Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“Neftçi” Ramin Musayev – Elxan Məmmədov çəkişməsinin qurbanıdı

Hələ Samir Əliyev baş məşqçi olduğu dövrdə "Neftçi" hakimlərin əlindən yanıqlı idi. Haqlı-haqsız iradlar var idi ki, yadınızdadısa, klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşları mübahisəli epizodlarla bağlı video-çarx hazırlayıb yaymışdı. Bundan sonra sanki arı yuvasına çöp uzatdın, Xaqani Məmmədovun hakimləri daha da azğınlaşdı, qərəzli idarəçiliklə "Neftçi"ni sıxmağa başladılar. Bu baxımdan klubun hakim səhvləri-nə etirazını yenidən və daha sərt formada bildirməsini anlayışla qarşılamaq lazımdı.

Maraqlar toqquşanda

Sirr deyil ki, AFFA-da iki güc var və onların maraqları daim toqquşur. Ramin Musayev mühafizəkar, Elxan Məmmədov isə islahatçıdı. Hər iki tərəf xüsusən son vaxtlar nüfuz mübarizəsinə girişib, aşkar şəkildə özünə tərəfdar toplamağa başlayıb. Bir çox klublar, o cümlədən "Neftçi" Elxan Məmmədova yaxın şəxslərin inhisarındadı. Onsuz da "Neftçi"dəki işi ilə öyünən və xələflərinin uğurlarına qısqanc yanaşan PFL-in şefinin baş katibin adamı Elnur Məmmədovu da gözü götürmür. Sirr deyil ki, Hakimlər Komitəsi də PFL-in forpostudu, Xaqani Məmmədov məhz Musayevin "atalıq qayğısı" sayəsində toxunulmazdı. Baxmayaraq ki, komitə bir-başa assosiasiyanın tabeliyindədi. Ancaq bu kağız üzərində belədi. "Rüşvət videosu" ilə bağlı məlum qalmaqaldan da komitə sədrinin "təmiz" çıxması məhz PFL prezidentinin sayəsində mümkün oldu. Bir sözlə, "Neftçi" Ramin Musayev – Elxan Məmmədov çəkişməsinin qurbanıdı.

Əsgər Abdullayev amili

Yazının girişində "Neftçi"nin əleyhinə yönəlik hakim səhvlərinin klubun yaydığı video-çarxdan sonra daha da artdığını bildirdik. Əslində isə Əsgər Abdullayevi baş məşqçi postuna gətirməklə rəhbərlik özü öz "çırağını söndürdü". Musayevin təcrübəli mütəxəssislə ulduzu çoxdan barışmır. Səbəbini hər kəs bilir. Abdullayevin "Olimpik"i 2007-ci ildə 70 illiyini çempionluqla qeyd etməyə hazırlaşan "Neftçi"nin bu arzusunu gözündə qoymuş, həmin vaxt vitse-prezident olan Ramin bəyin dilini "yuxarılar" qarşısında gödək etmiş, nəticədə onun ürəyinə kin toxumu səpmişdi (PFL şefinin "ağ-qaralıların" yeni çalışdırıcısı Vəli Qasımovla da münasibətləri yoxdu – red.). Odu-budu, Musayev hər fürsətdə Əsgər bəyin uğuruna kölgə salır. Yoxsa harda görünüb ki, PFL prezidenti bir klubun baş məşqçisinin işini mətbuat vasitəsilə müzakirə etsin: "Naxçıvana gedən komandaların legionerləri xoş təəssüratlarla qayıdırlar. Azərbaycanın blokadada yaşayan bir bölgəsinin bu qədər gözəl olmasını təqdirəlayiq hal sayırlar. Futbol baxımından isə onu etiraf etmək lazımdı ki, baş məşqçi Əsgər Abdullayev yanlış seçim etdi. O, futbolçu limitinə görə tələsdi. İndi də bu üzdən problemlərlə üzləşiblər və nəticə də yoxdu. Bundan başqa, orda lazımsız futbolçular var. 2-3 oyunçu var ki, onlar komandada olmamalıdı. Bütün bu səbəblər uğursuzluğa gətirib çıxarır".

Halbuki "Araz Naxçıvan"ın uğursuzluğunda və sonda dağılmasında hakim səhvlərinin rolu az olmadı. Naxçıvan təmsilçisi də əleyhinə yönəlik qərarlarla bağlı az qala hər həftə "film" nümayiş etdirirdi.

