı məqsədlə diplomu alıb, kabinetdəki idarəetməni niyə meydana, məşqlərə dəyişmək fikrinə düşüb. Bu suallara yəqin ki, özündə də cavab yoxdu. Olsaydı, eşidib bilərdik.

Bu işin bir neçə tərəfi var. Əvvəlcə başlayaq AFFA-dan. Qurum futbol təhsilinin səviyyəsinin yüksəldilməsi, ixtisaslı kadrların hazırlanması məqsədilə müxtəlif məşqçi kursları təşkil edir. Kurslara qatılmaq istəyənlərin sayı o qədər çox olur ki, növbəyə yazılmaq və hələ bir müddət də gözləmək lazım gəlir. Bu kurslara qəbul olmaq son illər təlabatın artması ilə çətinləşib. Amma Kamran Eyyubov belə halla güman ki, üzləşməyib, növbədə gözlədilməyib. Müraciət edən kimi qapılar üzünə açılıb. Görəsən, AFFA-nın müvafiq şöbəsi Eyyubovu kursa qəbul edərkən onun rəhbəri olduğu klubun hansı yaş qrupu üzrə komandasında çalışması ilə maraqlanıb? Ümumiyyətlə, ondan soruşublarmı ki, bu lisenziya nə üçün lazımdı? Biz bilirik. “Mən futbolu bilirəm, diplomum da var” deyib məşqçilərin işinə rahatlıqla qarışmaq üçün…

AFFA-nın saytında qeyd olunur ki, UEFA C lisenziyası kursları modullar ve modullararası praktika həftələri formatında keçirilir və 45 gün davam edir. Bütün UEFA lisenziyaları kurslarında olduğu kimi, UEFA C lisenziyası kurslarında da, iştirakçıların hər biri kurs ərzində müvafiq (U-13-dək) komandada mütəmadi olaraq praktiki məşqlər keçməli, komandanı oyunlara çıxarmalı və işlədiyi komandada görülən fəaliyyətlərə dair yazılı detallı hesabat yaratmalıdır. Mümkünsə, Kamran Eyyubovun hesabatı ictimaiyyətə açıqlansın, baxaq. Bəlkə adam gələcəyin Joze Mourinyosudur!

Son günlər “İmişli”də akademiyada çalışacaq mütəxəssislərlə müqavilələr bağlanılır, yeni əməkdaşlıqlar qurulur. Klub prezidenti mütəxəssis ola-ola niyə kənarda məşqçi axtarılır? Tabeliyindəkilərin işinə qarışan biri qoy özünü işbaşında sübut eləsin, ətrafı da dərs götürsün!

Yox, əgər Kamran Eyyubov işləməyəcəksə, lisenziyanı alıb döşəyin altına qoyacaqsa, diplom kolleksiyasını zənginləşdirəcəksə niyə kateqoriyaya daha çox ehtiyacı olanın qarşısını kəsirdi? Lisenziyanı niyə alırdı? Kaş Eyyubovun yerinə “İmişli” klubunun aşağı yaş qruplarında çalışan layiqli birisi kursa yollanardı. Kursda iştiraka görə klub büdcəsindən ödənilən məbləğ də daha faydalı iş üçün xərclənərdi!

Kamran Eyyubovun zənginləşən diplom kolleksiyası — illüstrasiya

Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!