Əslində, Tahir Süleymanovun “ağ-qaralar”ın vitse-prezidenti postundan növbəti dəfə istefa verməsindən sonra onun geri qayıdacağını gözləyənlər az deyildi. Süleymanovun belə istefaları da, geri dönüşləri də az olmamışdı. Elə buna görə də gözlənilirdi ki, Süleymanov geri qayıdacaq, onun kabinetində, kreslosunda müvəqqəti oturduğunu özü də bilən Mübariz Xudiyevdən otağının açarlarını alacaq.
Unutmayin, bu, “Neftçi”di
Amma unudurduq. Unudurduq ki, bu, “Neftçi”di. Hər an hər şeyin baş verə biləcəyi “Neftçi”. O “Neftçi” ki, Böyükağa Hacıyevin yaxşıca istirahət etməsi üçün (mübaliğə, kinayə yoxdu) Nazim Süleymanovu qısa müddətə baş məşqçi postuna gətirib, “Zəif”in güclənməsindən sonra onunla yollarını ayırmışdı. O “Neftçi” ki, Hacıyevi iki dəfə baş məşqçi postuna oturdub, onunla vidalaşandan sonra ondan əvvəl vidalaşdığı Arif Əsədovu “sükar arxasına” gətirdi. O “Neftçi” ki, nəinki Azərbaycanda, bütün dünyada bu klubdakı qədər istefalar, geri dönüşlər olmayıb.
Kimdi yeni vitse-prezident?
Və “Neftçi” bizi yenə təəccübləndirdi. “Xalq komandası”nın yeni vitse-prezidentinin adı açıqlanan kimi hər kəs bir-birindən soruşurdu: “Axı bu Elnur Məmmədov kimdi?”.
Elnur Məmmədov AFFA-nın İnfrastruktur və İT üzrə direktoru, UEFA-nın Futzal və Çimərlik Futbolu Komitəsinin üzvüdü. Federasiyada bir müddət akademiyanın meneceri qismində çalışıb.
Məmmədov ötən il Bakıda hərbçilər arasında keçirilən 1-ci dünya çempionatının təşkil olunması və keçirilməsini təmin etdiyi üçün müdafiə nazirliyi tərəfindən Fəxri Fərmanla təltif edilib (AFFA-nın baş katibi Elxan Məmmədov və mavini Sərxan Hacıyev də təltif olunmuşdu).
O, həmçinin AÇ-2020-nin təşkilində Bakının namizədliyinin təbliği üzrə yaradılan İşçi Qrupun 7 üzvündən biri olub. Məmmədov bəzi rəsmi beynəlxalq matçlarda fan-klubla iş üzrə əlaqələndirici şəxs rolunu oynayıb, daha dəqiqi, AFFA-nın fan-klublar üzrə koordinatoru olub.
“Neftçi”nin yeni vitse-prezidenti Bakıda keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatının yerli Təşkilat Komitəsinin üzvü və federasiyanın Lisenziyalaşdırma Qrupunun İnfrastuktur meyarları üzrə eksperti postunu da tutub.
Bir sözlə, Elnur Məmmədov AFFA-nın baş katibi Elxan Məmmədovun birbaşa, federasiyanın vitse-prezidenti Elşad Nəsirovun dolayısı ilə adamıdı.
Ramin Musayevin və Sadıq Sadıqovun bu təyinatdan xəbəri yoxdu
Yeni vitse-prezidentin “Neftçi”nin prezidenti Sadıq Sadıqovun iradəsiylə təyinat almadığı dəqiqdi. Tahir Süleymanovun “ağ-qaralar”ın vitse-prezideti təyin olunmasında o vaxt müstəsna xidməti olan PFL-in prezidenti Ramin Musayevin də Elnur Məmmədovun “neftçilər”in ikinci rəsmi şəxsi olmasında əli olmadığı gün kimi aydındı.
Elnur Məmmədovun “Neftçi”yə gəlişini AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov təşkil edib. Onlar AFFA prezidenti Rövnəq Abdullayevə Elnur Məmmədov haqda məlumat veriblər, onu inandırıblar ki, onun təyinatı “Neftçi”də uzun zamandı davam edən başıpozuqluğa son qoya bilər. Abdullayev də vitse-prezidentə və baş katibə inanıb.
Elnur Məmmədovun rolu nə olacaq?
“Sumqayıt”ın prezidenti Kamran Quliyev də Elşad Nəsirovla Elxan Məmmədovun kadrıdı. Elnur Məmmədovun gələcəkdəki futbol funksioneri obrazını gözünüzün önündə canlandırmaq üçün Quliyevi xatırlamağınız kifayət edər. Və işin əslində həm görünən, həm də görünməyən bir tərəfi var: Elşad Nəsirovla Elxan Məmmədov Azərbaycanın iki ən böyük şəhərinin futbolunu ələ keçirdilər sonuncu təyinatla. “Sumqayıt” Sumqayıtın yeganə klubudusa, “Neftçi” Bakının, ümumilikdə ölkənin bir nömrəli klubu sayılır.
Bir müddət sonra Elnur Məmmədov “Neftçi”nin prezidenti olsa, qətiyyən təəccüblənməyin. Çox güman, elə belə də olacaq. Sadıq Sadıqov Ramin Musayevin “Neftçi”yə gətirdiyi Tahir Süleymanovla birtəhər dil tapa bilmişdi. Elnur Məmmədovla isə çətin olacaq. Yeni vitse-prezidentlə Elxan Məmmədovun dilində danışmaq lazımdı ki, o da ancaq ingilis və rus dilində danışır…




Fikirlərini bizimlə bölüş!