Vərəqə mənzərəsi

Əslində hər birimiz Əsgər Abdullayevin komandalarında intizamın qaydasında olduğunu bilirik. Ola bilsin, baş məşqçi "evin sirrini çölə çıxarmayıb", hansısa futbolçu (məsələn, Ruslan Qurbanov) ilə münasibətdə loyallıq (qorxaqlıq) nümayiş etdirərək cəza tədbiri görməyib. Ancaq bu qədər də yox da. 24 turda "Neftçi"nin futbolçularına 91 vərəqə göstərilib ki, bu baxımdan paytaxt təmsilçisi hamını qabaqlayır. Orta hesabla hər oyuna 3,8, yuvarlaq götürsək, 4 vərəqə düşür. Qırmızı vərəqələrin sayı isə 8-ə çatır: bu da hər 3 oyunda bir nəfərin meydandan qovulması deməkdi. Sərt qərarlardan altısında haqlı olan ədalət təmsilçiləri ikisində yanılıb.

Çempionatdakı 8 "qırmızı"dan 3-ü Filyonun hesabındadı ki, hakimlər braziliyalıya münasibətdə haqlı davranıb. O, bir dəfə Samir Əliyevi, iki dəfə isə Əsgər Abdullayevi çətin vəziyyətdə qoyub. Oktyabrın 23-də AZAL-la oyunun (1:2) son dəqiqələrində "sonuncu ümid folu"na görə həm meydandan qovulan, həm də penaltiyə səbəb olan müdafiəçi həm fevralın, həm də martın eyni günündə – 5-də "qırmızı" alıb. O, "Rəvan"la matçda ikinci xəbərdarlıqdan sonra qovulmuşdusa, son turda birbaşa vərəqə ilə cəzalandı. Hər iki halda hakimlər haqlı idi.

Əsgər Abdullayev heç olmasa, Filyodan xeyir götürmüşdü. "Sambaçı" onun rəhbərliyi altında 2 dəfə fərqlənərək, komandasına təkbaşına 4 xal qazandırmışdı. Aylton isə 2 dəfə komandanı azlıqda qoyub. Bunun biri Samir Əliyevin vaxtında "Rəvan"la 3:1 bitən oyuna, digəri Əsgər bəyin rəhbərliyi altında "Kəpəz"lə matça (1:1) təsadüf edib. Ədalət naminə qeyd edək ki, hakimlər Ayltona qarşı qərəzli olmayıb. Eləcə də Melli "İnter"lə oyunda "qırmızı"nı haqq edirdi. O, "rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə" meydanı erkən tərk etmişdi.

Bununla belə, Fəhmin Muradbəyli və Cavid İmamverdiyev, yumşaq desək, səhvlərin qurbanı olub. Maraqlıdı ki, hər ikisi üçün "qırmızı işıq" "Zirə" ilə görüşlərdə yandırılıb. Əliyar Ağayevin 7-ci tura təsadüf edən matçdakı yanlış qərarına görə 3 tur təyinat almadığını vurğulayaq. Fariz Yusifov isə 23-cü turda Cavid İmamverdiyevə münasibətdə sərt davrandı ki, sarı vərəqələrdən biri yersiz idi. Sabiq FİFA referisinin ötən turda təyinat almaması da səhvinin təsdiqidi.

Sarı vərəqələrlə bağlı ümumiləşdirilmiş fikir söyləsək, onların da bir çoxu hakim "fantaziyasının" nəticəsidi. 83 "sarı"nın da 20-25 faizini verməmək olardı. Məsələn, Xaqani Məmmədovun yetirmələrində belə bir fikir var ki, Anyete yıxılıbsa, hakimi aldatmağa cəhd edir. Yəni onu simulyant kimi tanıyır, bu cür davranırlar. Halbuki "Sumqayıt"la "Bakcell Arena"dakı görüşdə Cəmil Hacıyev, "Qarabağ"la "Azərsun Arena"da baş tutan matçda isə Bədavi Hüseynov ispan futbolçunu aşkar qol vurmaqdan məhrum edir. Bunu görmək üçün adama heç eynək də lazım deyil.

Mirağa MİRZƏYEV

Fikirlərini bizimlə bölüş!