Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Hazırsanmı, «Qarabağ»?

«Qarabağ» darmadağın edir…
«Qarabağ» heç kimə rəhm etmir…
«Qarabağ» rəqiblərini utandırır…
«Qarabağ» FUTBOL oynayır…

Bu komanda haqda indi rahatlıqla istədiyin xoş sözü yaza bilər, tərif etməkdən utanmaya bilərsən. İndi hətta sosial şəbəkədə bu klub haqda oxuduğun «Qarabağ» rəqiblərinə təcavüz edir» ifadəsini də işlətməkdən utanmamalısan. Axı, doğrudan da belədir…
Azərbaycan müstəqilliyi ilə əl sıxışandan bəri xeyli komandanın çempionluğunu görüb. Amma heç bir çempionluq bu cür əzici üstünlüklə, haqqına qazanıldığına şübhə yeri qoymadan olmamışdı.

Mehman Allahverdiyevin «Kəpəz»inin çempionluqlarının dalından içində «əşi, pulla həll olunurdu» söz-söhbətlərinin olduğu vedrə sallanır.
«Şəmkir»in at oynatdığı zamanlarda da «kimin daha çox pulu var, o da çempiondu» deyimi gündəmdə idi.

«Bakı»nın, «İnter»in, «Xəzər Lənkəran»ın, son illərin çempionu «Neftçi»nin qızıl medallarının bir üzü parıldayırdı, bir üzü qapqara idi…
Amma illər sonra «Qarabağ»ın qovuşmağına az qaldığı bu çempionluğundan danışanda «əşi, o komanda bir başqa komanda idi, qabağına keçəni şil-küt edirdi» deyəcəklər. Deyəcəklər, əminəm. Deməlidilər!

Azərbaycan heç vaxt çempionluğu bu qədər haqq edən komanda görməmişdi.

Halalın olsun, «Qarabağ».
Halalın olsun, Qurban Qurbanov.

Sən taleyin işinə bax ki, son illərdə çempionluğa hamını həsrət qoyan «Neftçi» də indi gözünü «Qarabağ»ın ayağına dikib. Hə, məhz ayağına. Məhz Ağdam klubu FUTBOL oynadı, «Bakı»nı, «İnter»i, «Qəbələ»ni «ağ-qaralar»ın yolunun üstündən təmizlədi. Ki, indi «Neftçi» ikinci pillədə olmasına görə nə Böyükağa Hacıyevin olmayan məşqçilik istedadına borcu deyil, nə futbolçularına. Təşəkkür ediləcək biri varsa, o da Qurban Qurbanovdu, «Qarabağ»dı.
«Neftçi»ni bilmirəm, amma biz «Qarabağ»a mütləq təşəkkür etməliyik. Milyonlarla pul xərcləməsinə rəğmən, yerində çabalayan «Xəzər Lənkəran», «Qəbələ», «Bakı» kimi klublarla müqayisədə könülləri oxşayan futbol izlətdiyinə görə. Elə keçən ilin isti yay günlərində Avropa Liqasında tək qalıb, sonadək mübarizə apardığına görə. Kimisi yəhudilər önündə biabır, kimisi də albanlar qarşısında rəzil olmuşdu. «Qarabağ» həmin o günlərdə ölkə futbolunun qoluna qara bağlanmaması üçün mücadilə edirdi…

Bu çempionluq bir başqa çempionluqdu. Bu çempionluğun davamı da bir başqa olmalıdı. Əsl çempionların yer aldığı Çempionlar Liqasında mübarizəyə hazırsanmı, «Qarabağ»? Yanındayıq, səninləyik!

KÜRŞAD

Fikirlərini bizimlə bölüş!