“Neftçi”də vəziyyət qarışıqdı. Amma bu, heç də “Sumqayıt”dan alınan məğlubiyyətin şok effekti deyil. Bakılıların dərdi sadəcə, son oyundan sonra hamıya aydın oldu, mərəzin təzahürləri özünü büruzə verdi, proses isə çoxdan gedirdi.
Ötən il Avropa Liqasında “Skenderbeu”ya yenilgi sonun başlanğıcı, komandanın bugünkü durumunun səbəbidi. Albanlarla oyundan sonra artıq “Neftçi”nin qrup mərhələsində oynaması unuduldu. “Dünənə görə çox sağ ol, bu gün nə edirsən?” prinsipi işə düşdü və klub prezidenti Sadıq Sadıqovun qara günləri başladı.
“Neftçi” yeganə klubdu ki, birbaşa dövlət tərəfindən maliyyələşdirilir və bu səbəbdən də hər qəpiyin hesabatını verməlisən. İşlər yaxşı gedəndə problem yoxdu, amma elə ki, problemlər sıralanır, bax, o zaman “nisyə dəftəri”ni açıb qoyurlar stolun üstünə. Paytaxt klubunda da vəziyyət məhz ikinci variantdakı kimidi – yemisən, qəbzini göstər.
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev “Sumqayıt”la oyundakı məğlubiyyətin səbəbkarı kimi özünü irəli verib, yaşca böyük olmasına baxmayaraq, “dədə” dediyi Sadıq Sadıqovu hədəfdən yayındırdı. Eyni zamanda o, sətiraltı eyham vurdu ki, çempionluğun əldən getməsinə razıdı. Əslində, Hacıyev baş məşqçi postuna da belə populist çıxışlarla iz azdırmaq üçün gətirilib. O, danışır, müzakirə açır, baş qatmağa mövzu verir, mətbuatı hansısa açıqlamasının yedəyində getməyə təhrik edir, tənqid olunur, belədə klub rəhbərliyi yaddan çıxır.
Nazim Süleymanov hər gün bir az daha populyarlaşır, nüfuzunu artırır. “Neftçi”dən vaxtında getməklə imicini qoruyan mütəxəssisin gedərkən dedikləri təsdiqləndikcə, xal üstünə xal gəlir, Hacıyevin isə Avroliqada qazandığı, torba tikmələrinə görə azalan nüfuzu bu nəticələrlə, sələfinin dediklərini əməli ilə təsdiqləməklə tükənir.
“Neftçi” ardıcl 4-cü dəfə çempion olmasa, faciə baş verməyəcək. Ancaq iş orasındadı ki, “Neftçi”yə ayrılan pullar məhz zirvə üçün hesablanıb. Ötən yay həmin paralar düzgün istifadə olunmadı, hazırlıq planı səhv tərtib olundu və Albaniyadakı biabırçılıqdan sonra Sadıqovun hovuzuna axan krant bağlandı. Hovuzda olan-qalan “su”yla Melvin Platye başda olmaqla uğursuz transferlər çimizdirildi, İqor Mitreskinin saqqalına həna qoyuldu, amma komandanı gücləndirmədilər. Bu səbəbdən bolluğa öyrəşən “Neftçi”də aclıq başladı.
Davam edən kasıbçılığın nəticəsidi ki, klubun qarnından əcaib səslər gəlməyə başlayıb. Bizdə adam içində belə şeylər ədəbsizlik sayılır. Ona görə də hər dəfə qarından səs gələndə gah bunu hakimlərin, gah PFL-in, gah rəqiblərin, gah da gözəgörünməz qüvvənin üstünə atırlar. Bircə onu demirlər ki, aclıqdı, ona görə qarnımız quruldayır.
“Neftçi”nin “Sumqayıt”a qarşı gənclərlə çıxması təsadüfi deyildi. Klubun vitse-prezidenti Tahir Süleymanovun müsahibələrində tez-tez işlətdiyi ifadənin təkrarı olmasın, burada incə bir məqam var: bakılılar bununla eyham vurmaq istəyirlər ki, Flavinyo, Rəşad Sadiqov oyuna çıxsa, hakimlər onlara növbəti sarı vərəqəni verib “Qarabağ”la növbəti matçı buraxmalarını şərtləndirəcək. Bununla həm də ağdamlıların hakimlərlə əlbir işləmələrinə eyham vurmaq istəyirlər. Axı, Anar Salmanov, Əfqan Həmzəyev, Elçin Məmmədov oyun idarə etmir ki, hər şeyi özləri yoluna qoyalar. İndi “Neftçi”nin çaldığı havaya oynayan hakimlər təmizlənib, bakılılarsa öz gücünə heç nə edə bilmir. Vaxtilə hakimlərlə qara işlər gördüklərindən indi hamının məhz onların prinsipləri ilə hərəkət etdiklərindən şübhələnirlər.
Kluba ayrılan pullar çoxdan yeyildiyindən qışda transfer etmək mümkün olmadı. Süleymanovun tələbi yerinə yetirilmədiyindən o, getməli oldu, Hacıyevin “vahşı cazibəsi” isə artıq əvvəlki kimi deyil, o, ara qarışdırmaqla xal qazana bilmir, Böyükağa bəyi vurduğu qollarla məşqçilər siyahısına salan Nikolas Kanales yoxdu. Arazlar, eminlər, elşənlər də bir işə yaramayınca təslim olmaqdan başqa çarə qalmır. Sadıq Sadıqovdan isə hesabat istəyirlər, xərclənən pulların və göstərilən nəticələrin arasındakı tərs-mütənasibliyin səbəbi araşdırılır. Növbəti turda “Qarabağ”ı da yenmək mümkün olmasa…




Fikirlərini bizimlə bölüş!