Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“Neftçi”yə doyunca gülün

Elxan Məmmədov “şkola”sının məzunu Elnur Məmmədovdan sonra baş katibin daha bir “tələbə”si Asif Əliyevin “Neftçi”də çörək tapması kimisi üçün açıq səmada şimşək effekti verdi, kimisi “bu daha ağ oldu” dedi. Kimisi, bəlkə də kimlərsə, bəlkə də minlərlə, milyonlarla insan isə gülür. “Neftçi”yə gülür. Eşidirsiz, “Neftçi”yə gülürlər, ələ salırlar bu komandanı!

Sənə gülürlər, Rövnəq Abdullayev!

Sənə gülürlər, Sadıq Sadıqov!

Sizi ələ salırlar, qəşş edib gülürlər. Gülməkdən gözlərindən axan yaşı silib, bir daha, bir daha gülürlər.

“Neftçi” Azərbaycan futbolunun tarixidi.

Azərbaycan futbolunun tarixi indi məşhur fransız komik aktyoru Lui de Fünesin filmlərindən daha gülməli görünür.

Nə günə qaldın, “Neftçi”… Nə günə qoydular səni. Elxan Məmmədovun qayırdığı (düzəltdiyi) “Sumqayıt” indi “Neftçi”yə baxanda yüz dəfə, min dəfə şükürlüdü.

Azərbaycanın futbol üzrə bütün milli komandaları+”Sumqayıt”+”Neftçi” – indi hamısı Elşad Nəsirovla Elxan Məmmədovun əlindədi.

Yox, yox, vallah, bu adamların qayırıb (düzəldib) ortaya çıxardığı “Sumqayıt” bir zada dərman olsaydı, məsələn, “Qarabağ” kimi bir komanda olsaydı, indi şappıltı səsi eşidirdiz – əl çalmağın yaratdığı şappıltı səsi. Amma “Sumqayıt”ın hansı gündə olduğunu hamı görür axı. Sumqayıt komandasının hansı gündə olduğunu görməmək üçün kor olmaq lazımdı.

“Neftçi”nin Elşad Nəsirov – Elxan Məmmədov tandemi tərəfindən ələ keçirilməsində, əllərinə verilməsində (türkün məsəli) iki variant var. Ya Sadıq Sadıqov PFL-in prezidenti Ramin Musayevlə təkbaşına bacarmayacağını anlayıb (Sadıqovla Musayevin münasibəti qaydasında deyil və “Neftçi” rəsmiləri əmindi ki, PFL prezidenti “Qarabağ”a “stavka” edir), əks cəbhəyə – Nəsirov-Məmmədov birliyinə üz tutub, ya da… Ya da Sadıq Sadıqov AFFA prezidenti Rövnəq Abdullayevə xəyanət yolunu tutub. Çünki artıq uzun zamandı ki, Abdullayevin Elşad Nəsirov və Elxan Məmmədovdan yaxa qurtarmağın yollarını axtardığı söylənilir.

Nəsirovla Məmmədovun “Neftçi”yə öz adamlarını yerləşdirmək üçün uzun zamandı Sadıq Sadıqova təzyiq etdikləri də söylənilir. Məsələn, Bakı klubunun idman mətbuatına olan reklam borcunu aylarla ödəməməsinin arxasında məhz Nəsirovun dayandığı bildirilir. Elşad Nəsirov SOCAR-da mühüm postlardan birini tutur, “Neftçi”yə də pul məhz neft şirkətindən gəlir. “Ağ-qaralar”a SOCAR-dan ayrılan pulun aylarla yubadılması isə mətbuatı Sadıq Sadıqovla, bu klubla üz-üzə qoymağa hesablanıbmış (bu məsələylə bağlı istənilən şəxsə tribuna verməyə hazırıq).

Və nəhayət, Nəsirov – Məmmədov tandemi istəyinə çatıb – “Neftçi” artıq Rövnəq Abdullayevdən, Sadıq Sadıqovdan çox bu iki şəxsə aiddi. Çox güman, Asif Əliyev də (AFFA-nın daha bir vitse-prezidenti Rauf Əliyevin oğlu) Elxan Məmmədov “şkola”sı keçib, “neftçilər”ə təyinat alan sonuncu şəxs olmayacaq.

Elşad Nəsirovla Elxan Məmmədov “Neftçi”dən o vaxt əl çəkəcək ki, Sadıq Sadıqovu da göndərib, öz adamlarını vitse-prezident postunda oturdacaqlar. Əslində, bu, əlçəkmə də olmayacaq, “Neftçi”nin işğalı başa çatacaq.

İndi isə gülün, “Neftçi”yə doyunca gülün!

Uğur

Fikirlərini bizimlə bölüş!